"Buta Airways" İstanbul və İzmirə reyslərin sayını artırır

Hazırda oxunan: "Buta Airways" İstanbul və İzmirə reyslərin sayını artırır

16251

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" şirkəti gələn aydan Bakıdan Türkiyənin İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.

Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.

Aşağıbüdcəli aviaşirkətin Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq.

Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq. Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.

Reyslər "Buta Airways" tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO