“Iran ilə ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə İrandan illik idxalın həcmi isə 300 milyon dollardır. Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub:
“İran ilə ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək. İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmamalıdır.
Azərbaycanın illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik”.
MÖVZU İLƏ BAĞLI:
Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ
Deputatın fikirncə, idxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir.
Alçina Amilqızı, Bizim.Media