Ölkəmizdə tütün ixracının azalmasının SƏBƏBLƏRİ – ARAŞDIRMA

Ölkəmizdə tütün ixracının azalmasının SƏBƏBLƏRİ – ARAŞDIRMA

Hazırda oxunan: Ölkəmizdə tütün ixracının azalmasının SƏBƏBLƏRİ – ARAŞDIRMA

166881

Dövlət Gömrük Komitəsinin son hesabatına görə, bu ilin 10 ayında Azərbaycanın tütün məmulatları idxalı 19,2 faiz artsa da, ixracı 49.6 faiz azalıb. Belə ki, cari dövrdə Azərbaycan 97 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.

İxrac etdiyimiz tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 11,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 49,6 % və yaxud təxminən 2 dəfə azdır.

İxracın azalması nə ilə bağlıdır?

Bizim Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Rövşən Şərifov ölkəmizdə iki tütün emalı müəssisəsinin olduğunu diqqətə çatdırıb:

“Bunlardan biri “Azərtütün” adlanır. Əvvəllər çox yüksək səviyyədə fəaliyyət göstərən müəssisənin emal gücü son 2-3 ildə bu çox aşağı düşüb və bu, ixrac potensiallarına mənfi təsir edib. İkincisi isə, yapon iş adamları tərəfindən qurulub və o da artıq müəyyən problemlərlə üz-üzə qalıb.
Digərləri isə xırda, yamfabrikant şəkildə istehsal və satışla məşğul olan müəssisələrdir və hələ də fəaliyyətlərini davam etdirirlər. Onlardan biri bir müddət əvvəl istehsal etdiyi ilk məhsullarını Avropa bazarına göndərdi. Düzdür, müəyyən çətinliklər ortaya çıxdı, amma istədikləri nəticəni əldə etdilər”.

Müsahibimiz vurğulayıb ki, Avropaya məhsul ixrac etmək üçün yeni standartlar hazırlanmalı və qəbul olunmalıdır:

“Torpaqdan başlayaraq, son məhsulun istehsalına qədər bütün proseslərlə bağlı standartların olmasına ciddi şəkildə ehtiyacımız var. Olmadığı üçün də stabil məhsul istehsal edə bilmirik. Əgər buna nail ola bilsək, yaxın illərdə istehsalı artıra bilərik.

Bəzi Avropa ölkələrində tütün istehsalı ilə bağlı qadağalar tətbiq olunduğu üçün istehsalın həcmi azalır və bazar boşalır ki, bu da bizim üçün böyük şansdır. Əvvəllər bizim əsas ixrac bazarlarımız Rusiya və Belarus idi. Ancaq indi Rusiyanın siqaret istehsal edən müəssisələrinin əksəriyyətini xarici brendlər ələ keçirib”.

Bəs hazırda ölkəmizdə tütün istehsalı hansı vəziyyətdədir?

Son illər istehsalın azaldığını deyən Assosiasiya rəhbəri, bunun bir neçə səbəblə bağlı olduğunu söyləyib:

“Quru tütünün Avropaya orta satış qiyməti 2 dollardır ki, bu da çox aşağıdır. Dünya bazarında isə daha yüksəkdir. Buna görə də fermerlər yaş tütün becərirlər və məhsulu 0.32 AZN-dən yüksək qiymətə sata bilmirlər.

Təsəvvür edin, 6 kq-lıq yaş tütündən ortalama 1 kq quru məhsul əldə edilir. Əgər standartlarımız olarsa, məhsulumuzu 4 və ya 5 dollardan satarıq. Üstəlik fermerlərə də 1kq-lıq yaş tütünə görə 40-60 qəpik arasında ödəniş edə bilərik ki, bu da onlarda marağı və diqqəti artırar.
Fermeri daha çox gəlir əldə etmək maraqlandırır. Biz nə qədər çox məhsul əksək və anbarlarımızı bu məhsullarla doldura bilsək, bir o qədər çox ehtiyac yaranacaq. Hətta xarici brendlər buna maraq göstərməyə başlacaqlar. Bu gün ən yaxşı halda 2 min ton məhsul istehsal edirik ki, bu da çox kiçik göstəricidir”.

Bəs, dövlətin bu sahəyə dəstəyi hansı səviyyədədir?

Əvvələr əkilmiş hər hektar sahəyə uyğun subsidiyaların verildiyini söyləyən müsahibimiz vurğulayıb ki, hazırda stimullaşdırma məqsədilə yetişdirilən məhsulun miqdarına görə də əlavə subsidiyalar verilir.

“Bu çox yaxşı yanaşmadır. Düşünürəm ki, yaxın gələcəkdə məhsulun miqdarı ilə yanaşı, keyfiyyətinə görə də əlavə vəsait ayrılarsa, sahibkarlarda bu sahəyə maraq artacaq. Gübrəyə görə subsidiya isə bütün sahələrə şamil olunur və 40 faiz dəyərində vəsait verilir.

Suvarmaya gəlincə, hazırda bu sahədə dədə-baba üsulları ilə su verilir ki, bunun da heç bir effekti yoxdur. Yaxşı olardı ki, müasir suvarma sistemlərinə keçid edək. Bunun üçün xüsusi su hovuzlarına ehtiyac var və hər ilin bir neçə ayı əziyyət çəkirik ki, bu da məhsuldarlığa təsir edir. Əslində, ölkəmizdə su balansı kifayət qədərdir və ehtiyac duyulan həddən də çoxdur”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO