Xəbər verdiyimiz kimi Azərbaycan əhalisinin sahib olduğu avtomobillərin təmirinə xərclədiyi vəsait rekord səviyyəyə yüksəlib.
Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət üçün xərclənən məbləği 2023-cü ildə 559 milyon manata çatıb. Nəzərə alaq ki, 2022-ci ildə əhali bu məqsədlə 448 milyon manat pul xərcləmişdi.
MÖVZU İLƏ BAĞLI:
Avtomobillərin utilizasiya haqqı TƏSDİQLƏNDİ - MƏBLƏĞ
Son bir il ərzində əhalinin nəqliyyat vasitələrinin təmirinə xərclədiyi vəsaitin həcmi 111 milyon manat artıb.
Müqayisə üçün bildirək ki, sözügedən xidmətlərlə əlaqədar əhalinin xərcləri 2021-ci ildə 378 milyon manat, 2020-ci ildə 350 milyon manat idi. Nəzərə alaq ki, elan edilən rəqəmlər ancaq rəsmi mənbələrə istinadən verilib.
Bu da o deməkdir ki, sığortadankənar təmir xərcləri də mövcuddur. Belə olan halda, təmir xərclərinin daha çox olduğunu təxmin etmək çətin deyil.
“Təmirə xərclənən vəsait yeni avtomobillərin alışına çəkilən xərc qədərdir”
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, əvvəlki illə müqayisədə təmir xərclərinin 100 milyon manat artığı deyilir:
“Amma bu tam reallığı əks etdirmir. Çünki həm avtomobil sahibləri, həm də təmirçilər öz xərc və gəlirlərini tam bəyan etmirlər. Yayılan statistika da təbii ki, rəsmi qeydiyyata düşən xərclərdir. Ola bilsin ki, 559 milyon manata sırf sığortadan ödənilən vəsaitdir. Reallıqda isə avtomobillərə çəkilən xərclər bundan ən azı 2 dəfə çoxdur.
Nəzərə alaq ki, 2023-cü ildə ölkəmizə 1,5 milyard manatlıq yeni avtomobil gətirilib. Bu da o deməkdir ki, yeni avtomobillərə xərclənən vəsait köhnə avtomobillərin təmirinə xərclənən vəsaitlə eynidir”.
Fuad İbrahimov qeyd edib ki, hazırda ölkəmizin avtoparkının 70 faizdən çoxunu 10 ildən artıq istehsal tarixi olan avtomobillər təşkil edir:
“Bu da o deməkdir ki, istər ətraf mühitə ziyan nöqteyi0nəzərindən, istərsə də amartizasiya xərclərinə görə ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. Etiraf edək ki, hər bir azərbaycanlının sonsuz avtomobil sevgisi var. Ona görə də yeni avtomobilə gücü çatmayan soydaşlarımız bir qayda olaraq köhnə avtomobilləri yenidən “yığdırırlar”. Bəlkə də elə buna görədir ki, Azərbaycanda “avtomobil qəbiristanlığı” yoxdur.
İnsanlar köhnə avtomobillərə dönə-dönə xərc çəkir, onu istismara yararlı vəziyyətə gətirməyə çalışırlar. Ən sonda isə işə yaramayan avtomobili “zapçast” kimi satırlar. Yəni əldən düşmüş heç bir avtomobil çölə atılmır. Bu fakt onu göstərir ki, ölkəmizdə utilizasiya prosesinə qoşulma könüllü olmayacaq. Yəqin ki, bu məsələdə bəzi addımların atılması zərurətə çevriləcək”.
Müsahibimiz hesab edir ki, bu məsələdə xüsusi proqramlar hazırlansa, yaxşı olar:
“Yeni avtomobillərə əlçatanlıq imkanları yaradılmalıdır. Dayanıqlı əmək haqqı alan vətəndaşların sayı artırılmalı, kredit şərtləri yüngülləşdirilməlidir. Yalnız bu halda insanlarda utilizasiyaya maraq artacaq. Əks təqdirdə heç kim köhnə avtomobilini gətirib utilizasiyaya verməyəcək. İkinci əl avtomobillərin daha qeyri-sərfəli və yeni avtomobillərin daha əlçatan olacağı təqdirdə, utilizasiya prosesi sürətlənəcək”.
Surxay Atakişiyev, Bizim.Media