Sfera.az bildirir ki, bu ilin ilk 10 ayında debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 29,3 milyard manatı ötüb. Bu məbləğ ötən ilin yekununda aparılan əməliyyatların həcmindən (28,9 milyard manat) böyükdür. Mövcud dinamikanı nəzərə alsaq, ilin yekununda əməliyyatların həcmi 35 milyard manatı ötəcək.
Statistika göstərir ki, plastik kartlarla əməliyyatların həcminin sürətlə artmasına ən böyük töhfəni elektron ticarət verib. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə daxilində elektron ticarətin həcmi 5,2 milyard manatı ötüb. Artım sürəti olduqca yüksəkdir və ilin yekununda elektron ticarətin həcminin 6,4-6,6 milyard manata yüksəlməsi ehtimalı böyükdür. Bu ehtimal daxilində plastik kartla əməliyyatlarda elektron ticarətin payı 19 faizə çatacaq.
Elektron ticarətin həcminin sürətlə artmasını ayların müqayisəsindən də görmək olar. Yanvar və fevralda hər ay 360-370 milyon manatlıq elektron ticarət dövriyyəsi olmuşdusa, sentyabr və oktyabrda aylıq əməliyyatın həcmi 770-800 milyon manat təşkil edib.
Elektron ticarətdə maraqlı dinamika isə ondan ibarətdir ki, əhali debet kartlardan daha çox istifadə etməyə başlayıb. 2015-ci ildə ölkədaxilində elektron ticarətin 40 faizi debet kartlarla, qalanı kredit kartları ilə aparıldığı halda, builki əməliyyatların 4,8 milyard manatı, yəni 92 faizi debet kartları ilə aparılıb.
Debet kartlar dedikdə maaş, müavinət, təqaüd, cari hesablar üçün kartlar nəzərdə tutulur. Əvvəlki dövrlərdə əhali bu cür kartlardan əsasən vəsait çıxartmaq üçün istifadə edirdisə, son illərdə vəziyyət əksinə doğru sürətlə dəyişir. Belə ki, 2015-ci ildə kartlarda olan pulun 85 faizi nağdlaşdırılırdısa, 2021-ci ildə 71,5 faizi nağdlaşdırılıb.
Vəziyyət onu göstərir ki, elektron ticarət əməliyyatlarının həcmi sürətlə artdıqca, nağdlaşdırılmayan vəsaitlərin payı 28,5 faizdən tezliklə 50 faizə yüksələcək. Elektron ticarət əməliyyatlarının sürətlə artması bu vərdişlərin kütləvi şəkildə mənimsənilməsi ilə bağlıdır. İnsanlar elektron ticarət vasitəsilə məhsulları rahat əldə etməklə bərabər, daha ucuz alışına da nail olurlar. Buna görə də bir neçə il lazım gələcək ki, plastik kartlarla əməliyyatlarda elektron ticarətin payı hazırki 18 faiz səviyyəsindən 50 faiz və daha böyük səviyyə yüksəlsin.
Vasif
Sfera.az