Sabiq millət vəkili, iş adamı Nizami İsgəndərov sahibi olduğu “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzindəki icarə qiymətlərini qaldırıb. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, nə qədər qəribə də olsa iş adamı bunu qışın gəlişi ilə əlaqələndirib: “N.İsgəndərov elan edib ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq icarədarlar mağazaları qış geyimləri ilə doldurub ki, bu geyim növünün alqı-satqısı onlara daha çox qazanc vəd edir. Bu səbəbdən də iş adamı icarə qiymətlərinin qazanca müvafiq şəkildə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, icarə qiymətlərinin artırılmasında heç bir təəccüblü məqam yoxdur. Sahibkarlar isə hər il müxtəlif bəhanələrlə artırılan icarə qiymətlərinin onların biznesinə ciddi zərbə vurduğu qənaətindədir. Hazırda sabiq millət vəkilinə məxsus obyektlərdə sözün həqiqi mənasında qiyam əhval-ruhiyyəsi müşahidə edilməkdədir. Sahibkarların bir çoxu hesab edir ki, əgər N.İsgəndərov icarə qiymətlərinin artırılması qərarını dəyişməsə, o zaman iş adamına məxsus obyektlərdə çalışmaq maddi baxımdan səmərəsiz məşğuliyyətə çevriləcək. Odur ki, yaxın günlərdə bir çox sahibkarın baş verənlərə etiraz əlaməti olaraq N.İsgəndərova məxsus obyektləri tərk edəcəyi gözlənilir”.


































































































