Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirilib. Özəlləşdirməyə səbəb ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi və bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməklə tütün istehsalına marağın artırılması istiqamətində addım atmaqdır.
Maraqlıdır, yeganə tütün istehsalçısı olan dövlət müəssisəsinin özəlləşdirilməsindən sonra hazırda da baha olan siqaretlərin qiymətləri yenə qalxacaqmı?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, daha çox iqtisadi səmərəsi olmayan müəssisələr özəlləşdirilməyə çıxarılır. “Azərtütün”lə bağlı da belə addımın atılması o sahənin hansısa formada gələcəkdə xarici və ya daxili investorlar vasitəsilə dirçəldilməsi cəhdindən xəbər verir:
MÖVZU İLƏ BAĞLI:
Qəlyan çəkənlərin DİQQƏTİNƏ: QİYMƏT QALXACAQ
“Azərbaycanda son zamanlar hökumətin özəlləşdirmə proqramları ilə bağlı müəyyən addımlar atılması gözlənilir. Bunun siqaretin qiymətinə və ya istehsalına təsiri sonrakı proseslərdə daha aydın görünəcək. Hələlik sadəcə dövlətin əlində olan az əhəmiyyətli və kifayət qədər problemli aktivlərin özəlləşdirilməsindən söhbət gedir”.
Bahalaşmaya gəlincə, ekspert qiymət artımının səbəbini Azərbaycanda istehsal olunan tütün məmulatlarının xammalının 90 faizinin xaricdən gətirilməsi ilə əlaqələndirib:
“Bahalaşmanın əsas səbəbi bununla əlaqədardır. Həmçinin tütün məmulatlarının aksiz dərəcələri son 3 ildə hər il qaldırılır. Yanvar ayında yenə bahalaşacaq. Aksiz dərəcələrinin vergilərinin qaldırılması da siqaret qiymətlərinin artmasına səbəb olur”, -deyə Natiq Cəfərli qeyd edib.
Alçina Amilqızı, Bizim.Media