Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Ötən həftənin ikinci yarısı havalar Azərbaycanda hiss ediləcək dərəcədə soyuyub və dağından tutmuş aranınadək qeyri-stabil hava şəraiti müşahidə edilir. Belə bir şəraitdə diqqətimi çəkən bir məqamı Sizlərlə bölüşmək istərdim.
Gücləndirilmiş iş rejimi
Demək, paytaxta və regionlara qar yağır, termometr gündüzlər müsbət hərarət göstərsə də, amma havanın şiddəti dəfələrlə soyuqdur. Belə bir soyuq hava şəraiti ölkəmizdə 2012-ci ilin yanvar-fevralında müşahidə edilmişdi. Bu ab-havada KİV-i “vərəqlədikcə” gözə sataşan başlıqlar bilirsiniz nə olur? “Azəriqaz”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəhcizat” kimi qurumların gücləndirilmiş iş rejiminə keçmələri. Bir tərəfdən baxanda xoş ovqat yaradır istehlakçılarda, çünki onlarda üzləşə biləcəkləri hansısa qeyri-standart vəziyyətdən sığorta olduqlarına əminlik hissi artır.
Amma idarəçilik nöqteyi nəzərdən götürsək, məsələ belə olmamalıdır – 24 saat işləyən bu qurumların fəaliyyətindəki iş rejiminə sakit və qeyri-stabil hava şəraitinin elə bir təsiri olmamalıdır. Mən demirəm Avropanı və ya uzaq Amerikanı, heç Rusiyada belə bu cür hallarda bizlərdəki xəbər başlıqlarına bənzər məlumatlar yer alırmı? Amma soyuq və ya həddən ziyadə istilər olanda onların analoji qurumları bilirsiniz hansı xəbərləri cəmiyyətlə bölüşürlər? Enerjinin sərfiyyatı nə qədər artıb, hansı bölgələr, şəhərlər daha çox istehlakı artırıblar və sair.
Təəssüf ki, yuxarıda adını çəkdiyim enerjiyə aid qurumlarda Azərbaycan istehlakçısını məlumatlandırmaqla bağlı belə bir praktika yoxdur, nəticədə gündəmə “gücləndirilmiş iş rejimi” deyilən şablon ifadələr gəlir.
Dəyişən siyasi ab-hava
Amma dünyanın ab-havası artıq bir həftədir ki, tam başqa bir haldadır. Siyasi havanı deyirəm. Özü də məcrasından necə çıxıbsa, heç kəs cürət edib proqnozunu belə vermir. Bir sözlə, Tramp və onun komandası həqiqətən dünyanı qatıb bir-birinə. Mən Mühneh Təhlükəsizlik Konfransında ABŞ-nin 40 yaşlı vitse prezidenti Cey Di Vensin Qoca Qitənin liderlərinə ünvanlandığı “ağıllı məsləhətləri” yeni dünya düzəninin başlanğıcı hesab etməsəm də, amma əminliklə indiyə qədər olan düzənin dağılmasının başlanğıcı kimi qiymətləndirirəm.
Məhz Münhendəki o çıxışdan sonra aydın oldu ki, Vaşinqtonla Brüsselin nəinki gələcək baxışları, heç indiki yolları belə üst-üstə düşmür. Və ötən bir həftə illər uzunu paralel gedilən o yolların nə qədər ayrılığını göstərdi. Bu həftə Ər-Riyadda baş tutan Amerika-Rusiya danışıqları isə gündəmi elə dəyişir ki, ABŞ-ın təkcə “Rusiyanı təcavüzkar kimi tanımaması istəyi” dünyanı alt-üst etmək qədər təəccüblü gəlir.
Nəticə etibarı ilə qısa müddətdə baş verənlərin şiddəti kifayət qədər böyükdür və inanmıram ki, hansısa “siyasi transformatoru” işə salmaqla stabil bir ünsiyyəti əldə etmək mümkün olsun. Ən azından yaxın aylarda.
Bizim qazımızın statistikası
Bu həftə ötən il üzrə Azərbaycan iqtisadiyyatına dair vacib bir hesabat açıqlandı. Söhbət Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinə dair” illik bülletenindən gedir. Onun vacibliyi onunla vurğulanır ki, burada hansı ölkəyə nə qədər mal satmışıq, hansı ölkədən nə ixrac etmişik - məlumatlar mal qrupları, ölkələr üzrə çeşidlənmiş şəkildə təqdim olunur.
Beləliklə başlayaq təbii qaza dair məlumatlardan. Burada göstərilən məlumata əsasən, Azərbaycan 2024-cü ildə 25 mlrd 772,2 mln kubmetrdən bir qədər çox təbii qaz ixrac edib ki, bunun da dəyəri 8 mlrd 406,7 milyon dollar olub. Bu məlumatlardan çıxış edərək hesablaya bilərik ki, Azərbaycan orta hesabla qazın 1000 kubmetrini 326 dollar 19 sentə satıb. Onu deyim ki, bəyan edilmiş müqavilələr üzrə qiymət qənaətbəxşdir. Çünki bu qiymət faktiki Avropada olan orta illik qiymətə yaxın bir göstəricidir. Azərbaycan isə ixrac qazının yalnız yarısını Avropada satır.
İndi baxaq görək Gömrük orqanlarında bəyan edilmiş müqavilələr əsasında ixrac edilmiş qaz həcmləri sayğac göstəricilərinə əsasən ixrac həcmlərindən nə qədər fərqlənir. Bunu yoxlamaq üçün isə Dövlət Statistika Komitəsinin 2025-ci il yanvar ayı üzrə aylıq hesabatında 62-ci cədvələ nəzər yetirməliyik, hansında ki, “2024-cü ildə ixrac olunan mühüm növ məhsullar” yer alıb.
Burada SOCAR-ın və konsorsiumların təqdim etdikləri faktiki ixrac məlumatları əsasında göstərilib ki, ötən il Azərbaycan xarici bazarlarda 26 mlrd 85,5 mln kubmetr qaz satıb. Onun dəyəri isə 8 mlrd 521,9 mln dollar təşkil edib. Bu məlumatlardan çıxış etsək, Azərbaycanın 1000 kubmetr qazının orta ixrac qiyməti 326 dollar 69 sent olub.
Yəni bəyan edilmiş qaz həcmləri faktiki ixracdan 313,3 milyon kubmetr az olub. Dəyər ifadəsində isə cüzi bir fərq yaranıb ki, bu da həcmlərin tam uçotunun aparılmamasından qaynaqlanır, yəni sırf mühasibat məsələsidir. Bu məsələdə ümumən bir problem yoxdur.
Neçə ölkəyə qaz ixrac edirik?
Amma qazın ölkələr üzrə çeşidinə baxanda burada təəcüblənməyə bilmirsən. Niyə? İndi izah edim. Xarici ticarət əlaqələrinə dair bülletendə göstərilir ki, Azərbaycan ötən il cəmi 6 ölkəyə qaz ixrac edib: Gürcüstan, Türkiyə və 4 Avropa ölkəsi: Yunanıstan, Bolqarıstan, İtaliya və Serbiya.
Maraqlıdır ki, Azərbaycan Dövlət Neft Şirkətinin 2 dekabr 2024-cü il tarixli press-relizində Slovakiyaya qaz təhcizatına başlanılması bildirilməklə yanaşı Azərbaycan qazının alıcısı olan ölkələrin adları da açıqlanıb. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub. Özü də Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya məhz Azərbaycan qazını 2024-cü ildə almağa başlayıblar. Bəs elə isə nədən onların aldıqları qaz həcmləri gömrük statistikasında yer almayıb? Bəs o ölkələrə nə qədər qaz ixrac edilib?
Yenə müraciət edək “Xarici ticarət əlaqələrinə dair bülletenə”. Burada görürük ki, Avropada qaz satışı təqribən 12,7 milyard kubmetr təşkil edib. Energetika nazirliyinin saytında isə Avropada qaz satışı həcmlərinin ötən il üzrə 12,9 mlrd kubmetr həcmində olduğu göstərilir. Demək, həmin 4 ölkə 200 milyon kubmetr ətrafında qaz alıblar. Və aydınlaşdırdıq ki, qaz məsələləri üzrə ümumən hansısa mürəkkəblik mövcud deyil, sadəcə gömrük işini rəqəmsal dünya ilə daha da ayaqlaşdırmalıdır.
Yeni neft tariximizdəki yubiley
Neftə gəldikdə isə... bu dəfə onun statistikası üzərində dayanmaq fikrim yoxdur, çünki yubiley tarixli və ölkəmizin neft həyatında iz buraxmış bir hadisə baş verib.
Bu həftə “əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından sonra ikinci hasilat platforması olan “Mərkəzi Azəri”dən ilk neftin əldə olumasının 20 illiyi tamam oldu. 18 fevral 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev yeni inşa olunmuş "Mərkəzi Azəri" hasilat, qazma və yaşayış platformasına gedərək “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsinin başlandığını simvolizə edən ilk neftin əldə olunması ilə bağlı rəsmi tədbirdə iştirak edib.
Prezident o zaman bu hadisənin əhəmiyyətinə toxunaraq bildirmişdi ki, "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar təxirə salınmadan həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyir”.
AÇG-nin tam miqayslı işlənməsinin ilk fazası üzrə müqavilə isə 2001-ci il avqustun 30-da Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirdə imzalanmışdı.
O zaman verilən məlumata görə, Faza-1 layihəsi çərçivəsində tikiləcək platformadan istismar müddəti dövründə 1,425 milyard barel və ya 193 milyon ton neft çıxarılmalı idi. Layihənin operatoru “bp-Azerbaijan” şirkətinin bu həftə açıqladığı məlumata görə, hasilat başlayan gündən, yəni 20 ildə “Mərkəzi Azəri” platformasından ümumilikdə 152 milyon ton və ya 1,1 milyard barel “qara qızıl” çıxarılıb. Yəni ilkin qiymətləndirmə ehtiyatlarının artıq 78,7% -i hasil edilib.
Amma “Mərkəzi Azəri”nin indiki məhsuldarlığına diqqət yetirsək görərik ki, onun potensialı kifayət qədərdir və müqavilə müddəti bitənədək, yəni 2050-ci ilədək onun neft istehsal etmək imkanı var.
Qeyd edim ki, “Mərkəzi Azəri” AÇG-dəki bütün platformalar arasında ən yüksək hasilat göstəcisinə malikdir. Ötən ilin yekunlarına görə, “Mərkəzi Azəri” 97 min barel orta günlük hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlaya bilib.
İndi diqqətinizi bu platforma üzrə başqa bir məqama çəkmək istərdim. “Mərkəzi Azəri” platformasının məhsuldarlığı və ona çəkilən xərclərin özünü nə dərəcədə doğrultması məsələsinə.
Bunun üçün “Mərkəzi Azəri” platformasında hasilatın dimanikasına baxmaq lazımdır. Platformada hasilat 2005-ci ildən başlayandan sonra onun pik dövrü 2007-ci ilə təsadüf edir. Həmin il orta günlük hasilat 244 min barelə çatır. Bundan sonra hasilatın tədricən azalması başlayır. Amma ötən ilin yekunlarına görə, konsorsium iştirakçıları AÇG-nin Çıraqdan sonra ən yaşlı platformasında orta günlük hasilatı min barel artırmağa müvəffəq olublar. Bu da platformanın əhatə etdiyi layların məhsuldarlığına işarə edən amildir.
“Mərkəzi Azəri”nin rentabelliyi
İkinci bir məsələ təbii ki, kommersiya baxımından bu platformaya çəkilən xərclərin özünü nə qədər doğrultmasına bağlıdır. Layihə reallaşdırılan zaman “Mərkəzi Azəri” platformasının tikinti xərcləri 2,74 mlrd dollar, quyuların qazılması isə 660 milyon dollar. Daha 700 milyon dollar isə material və avadanlıqların Bakıya daşınmasına xərclənib. Fikir verirsinizmi, o zaman yerli istehsal çox zəif olduğundan xarici şirkətlər avadanlıqların əsas hissəsini xaricdəki istehsal sahələrində tikir və sonra Azərbaycana gətirərək burada yığırdılar.
Beləliklə, “Mərkəzi Azəri” layihəsinə ümumilikdə 4,1 mlrd dollar vəsait xərclənib. Əgər BP şirkətinin 2005-2024-cü illərdə dünya enerji sektoruna dair statistikasından çıxış etsək, onda Brent markalı neftin orta qiymətinin təqribən 76,5 dollar olduğunu aşkar edərik. Demək, nəqliyyat xərcləri çıxılmaq şərti ilə “Mərkəzi Azəri” platformasından dünya bazarlarına göndərdiyimizin neft Azərbaycan və tərəfdaşlarına ümumilikdə 77,5 milyarddan çox qazanc gətirib. Yəni ona çəkilmiş xərcləri təqribən 19 dəfə qarşılayıb. Hələ qarşıdakı illərdə çıxarılan həcmləri də nəzərə alsaq, onun Azərbaycan üçün nə qədər xeyirli, uğurlu bir layihə olduğunu, ümumən isə “Əsrin müqaviləsi”nin ölkəmiz üçün açdığı imkanların miqyasını görə bilərik.
Bu yerdə isə “Azəri-Çıraq-Günəşli” layihəsinin 2050-ci ilə qədər uzadılması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi bir fikri xatırlatmaq istərdim: Biz heç kimdən asılı deyilik., öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız ilk növbədə iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin müqaviləsi” yaratdı”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:40 / 24.02.2025
Azərbaycanın ötən il qaz ixracından qazandığı VƏSAİT – ARAŞDIRMA
Hazırda oxunan: Azərbaycanın ötən il qaz ixracından qazandığı VƏSAİT – ARAŞDIRMA
Hazırda oxunan: Azərbaycanın ötən il qaz ixracından qazandığı VƏSAİT – ARAŞDIRMA
236241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.