Azərbaycanda bank sektorunun əsas problemlərindən biri də vaxtında ödənilməyən, yəni problemli kreditlərdir. Bu cür kreditlər həm banklara, həm də borcalan vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Metbuat.az”-a danışan iqtisadçı Asif İbrahimovun sözlərinə görə, problemli kreditlər adətən hazırkı dönəmdə dünyada baş verən iqtisadi və siyasi proseslər nəticəsində ölkə iqtisadiyyatında özünü biruzə verir.
Ekspertin sözlərinə görə, inflyasiya indeksi artır, insanların cibinə təsir edəcək bir sıra digər faktorlar ortaya çıxır.
İnsanların ödəmə qabiliyyəti aşağı düşür və belə olduğu halda problemli kreditlər yaranır:
“Hər hansı bir kreditin problemli hesab olunması üçün bir sıra mərhələlərdən keçməlidir. Yəni borc götürən uzun müddət ödənişi etmədikdə, bankların özlərində həmin kreditin sinifləndirilməsi aparılır. Adətən, orta hesabla, 60 gündən artıq ödəniş həyata keçirilmədikdə bu, problemli kredit hesab olunur.
Bəzi banklar riskin qarşısını almaq üçün bir neçə gün gecikmə olduqdan sonra dərhal zəng edirlər. Ödəniş yenə həyata keçirilmədikdə müasir bank sistemində SMS göndərilir, zəng vurulur, maraqlanılır. O da nəticə vermədikdə, kredit artıq problemli kreditlər şöbəsinə yönləndirilir. Həmin kredit problemli kredit hesab olunur”.
A.İbrahimov qeyd edib ki, problemli kreditlər xüsusilə insanların ödəmə qabiliyyətləri aşağı düşdüyü halda artır.
Bizim.Media