Yaxın illərdə Bakıda tikinti “bum”u YAŞANACAQ – TƏHLİL 

Yaxın illərdə Bakıda tikinti “bum”u YAŞANACAQ – TƏHLİL 

Hazırda oxunan: Yaxın illərdə Bakıda tikinti “bum”u YAŞANACAQ – TƏHLİL 

172505

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən, yaxın 16 ildə paytaxtda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.

Bizim.Media xəbər verir ki, Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 hektar sahənin ayrılması nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. 

Yeni planlaşdırma parametrləri 

Baş Planda, sahəsi bir hektardan çox olan bütün yaşayış əraziləri üçün ümumi ərazinin 60%-ə qədəri özəl məqsədlər üçün, qalan hissəsi isə ümumi ictimai məqsədlər üçün olan torpaqlar kimi bölünür. 

Ümumi ictimai məqsədlər üçün olan torpaqlar aşağıdakıların təmin edilməsi üçün nəzərdə tutulur: 

- Yollar və ictimai nəqliyyat, 

- İctimai xidmətlər, 

- Yaşıllıqlar və açıq məkanlar. 

Məqsəd isə odur ki, "sabahın şəhəri"nin tələblərinə cavab verən müxtəlif şəhər qarışığı olan inteqrasiya olunmuş, kompakt yaşayış sahələri yaradılsın. 

Bu vasitələrdən biri 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsi 20,8 m2-dən 25 m2-ə qədər artırmaqdır. Digər məqsədi isə bazarın mənzil tələbatını ödəmək və münasib evləri insanlar üçün daha əlçatan etməkdir.  

Bakı şəhərində uzunmüddətli perspektiv üçün kifayət qədər inkişaf çevikliyini və imkanlarını təmin etmək məqsədilə Baş Plan çərçivəsində 2040-cı ildən sonrakı dövrdə yaranacaq tələbatı ödəmək üçün əlavə yaşayış əraziləri müəyyən edilib.

Baş planda, paytaxt əhalisinin 2040-cı ildə 2,62 – 3,17 milyon nəfər arasında dəyişəcəyi proqnozlaşdırılır. 

Hesablamalara görə, şəhər inkişaf ərazilərinin təsiri və onların yaşayış potensialı nəzərə alınıb. Yeni inkişaf ərazilərində ümumilikdə 620 000 insanın yaşayış yeri ilə təmin edilməsi mümkün olacaq və nəticədə şəhər əhalisinin 3,25 mln. nəfərə qədər artmasına imkan yaranacaq.

Köhnə ərazilərin yeni təyinatla istifadəsi

Baş Plana əsasən, daha əvvəl hər hansı bir təyinatla inkişaf etmiş və hazırda istifadə olunmayan ərazilərin də yeni məhəllələrin inkişafı üçün istifadəsi təklif olunur. 

Buraya keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər, eləcə coğrafi mövqeyinin əlverişli olmaması ilə əlaqədar artıq istifadə olunmayan digər ərazilər daxildir. Yalnız bir neçə halda, yeni şəhər məhəllələrinin inkişafı üçün yaşıllıq ərazilərdən istifadəyə yol verilir. 

Genişmiqyaslı şəhər transformasiya layihələrinin və məhəllələrin bərpası layihələri (köhnəlmiş mənzil fondunun yenidən qurulması və bərpası layihələri) DŞAK, MİDA və aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Şəhərdə tikinti “bum”u yaşanacaq

Göründüyü kimi, 2040-cı ilə qədər əhalinin sayının artmasına müvafiq olaraq tikinti fəaliyyətinin genişlənməsi gözlənilir. Xüsusilə də, köhnə tikililərin sökülməsi və Baş Plana uyğun yeni binaların inşa olunması nəzərdə tutulub. Bu da yaxın illərdə paytaxtda tikinti “bum”unun yaşanmasını qaçılmaz edir.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə, Baş Plana əsasən, böyük tikinti layihələrinin həyata keçiriləcəyini bildirib:

“Bu baxımdan da düşünürəm ki, Xocahəsən istiqamətində yeni təhsil komplekslərinin, Lökbatan, digər alt mərkəzlərdən sayılan Binəqədi, Sabunçu, Zıx istiqamətlərində yeni binaların inşası planlaşdırılır ki, bunların hesabına müəyyən “bum” baş verə bilər. Ola bilsin ki, bunların hesabına mərkəz hissənin yükünü azaltmaq mümkün ola bilər”.

Onun sözlərinə görə, bu sahələrdə də yeni binaların tikintisi üçün 9 min hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub: 

“Dövlət və Arxitektura və Şəhərsalma Komitəsinin hesablamalarını əsas götürsək, bu, təxminən 15 min bina deməkdir. Bu da 2040-cı ilə qədər tələbatı tam ödəməsə belə, böyük bir göstərici olacaq. Şəhərin mərkəzi küçələrində isə köhnə sovet binaların söküntüsü nəzərdə tutulub”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO