Qaz qiymətlərində artım, özbək nazirin “Şahdəniz” mesajı... – İlham Şabanın ŞƏRHİNDƏ 

Qaz qiymətlərində artım, özbək nazirin “Şahdəniz” mesajı... – İlham Şabanın ŞƏRHİNDƏ 

Hazırda oxunan: Qaz qiymətlərində artım, özbək nazirin “Şahdəniz” mesajı... – İlham Şabanın ŞƏRHİNDƏ 

193965

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Yola saldığımız həftə istər qlobal bazarlarda, istərsə də Azərbaycanın enerji layihələri ilə bağlı maraq doğuracaq hadisələrlə yadda qaldı.

Qlobal bazarlar

Ümumən enerji bazarları əvvəllər olduğu kimi yenə də siyasi, iqtisadi və hərbi gərginlik şəraitində irəliləmək məcburiyyətində idi. Nəticədə gərginlik dalğası həftə ərzində neft qiymətlərini 81 dollara qədər ucuzlaşdırdı, qaz qiymətlərini isə Avropa bazarında son 5 ayda ən yüksək həddə - 400 dollardan baha həddə çatdırdı.

Neft bazarında baş verənlərin əsas səbəbi bazar iştirakçılarının iyunun 1-də OPEC+ çərçivəsində keçiriləcək görüş zamanı təşkilat üzvlərinin hasilatın bir daha azaldılması ilə razılaşmayacaqları haqda sızan məlumatlardır.

Qazın il ərzində ilk dəfə olaraq 400 dollar həddini aşması isə Avropa İttifaqının Rusiya qazının idxalından imtina etməsi ilə bağlı atdığı addımlardan qaynaqlanır. Belə ki, siyasi gərginlik fonunda daha çox Avropa ölkəsi Rusiya qazından tamamilə imtina maddəsinin rəsmi Moskvaya qarşı 14-cü sanksiyalar paketinə daxil edilməsini irəli sürür. Avropa İttifaqı Şurası isə mayın 21-də qaz bazarında islahatlar adlı qanun layihəsini təsdiqləyib. Bu, Aİ üzv dövlətlərə 2026-cı ildən etibarən Rusiya və Belarusdan təbii qazın, o cümlədən maye qaz tədarükünü dayandırmağa icazə verən bir sənəddir.

Qeyd edim ki, 2021-ci ildə Rusiyadan 141 milyard kubmetr qaz almış Avropa İttifaqı cəmi 2 ilə bu həcmləri 100 milyard kubmetr azalda bilib. Ötən il həcmlər 41,1 milyard kubmetrə qədər azalıb və bu həcmlərin 12 mlrd kubmetri Türkiyə üzərindən, 15 milyard kubmetri isə Ukrayna boru kəmərləri vasitəsi ilə Avropa bazarına daxil olur. Həmçinin 14 milyard kubmetrdən bir qədər artığı tankerlə mayeləşdirilmiş şəkildə Qərb bazarlarına çatdırılıb. Demək, mümkündür ki, bir neçə il sonra Avropa Rusiya qazından tam imtina etsin. 

Özbəkistanın “Şahdəniz” istəyi

Başa vurduğumuz həftə Azərbaycanın enerji həyatında yaşanan maraqlı bir hadisənin sədası Qubadan gəldi.

Mayın 21-də Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu zamanı Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov jurnalistlərlə söhbət zamanı “Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı məsələsinə toxunub və ehmalca, yaxın aylarda mühüm bir sazişin imzalana biləcəyini dilə gətirib.

“Biz SOCAR-ın Özbəkistanda neft və təbii qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq. Eynilə “Özbəkneftqaz”ın Azərbaycanda qaz hasilatı layihələrində iştirakı məsələsini hazırda müzakirə edirik”, - deyə özbəkistanlı nazir bəyan edib.

Jurnalistlərin “bunun “Şahdəniz” layihəsinə aid olub-olmaması ilə bağlı” sualına isə Ləziz Kudratov müsbət cavab verib.

Nazir Özbəkistanın dövlət neft-qaz şirkətinin "Şahdəniz" layihəsinə qoşulmasına dair sənədlərin yaxın aylarda imzalanacağına ümid etdiyini də söyləyib və əlavə edib ki, şirkətlər arasında danışıqlar artıq yekun mərhələdədir.

Daha çox diplomatik dildə deyilənlərə çalışacam ki, mümkün qədər aydınlıq gətirim.

Birinci olaraq ondan başlayım ki, indiki halda “Özbəkneftqaz” şirkəti “Şahdəniz” layihəsinə necə daxil ola bilər? Bunun gerçək yolu layihə iştirakçısından pay almaqdır.
Heç bir şirkətin hazırda “Şahdəniz”dən çıxması və ya payını azaltması ilə bağlı xəbər anons edilməyib. Demək, Özbəkistan şirkətinin layihəyə girişi Azərbaycan tərəfinin payının bir hissəsi hesabına gerçəkləşə bilər. Azərbaycan isə “Şahdəniz” layihəsində 2014-cü ilin fevralında Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış “Cənub Qaz Dəhlizi” QSC vasitəsi ilə iştirak edir. Həmin qurumun nizamnamə kapitalında SOCAR-ın payı 49%-dir. Yerdə qalan 51% səhmlərə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi sahibdir. Yəni mexanizmi Sizlərə göstərdim ki, “Şahdəniz”dən pay almağın yolu hansı qapılardan keçir.  

İkincisi, danışıqların yekun mərhələsi fazasında olmasıdır. Demək, iki ölkənin 100% dövlət nəzarətində olan və neft-qaz sektoruna cavabdeh şirkətləri qaz yataqlarının işlənməsi barədə danışıqlara xeyli müddət əvvəl başlayıblar. Əslində bu məsələdə də sirli nəsə yoxdur. Çünki  SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında son illər əməkdaşlığa dair bir neçə Memorandum imzalanıb və mənim o da yadımdadır ki, “Özbəkneftqaz” birinci olaraq SOCAR-ı Özbəkistandakı işlənmiş qaz yataqlarına ikinci ömür verməyə dəvət etmişdi. Artıq neçə illərdir ki, SOCAR Özbəkistandakı neft-qaz sərgi-konfranslara mütəmadi olaraq qatılır. Bu isə o deməkdir ki, şirkət Azərbaycana dost olan, Türk Dövlətləri Təşkilatında bizimlə bir müstəvidə birləşmiş ölkə ilə münasibətlərin genişlənməsində maraqlıdır.

Üçüncü məsələ ondan ibarətdir ki, nazir qeyd edir ki, “Özbəkneftqaz”ın Azərbaycanın ən böyük qaz layihəsinə daxil olması üzrə razılaşma var. Yəni bunun açması odur ki, indi tərəflər əvvəllər siyasi, iqtisadi müstəvidə əldə edilən razılaşmanın o mərhələsinə gəlib çatıblar ki, sazişin kommersiya müddəaları tərəflər arasında həll edilir və bunun nəticəsi olaraq sənəd imzalanmaya hazır vəziyyətə gətirilir.

İndi isə özbəkistanlı nazirin dediyi “yaxın aylarda saziş imzalana bilər” fikrinə aydınlıq gətirmək istəyirəm. Yaxın dediyi müddət nə qədərdir axı? Onun cavabını tapmaq üçün geri dönürəm nazirin Quba Forumunda etdiyi çıxışa...

Nazir Özbəkistanın Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunun yüksəldilməsi üzərində çalışmasına toxunaraq bildirir ki, “Azərbaycan Prezidenti İlham Əliyevin avqustda Özbəkistana dövlət səfərinə hazırlıq işləri görülür”.

Fikir verin özbəkistanlı nazir daha nələri açır: “Bu səfər zamanı münasibətlərimizə daha yüksək status və səviyyə verəcək ciddi nəticələr əldə olunacaq”.

Növbəti sual ondan yarana bilər ki, yaxşı, bəs “Özbəkneftqaz” Şahdənizdən ona çatacaq mənfəət qazını necə ölkəsinə aparacaq? Şerlok Holmsın ifadəsi ilə desək - çox sadə. Vətənə xammal aparmağa heç də ehtiyac yoxdur, əsas kapitaldır. Özbəkistan öz payını Türkiyə və Avropa bazarlarında daha baha satıb aldığı qazancla Mərkəzi Asiya bazarında daha ucuz qaz əldə edə bilər.

İndi gəlirik Azərbaycanın qazancına

Yəni soruşa bilərsiniz ki, o tərəfin mümkün qazancı haqda bildik, bəs bu sövdələşmədən bizim qazanc nə ola bilər? Dost və qardaşlıq əlaqələrimiz aydındır, amma onun dayanıqlığı məhz qarşılıqlı faydalı əməkdaşlıqdan keçdikdə daha da möhkəmlənir.

Təbii ki, SOCAR da Özbəkistanda aktivlərə sahib çıxmaq şansı qazanacaq. Özü də bu aktivlər həm yataqlar şəklində, həm xidmət sahəsində, həm də birgə layihələr şəklində ola bilər. Yəni hər şey qiymətləndirilir, elə edilir ki, tərəzinin bir tərəfi ağır olmasın. Nazir Kudratovun sözlərinə görə, "bu layihədə iştirakımız əcnəbi məsləhətçi şirkətin iştirakı ilə ciddi maliyyə və hüquqi ekspertiza tələb edir. Biz perspektivlərə ciddi yanaşırıq". Bunun açması o deməkdir ki, “Şahdəniz”də hansısa pay alacağıqsa, onun qiymətini özümüz öz aramızda müəyyənləşdirməyəcəyik, bazar iştirakçıları arasında imzası və əməli ilə tanınan bir məsləhətçi şirkətin xidməti ilə məsələ həllini tapacaq.

Özbəkistanlı nazir Azərbaycanla neft-kimya məhsulları və karbohidrogenlər sahəsində birgə ticarət şirkətinin yaradılmasından da söz açıb. “İndi biz Azərbaycandan polimer məhsullarının ixracını artırmaq istəyirik. Bundan əlavə, hazırda birgə layihələr paketi fəal şəkildə inkişaf edir. Onların ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması baxımından da öz təsiri olacaq”, deyə perspektiv planlara da müəyyən aydınlıq gətirib.

Bütün bu deyilənlərdən o nəticəyə gəlmək olar ki, “Şahdəniz” layihəsi üzrə SOCAR-la “Özbəkneftqaz” arasında əməkdaşlığa dair Sazişin imzalanması ölkələrimiz arasında yüksək səviyyəli yeni bir görüşün nəticəsi kimi reallaşa bilər. Bu, baş tutacağı təqdirdə Xəzərin o tayı ilə daha bir bağlantımızın əsası qoyulacaq.

OPEC-dən rəsmi Bakıya dəstək

OPEC Azərbaycanla münasibətlərdə qızıl dövrünü yaşayır. Belə bir açıqlama ilə Vyanada OPEC Baş katibi Haysam əl-Qays Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə keçirilən görüşü zamanı bildirib.

Baş katib qeyd edib ki, bu münasibətlərin möhkəmliyi neft ixrac edən ölkələr təşkilatı ilə Azərbaycan arasında Əməkdaşlıq Bəyannaməsi və Əməkdaşlıq Xartiyası, yəni OPEC+ çərçivəsində davam edən münasibətlərdən aydın görünür.

Bundan əlavə OPEC rəhbəri təşkilatın Azərbaycanı tam dəstəklədiyini söyləyib və COP29 kimi mötəbər tədbirin noyabrda Bakıda keçirilməsini alqışladığını deyib.

Amerika şirkəti ilə razılaşma

Bu həftə Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi və ABŞ-nin “Beyker Hyuz” şirkəti Azərbaycanda neft sənayesinə texniki xidməti üzrə birgə Mərkəzin yaradılması barədə razılığa gəliblər.

Mərkəzin yaradılması ilə ölkədə elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə yeni bir müəsisənin yaradılması nəzərdə tutulur. Bu isə Azərbaycanın neft sənayesi üçün yeni imkanların açılması deməkdir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO