Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu həftə Avropadan enerji, özü də onun yaşıl rəngində olanı ilə bağlı iki maraqlı xəbər diqqətimi çəkdi.
Bunun birincisi, Çinin BYD şirkətinin ilk dəfə Avropanın elektrikli avtomobil bazarındakı satışlarında ABŞ-nin məşhur “Tesla” markasını üstələməsidir. Çin avtomobil istehsalçısı aprel ayında 7231 elektrik avtomobili, İlon Maskın şirkəti isə 7165 ədəd elektrik avtomobili satıb. Statistik baxımdan elə bir fərq yoxdur, amma əsas məsələ satışlarda göstərilən dinamikadır. Tesla-nın Avropadakı satışları keçən apreldə ötən ilin eyni dövrü ilə müqayisədə 49% azaldığı halda, BYD-nın satışları 169% (!) artıb.
İkinci xəbər isə… Avropa İttifaqında cari ilin 4 ayının açıqlanan statistikasından məlum olub ki, istehsal edilən elektrik enerjisinin 47,3%-i bərpa olunan enerji mənbələrindən (külək, günəş, su, biokütlə) alınıb. Apreldə isə bu göstərici 54% həddinə qədər yüksəlib. Bu, təkcə “yaşıl enerji” üzrə rekord deyil, həmçinin ənənəvi enerji daşıyıcılarının payının ilk dəfə elektrik enerjisi istehsalındakı çəkisinin 30%-dən aşağı düşməsi deməkdir.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə neft hasilatı ARTACAQ?
Qeyd edim ki, Avropa İttifaqı son 4 ildə qazın istehlakını kifayət qədər azaltmağa nail olub.
“Eurostat”ın məlumatına əsasən, əgər 2021-ci ildə Avropanın 27 ölkəsi 412 mlrd kubmetr qaz istehlak etmişdisə, ötən il bu həcmlər 332 mlrd kubmetrə qədər azalıb. Və belə bir göstəricinin əldə edilməsində prinsipiallıq məsələsi önə keçir. Rusiya qazından asılılığı 45%-dən 15%-dək azaldan Avropa hazırda özünün prinsiplərindən uzaq olan Kremlin qazından 2027-ci ildə tam imtina yolundan hələ ki, dönmədiyini nümayiş etdirir.
Azərbaycanın parlayan günəş enerjisi
Bizdə külək enerjisinin potensialı kifayət qədər olsa da, amma hələ ki, günəşin enerjisindən alınan işıq küləyin enerjisindən 23 dəfə çox olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel ayında günəş panelləri vasitəsi ilə Azərbaycanda 130 mln kVtsaata qədər elektrik enerjisi istehsal edilib. Bu dövrdə küləkdən alınan elektrik enerjisinin həcmi isə cəmi 5,6 mln kVtsaat olub. Özü də ötən ilin ilk 4 ayı ilə müqayisədə günəş elektrik stansiyalarında istehsalı 10,7% artırdığımız halda, külək turbinlərindən əldə etdiyimiz enerji 71,6% azalıb.
Bəs niyə belə vəziyyət yaranıb? Yəqin Bakıdan üzü şimala və Qərbə avtomobillə hərəkət edərkən özünüz də müşahidə edirsiniz: nə qədər işləməyən külək turbinləri ilə rastlaşırıq. Onların bir çoxları artıq ömrünü başa vurublar, baxmayaraq ki, istismar müddətləri heç 15 ilə belə çatmayıb. Amma ötən onilliyin ilk illərində neft gəlirlərinin gəlhagəl vaxtında alternativ enerjiyə dövlət pulu ayırırdı, ona məsul olan qurumlar isə rasionallığı düşünməyiblər...
Ona görə də indiki dövranın çağırışları başqadır. Dövlət hökumətə deyir ki, nə edirsən et, amma “yaşıl enerji”ni artıq xəzinənin hesabına yox, özəl yatırımlar hesabına inkişaf etdir. Özəl kapital isə ilk növbədə bazarda başa düşülən və əməl edilən qayda-qanun istəyir. Çünki arzusu odur ki, həm istehsalı artıra bilsin, həm də qoyduğu kapitalı elə vəziyyətdə qaytara bilsin ki, sonda ziyanda olmasın.
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı
Yola saldığımız həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdə olub. İki dost ölkənin nümayəndə heyətləri qarşılıqlı əlaqələrə nəzər salıb və iqtisadi münasibətlərin dərinləşdirilməsi yolunda atılalmalı olan məsələləri müzakirə ediblər. Bu görüşlərin yekunu isə mayın 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatlarla çıxışlarında öz əksini tapıb.
Baş nazir Viktor Orbanın bəyanatında enerjiyə yönəlik maraqlı məqamlar oldu. Belə ki, Macarıstan rəhbəri ölkəsinin çətin siyasi-iqtisadi durumda Rusiya ilə enerji münasibətlərini qoruyub saxlamasını nailiyyət adlandırdı. “Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı”, deyə Viktor Orban vurğuladı.
Daha sonra diqqət Azərbaycanın enerjisi üzərində cəmləşdi. “Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı həyata keçiriləcək.
Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir” fikrini səsləndirməklə cənab Orban Azərbaycanla qaz alqı-satqısını bundan sonra da davam etdirilməsində rəsmi Budapeştin maraqlı olmasını bəyan edib.
Viktor Orbanın daha bir maraqlı bəyanatı “Macarıstanın MVM və digər şirkətlərinin Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər” fikri idi.
Macarıstanın Azərbaycandakı enerji layihələri
Qeyd edim ki, Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz layihələrinə marağı 2019-cu ilin sonlarından başlayıb. Artıq 2020-ci ildə Macarıstanın MOL şirkəti Azərbaycanın ən iri neft yataqları olan “Azəri-Çıraq-Günəşli”də Amerikanın ikinci neft şirkəti sayılan Chevron-dan payını almağa nail oldu, bunun ardınca isə ötən ilin iyununda Macarıstanın enerji şirkəti olan MVM Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” layihəsinə daxil olmağı bacardı. Bu sövdələşmə isə Azərbaycana məxsus “Cənub Qaz Dəhlizi” şirkətindən pay almaq hesabına reallaşdı.
Hazırda Macarıstan şirkətləri Azərbaycanda həm neft hasilatı, həm də qaz hasilatında iştirak edir, həmçinin Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhanda 8,9% paya malikdirlər.
Onu deyim ki, AÇG və “Şahdəniz”dəki paylarına müvafiq əldə etdikləri mənfəət nefti və mənfəət kondensatını Macarıstan şirkətləri bilirsiniz hara daşıyırlar? Bu yataqlardan hasilat sayəsində Macarıstanın həm Slovakiya, həm də Xorvatiyada olan neft emalı zavodlarına xammal tədarük edilir, buna görə də bütün region bu tərəfdaşlıqdan faydalanır.
Macarıstanla yeni neft müqaviləsi
Öz növbəsində Azərbaycan Prezident cənab İlham Əliyev bəyanatında diqqəti energetika sahəsində ölkələrimiz arasında olan uğurlu əməkdaşlığa çəkdi. Daha sonra isə qarşıdakı dövrdə bu əməkdaşlığın inkişafına yönələn maraqlı bir hadisənin anonsunu verdi:
“Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. Gələn ilin əvvəlində növbəti müqavilə imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı”.
Cənab İlham Əliyev bu məsələyə müəyyən aydınlıq gətirərək bəyan edib ki, “Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq”.
“Şamaxı-Qobustan”da neft axtarışı
İndi mən bu məsələni bir qədər ətraflı izah etməyə çalışım. Söhbət ondan gedir ki, Macarıstanın iki şirkəti artıq Azərbaycanın ən iri dəniz yataqlarında səhmdar qismində çıxış edir. Macarıstan tərəfi ötən il Azərbaycanın qurudakı yataqlarında da işləmək niyyətlərini ortaya qoyub və bu məsələ müsbət qarşılanıb. Bəs söhbət hansı şirkətdən gedir və hansı yatağı gözaltı edib?
Onu qeyd edim ki, ötən ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə Macarıstanın “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi arasında görüş keçirilmişdi.
Görüş sonu isə tərəflər arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanmışdı.
“Şamaxı-Qobustan” sahəsi haqqında məlumat azdır, lakin Macarıstan şirkəti yaxşı yekun nəticə gözləyir. Onun Cənubi-Şərq Qobustan hissəsi ən perspektivli ərazilərdən biri hesab olunur. Əgər MOL əlində olan texnoloji imkanlardan maksimum yararlanaraq aparacağı kəşfiyyat işlərində neft taparsa, bu həm onun aktivinə yazılacaq böyük bir uğur ola bilər, həm də müstəqil Azərbaycanda quruda açılmış ilk neft yatağı kimi tariximizə düşər.
Azərbaycanın “Yaşıl enerji” perspektivləri
Daha sonra Azərbaycan Prezidenti çox vacib bir məqama toxunub. Onun sözlərinə görə, Azərbaycan növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal etməyi planlaşdırır. Bunun 500 meqavatı son iki il ərzində artıq yaradılıb. “Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Nəticədə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”, deyə İlham Əliyev bəyan edib.
Yəni Azərbaycanın tərəfdaşları 2030-cu ilə qədər reallaşdıracağı “yaşıl enerji” təkcə ekoloji məsələ deyil, həm də hiss ediləcək həcmdə qazın sərbəstləşən həcmlərinin gündəmə gətirilməsidir ki, onun hesabına neçə ölkənin enerji təhlükəsizliyində Azərbaycanın rolu arta bilər. Həmçinin bu, neftin gətirdiyi gəlirlərin azalmağa doğru getdiyi bir dövrdə Azərbaycan üçün əlavə qazanc mənbəyidir.
Transxəzər yenidən gündəmdə
Mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstandan Avropaya neft ixracının artırılması təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürünü bildirib.
Onun sözlərinə görə, beynəlxalq ekspertlər Transxəzər neft-qaz kəmərinin tikintisi təşəbbüsünü getdikcə daha çox müzakirə edirlər. "Bunlar transmilli əməkdaşlıq tələb edən irimiqyaslı layihələrdir. Ona görə də onların reallaşdırılması potensialının diqqətlə qiymətləndirilməsini və öyrənilməsini vacib hesab edirəm", - deyə o, vurğulayıb.
Maraqlıdır ki, Transxəzər kəmərlər mövzusu bu həftə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə də gündəmə gəlib. Enerji və Təbii Ehtiyatlar Komitəsinin üzvü, senator Stiv Daines Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan ərazisi ilə Avropaya nəqli məsələsi qaldırılıb dövlət katibi Marko Rubiodan layihə ilə bağlı mövqeyini soruşub.
O isə öz növbəsində “Xəzər interkonnektorunu tamamlamaq ABŞ və onun müttəfiqlərinin maraqlarına uyğundur” diplomatik cavabıyla dərinə getməyib.
Çünki məsələnin dərinliyində gərək alıcı və satıcının sövdələşməsi olsun ki, sonra tranzit ölkələrlə razılaşma həyata keçsin. Hansını ki, rəsmi Bakı uzun müddətdir ki, deyir. Özü də sidqi ürəkdən...
Bizim.Media