Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq iyunun sonuncu həftəsi də arxada qalır. Cari ilin ilk yarısı Azərbaycanın ixrac etdiyi enerji daşıyıcıları üçün qlobal bazarda qiymətlər proqnozları üstələdi və bu baxımdan daha yüksək qiymətlər azalan neft həcmlərimizdən əldə edilən gəlirlərin bir hissəsini qarşılaya bildi.
Neft qiymətləri
Həftənin son günü Azərbaycan öz neftinin bir barelini CİF müqavilələri (yəni neftin ixrac terminalında tankerə yüklənməsi, alıcıya yaxın terminala çatdırılması və bu müddətdə daşınan neft həcmlərinin sığorta xərclərinin ödənilməsi) üzrə 88 dollar 65 sentə sata bildi. Bundan əvvəlki partiya 35 sent bahasına satılmışdı. Həftənin əvvəlində isə “Azeri Light” markalı neft bazar iştirakçıları tərəfindən 88,58 dollar dəyərində qiymətləndirilmişdi.
Ümumilikdə götürsək, iyun ayının ilk həftəsini çıxmaq şərti ilə Azərbaycan nefti 85 dollardan baha qiymətə satılıb.
Hökumətin açıqladığı rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 dollara bərabər olmuşdu. Yəni cari il üçün Azərbaycan neftinin orta ixrac qiymətindən (bir bareli 60 dollar) kifayət qədər baha satılır. Hətta bu ay Azərbaycanın dövlət büdcəsinin parametrlərinə edilən dəyişiklikdən sonra (neftin bir barelinin orta ixrac qiyməti 75 dollar səviyyəsində müəyyənləşdirilib) olan qiymətləri belə hazırda 17-18% üstələyir. Bu isə hökumətə imkan verir ki, həm büdcə xərclərini müəyyən qədər artırsın, həm də ölkənin sosial-iqtisadi inkişafı yönümündə işləri sürətləndirsin.
Neft və siyasət
Bu həftə Qərbdən rəsmi Bakıya enerji əməkdaşlığından məmnunluqla bağlı mesajlar gəldi. ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ölkəsinin Müstəqillik Gününə həsr olunmuş tədbirdə bəyan edib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verib.
"ABŞ-Azərbaycan enerji əməkdaşlığının başlanğıcında rəsmi Vaşinqton Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, eləcə də Cənub Qaz Dəhlizinin konsepsiyası, tikintisi və həyata keçirilməsinə mühüm dəstək verib. Bu layihələr bizim gözəl birgə nailiyyətlərimizdəndir. Bizim tərəfdaşlığımız olmasaydı, bu enerji infrastrukturu mövcud olmazdı və Avropanın enerji təhlükəsizliyi aşağı olardı", - deyə diplomat vurğulayıb.
Səfir qeyd edib ki, bu gün biz iki ölkə arasında enerji sektorunda münasibətlərdə güclü, strateji əhəmiyyətli transformasiyaların şahidi oluruq.
Onu qeyd edim ki, elə rəsmi Bakı da bu deyilənləri unutmur və vaxtaşırı bununla bağlı yüksək kürsülərdən olub keçənləri və hazırda yaşananları xatırladır. İyunun əvvəlində Bakı Enerji Həftəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evə və Avropa İttifaqına Azərbaycanın iri enerji layihələrinin reallaşmasında göstərdikləri səylərə görə minnətdarlığını ifadə etmişdi.
Yaşıl enerjinin təsiri
Hökumətin açıqladığı rəsmi məlumatlardan agah oluruq ki, yaşıl enerji artıq Azərbaycanın ənənəvi enerjisindən daxili bazarda istifadəyə müsbət mənada təsir göstərməyə başlayıb.
Müasir elektrik enerjisi tariximizin bir önəmli hadisəsi də odur ki, qazdan alınan elektrik enerjisinin xüsusi çəkisinin artıq azalmağa başlayıb. Azərbaycan Energetika Nazirliyinin açıqladığı məlumatları təhlil etdikdə görmək olur ki, istilik elektrik stansiyalarının ümumi enerji istehsalında payı artıq 86,2% təşkil edib. Əvvəllər bu göstərici 93-94 faiz ətrafında idi.
Buna səbəb isə suyun və günəşin enerjisinin elektrikə çevrilməsi hesabına Azərbaycanın artıq enerji istehsalını artırmasıdır. Cari ilin 5 ayında ölkəmizdə günəş elektrik stansiyalarında istehsal 8 dəfə artım nümayiş etdirib.Bunun səbəbi Qaradağ rayonunda ötən ilin oktyabrında istismara verilən ilk iri günəş elektrik stansiyası olub.
Bundan əlavə su elektrik stansiyalarında yanvar-may aylarında keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt/st daha çox elektrik enerjisi istehsal edilib.
Həmçinin açıqlanan statistikadan o da məlum olur ki, 5 ayın nəticələrinə görə, Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 %-ə yüksəlib. Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü artıq 1748,6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 %-ni təşkil edir.
Azərbaycanın bərpa olunan və alternativ enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin həcmləri bundan sonra həm işğaldan azad edilmiş bölgələrimizdə, həm də ölkəmizin digər yerlərində yeni-yeni stansiyalar istismara verildikcə artacaq. Təkcə 2027-ci ilə qədər Azərbaycan günəş və külək enerjisi üzrə 1870 MVt gücə malik stansiyaları istismar verməyə hazırlaşır.
Demək, Azərbaycan COP29-a sadəcə bir beynəlxalq tədbirə ev sahibi qismində yanaşmır, rəsmi Bakı ölkəmizə təşrif buyuracaq ölkələrə əməlini işi ilə göstərəcək bir ölkə kimi arenaya çıxmaq niyyətini ortaya qoyur.
Dəyişən SOCAR
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 2021-ci ildən başlayan dəyişikliklər təkcə onun strukturuna təsir etməyib, həm də 2035-ci ilə qədər dövrü əhatə edən strategiyasına uyğun olaraq şirkətin fəaliyyətindəki yeni istiqamətləri də üzə çıxarmağa başlayıb.
SOCAR neft-qaz şirkətindən bərpa olunan enerji mənbələrini özündə birləşdirən universal enerji korporasiyasına çevrilmək üçün fəal işləyir. Bunu iyunun 27-də “Bakı İnvestisiya Günü”ndə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bəyan edib.
“Şirkət Azərbaycanın və ölkə tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün neft və qaz hasilatını davam etdirir, ancaq bunu davamlı inkişafı nəzərə alaraq həyata keçirir”, - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR investisiya və satınalma qərarlarından başlayaraq bütün proseslərində karbonsuzlaşdırma və atmosferə tullantıların azaldılması yolunda addımlar atır.
Xatırladaq ki, SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşularaq 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi kimi öhdəliklər götürüb.
Bundan əlavə SOCAR iyunun əvvəlində tarixində ilk dəfə olaraq “yaşıl enerji” layihələrinə rəsmən qoşulub. Söhbət BƏƏ-nin “Masdar” şirkəti ilə birgə Azərbaycanda həyata keçiriləcək 2 günəş elektrik stansiyasının və bir külək elektrik stansiyasının tikintisi və istismarı layihələrindən gedir.
SOCAR-ın qazancı
Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti 2023-cü ilin audit edilmiş maliyyə göstəricilərini ictimaiyyət üçün açıqlayıb.
Açıqlanan hesabatda qeyd edilir ki, qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən dəyişkənliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.
Hesabata əsasən, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da illik müqayisədə 7 milyard 351 milyon manat və ya 4.5 dəfə azalma deməkdir.
Ötən il şirkətin ümumi aktivləri 2022-ci ildəki 80,835 milyard manatla müqayisədə 11 faiz azalaraq 71,966 milyard manata düşüb.
Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4 % artımla 49 milyard manata, cəmi kapitalı 4,5 % artaraq 34,8 milyard manata yüksəlib.
SOCAR-ın dövriyyə aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 31,4 faiz azalaraq 22,933 milyard manat olub. 31 dekabr 2022-ci ilə olan vəziyyətə əsasən, şirkətin toplam dövriyyə aktivləri 33,431 milyard manat təşkil etmişdi.
Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4 % azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3 % azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9 % azalaraq 37,1 milyard manat təşkil edib.
Əməkdaşlıq sazişləri
Bu həftə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Almaniyanın VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Məlumata görə, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan Anlaşma Memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.
Sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.
Şuşada ilk stasionar YDM
“SOCAR Petroleum” QSC üçün Şuşada daimi əsasda fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi üçün yer ayrılıb və artıq tikinti işlərinə başlanıb. Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.
Görülən işlər barədə məlumat verən Kərimov qeyd edib ki, Şuşada, həmçinin “Azpetrol” şirkətinin modul tipli yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir.
Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.
Bizim.Media