Daşınmaz əmlak alqı-satqısında YENİLİK – “Vətəndaş istədiyi vaxt...”

Daşınmaz əmlak alqı-satqısında YENİLİK – “Vətəndaş istədiyi vaxt...”

Hazırda oxunan: Daşınmaz əmlak alqı-satqısında YENİLİK – “Vətəndaş istədiyi vaxt...”

178311

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Belə ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri bu ilin fevralın 1-dən etibarən elektron qaydada hazırlanır və təqdim olunur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.

Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb. Bu da, vətəndaşlara vaxta qənaət etmək imkanı yaradır.

“Vətəndaş istədiyi vaxt...”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, bir neçə ildir ki, texniki pasport kağız formada verilsə də, texniki pasport və torpaq sahələrinə dair plan, eləcə də ölçü sənədləri elektron şəkildə vətəndaşa təqdim olunur:

“Vətəndaş istədiyi vaxt portala daxil ola və çıxarışı kağız formasında çıxara bilər. Hər iki sənədin elektronlaşdırılmasının daşınmaz əmlak bazarında heç bir rolu yoxdur. O zaman ola bilər ki, sənədlərin verilməsi qaydaları sadələşdirilir və çıxarışı olmayan yaşayış sahələrinin sənədləşdirilməsi sürətlə təmin olunur.

Bununla da bazarda çox ciddi dönüş əmələ gələr, həmçinin bazara ucuz əmlaklar, yəni fərdi həyət evlər daxil olar ki, bu da həm evsiz əhali evlə təmin olunar, həm də ipoteka və digər kredit şərtləri ilə satıla bilər”.

Müsahibimiz bu qaydanın həm müsbət, həm də mənfi tərəflərinin olduğunu diqqətə çatdırıb:

“İlk növbədə vətəndaş özü ilə kağız daşımır və portala daxil olaraq, kodla aktivləşdirə bilər. Bununla belə, nəzərə alaq ki, ölkədə xeyli yaşlı insan var və onlar müasir telefonlardan istifadə edə bilmirlər. Öz adlarına əmlakları var, daha çox gördükləri kağıza inanırlar və sənədlərlə bağlı gələn bildirişləri aktivləşdirmək üçün bəzi çətinliklərlə üzləşirlər. Onları da nəzərə almaq lazımdır. Hər şey elektron qaydaya keçsə də, həmin sənədlərin yaşlı insanlara kağız halında verilməsi mümkün olmalıdır”.

Rövşən Ziya, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO