İranda əhalinin sayının artırılması üçün hökumət əməli işə keçdi və qeysəriyyə rəsmən qadağan edildi. Üstəlik, yeni ailə quranlar üçün faizsiz kredit verilməsinə qərar verildi. Azərbaycanda da on minlərlə gənc evsizlikdən ailə qura bilmir, ipoteka kreditləri isə necə deyərlər, cirə ilə verildiyindən hər kəsə çatmır. Bu məsələdə də buzu sındırmaq üçün nəsə etmək olarmı? Tutaq ki, pilot layihə olaraq birinci mərhələdə müharibə əlilləri və məcburi köçkün gənclərə ailə qurmaq üçün 10 milyon dollar həcmində vəsait ayrılar, sonra isə bütün ölkə üzrə bu güzəştlər tətbiq edilər. Ölkə prezidenti də demoqrafik artımla bağlı siyasi iradəsini ortaya qoyubsa bunu gerçəkləşdirmək niyə kimsənin ağlına gəlmir?
Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Moderator.az-a açıqlamasında deyir ki, nə zamansa yeni ailə quranlara faizsiz kredit verilə bilər, amma başqa məqbul variantlar da var:
"Yeni ailə quranlara əlverişli şərtlərlə kredit verilməsi praktikası aktiv demoqrafik siyasət yeritmək istəyən bir sıra ölkələrdə tətbiq olunur. Azərbaycanda ötən il 86852 nikah bağlanıb və 11 730 ailədə isə boşanma qeydə alınıb və ya böşanma səviyyəsi 14 faizə yaxın bir həddə çatıb. Ola bilər, Azərbaydanda da nə vaxtsa yeni ailələrə faizsiz və ya simvolik faizlə kredit vermək praktikası tətbiq ediləcək. Bu, həm gənc ailələrin ayrılmasın qarşının alınmasında, həm də öz potensiallarının dolğun şəkildə reallaşmasında, ailə büdcəsinin rasional xərclənməsində müsbət rol oynaya bilər.Amma gəlin hesablama aparaq: yeni qurulan 86852 ailəyə sadəcə ikiotaqlı mənzil almaqdan ötrü hərəsinə 60 min manat kredit verilsə, bu təkcə pilot layihəyə sizin dediyiniz kimi, 10 milyon manat yox, ildə 5 milyard manatdan artıq pul verilməsi deməkdir. Postsovet məkanın heç bir ölkəsi ildə bu qədər məbləğin qarşında duruş gətirə bilməz.Tədricən buna gəlib çatmaqdan ötrü, fikrimizcə, əvvəlcə mənzilə böyük ehtiyacı olan aztəminatlı təbəqələrə beynəlxalq praktikada tətbiq olunub, özünü yaxşı cəhətdən doğrulda bilən "xalq evləri" tikilməsi və ayda 60-70 manat ödəməklə uzunmüddətli, məsələn 20-25 ildən sonra mənzilin həmin ailəyə qalması variantından istifadə etmək variantını daha məqbul hesab edirəm. Bu variantda sadəcə təkcə yeni ailə quran ailələr yox, məhz mənzilə ehtiyacı olan aztəminatlı yeni ailələr də mənzil ala bilər."
































































































