Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Bu da müəyyən naratlıq doğurur. Çünki hazırda Dövlət Büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır.
Son zamanlarsa Brend markalı neftin bir barelinin qiyməti 80 dollar ətrafında satılır. Bu da kifayət qədər riskli zonadır. Üstəlik, neft hasilatı da ilbəil azalır. Bu səbəbə görə də neftdən daxilolmalar da zəifləyir. Məsələn, 2022-ci ildə neftdən gələn gəlir ilk 6 ayda 9,4, 2023-cü ilin eyni dövründə 7.8, 2024-cü ilin arxada qalan 6 ayında isə cəmi 7 milyard dollar olub. Daha bir ürəkaçmayan fakt ondan ibarətdir ki, son iki ildə dollara olan tələbat 2 dəfə artıb.
MÖVZU İLƏ BAĞLI:
Dollar 2 manat olacaq? – AÇIQLAMA
Məsələn 2022-ci ilin birinci yarısında 104,9, 2023-cü ilin eyni dövründə 93, 2024-cü ilin yarısında isə 200 milyon dollar satılıb.
Bundan başqa, 2022-ci ildə cari əməliyyatlar hesabının profisti 23,5 milyard dollar olduğu halda, 2023-cü ildə 8,3 milyard dollara düşüb. Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, son bir ildə tədiyə balansının cari əməliyyatlar hesabının profistində 2,8 dəfə azalma var. Milli valyutanın məzənnəsinə təsir edən əsas amil tədiyə balansı olsa da, digər vacib amillərdə də ciddi dəyişikliklər var. Son 3 ildə milli valyutanın məzənnəsinə təsir edən bu amillərə nəzər salsaq, açıq şəkildə görərik ki, ciddi azalmalar var.
Dollar bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov qeyd edib ki, dünya valyutalarının məzənnəsinin formalaşmasında əsas şərtlərdən biri idxal-ixrac əməliyyatlarındakı balansın səviyyəsi və eləcə də ölkənin iqtisadi dayanıqlılığıdır:
“Nəzərə alaq ki, Azərbaycanın neftdən asılılığı yüksəkdir. İndiki vəziyyətdə də neftin qiymətində nisbi sabitlik olsa da arzuolunan səviyyədə deyil. Ona görə də büdcə xərclərində neftin qiymətini diversifikasiya olunmuş səviyyədə saxlayırıq ki, hər hansı bir təhlükə yaranmasın. Təsadüfi deyil ki, bu ilin birinci yarısında büdcəmizdə 4 milyardlıq profisid yarada bilmişik.
Bununla belə, neft gəlirləri ilbəil azalır. Bunun da tək səbəbi hasilatın azalması və neft qiymətinin aşağı düşməsidir. Hər bir halda neftdən daxilolmalar azalsa da, profisid var. Bu da manatın dayanıqlı olmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanın kifayət qədər çox valyuta ehtiyatı var”.
“Dollar bu tarixədək sabit qalacaq”
Fuad İbrahimov onu da qeyd edib ki, dövlət büdcəsi və onun xərclər hissəsi ilbəil böyüyür, xərclərimiz artır:
“Bununla belə Mərkəzi Bank çox ehtiyatlı pul-kredit siyasəti həyata keçirir. Məhz bu səbəbə görə deyə bilərik ki, bu ilin sonuna və 2025-ci ilin birinci yarısında manatın məzənnəsi sabit qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media