Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Son vaxtlar sosial şəbəkələrdə bununla bağlı narazılıqlar artıb. Banklar qeyri-rəsmi söhbətlərdə limit göstərişinin Mərkəzi Bankdan gəldiyini bildirirlər. Amma Mərkəzi Bank bu fikirlərlə razılaşmır. Müəyyən təbəqələrdən olan şəxslər dollar alışına limit olduğunu və bəzi istisnalarla 20 min manatdan çox dollar almağın mümkünsüzlüyünü qeyd edirlər.
Maraqlıdır, Azərbaycanda banklardan dollar alınmasının çətinləşdirilməsi nə ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda pul bazası azalıb
Mərkəzin Bankın mətbuat katibi Namiq Əliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, dollar alışına limitin tətbiq edilməsi və bununla əlaqədar elektron sistemin yaradılması Mərkəzi Bankın addımı deyil:
“Biz dəfələrlə bu məsələyə toxunmuşuq. Heç bir məhdudiyyət yoxdur və daxili prosedur məsələsidir. Qanunvericiliyin tələbinə uyğun olaraq banklar tərəfindən aparılan əməliyyatların mahiyyəti, məqsədi və s barədə tələblər mövcuddur. Eyni zamanda, banklar daxili nəzarət sistemlərini, risklərin idarə edilməsi sistemlərini formalaşdırmalıdırlar. Bu, bankların daxili nəzarət sistemlərindən irəli gələn məsələlərdir”.
Namiq Əliyev onu da əlavə edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq nağd əməliyyatlar barədə Mərkəzi Banka məlumatların təqdim edilməsi tələbi mövcuddur:
“Valyuta əməliyyatları ilə bağlı da banklar öz daxili nəzarət sistemlərindən irəli gələrək müvafiq tədbirləri görməlidirlər. Bundan başqa tələb mövcud deyil”.
Alçina Amilqızı, Bizim.Media