Nisyə mal alqı-satqısına QADAĞA – “12 min manat cərimə oluna BİLƏRLƏR”

Nisyə mal alqı-satqısına QADAĞA – “12 min manat cərimə oluna BİLƏRLƏR”

Hazırda oxunan: Nisyə mal alqı-satqısına QADAĞA – “12 min manat cərimə oluna BİLƏRLƏR”

158016

Ötən həftədən etibarən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliyə əsasən, kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər.

Mövzu bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov, İnzibatı Xətalar Məcəlləsində edilən dəyişikliklərin mövcud qanunvericiliyin tələblərinə tam uyğun olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı YENİ CƏRİMƏLƏR 


Onun fikrincə, bu addım bir neçə istiqamətdə sağlamlaşdırmaya aparır, gündəmi əks etdirir və qeyri-qanuni kreditləşmənin qarşısını alır:

“Bəlli məsələdir ki, banklardan götürülən orta və iri məbləğli kreditlərin çoxu müxtəlif səbəblərdən geri qaytarılmır. Bu da tərəflər arasında ciddi qarşıdurmalara, o cümlədən məhkəmə çəkişmələrinə səbəb olur. Bir çox hallarda isə kredit götürən tərəf iflasa uğradığı üçün vəsaitin geri qaytarılmaması ilə bağlı hər hansı qərar olmur və nəticədə kredit verən təşkilat ziyana uğrayan tərəf olur. 

Ancaq yeni dəyişiklik bu kimi problemlərin qarşısını almaqda mühüm rol oynayacaq. Yəni, borcunu geri qaytarmayan tərəf müddəalarda göstərildiyi kimi, müvafiq məbləğdə cərimə olunacaq”.     

F.İbrahimov, kredit bürolarının problemli kreditlərin aradan qaldırılması istiqamətində də mühüm işlərin gördüyünü qeyd edib:

“15 il əvvəl kreditlərlə bağlı vəziyyət necə idisə, bu gün də həmin vəziyyət yaşanmaqdadır. O dövrdə də, indi də eyni məsuliyyətsizlik baş verməkdədir, yəni vətəndaşlar öz şəxsi maraqları üçün bir neçə bankdan kredit götürür və boş məqsədlər üçün sərf edirlər. Bütün bunlar isə sonda məhkəmə predmetinə çevrilir və banka lazım olan, hətta ticarət dövriyyəsi üçün lazım olan vəsaiti passiv gəlirə çevirir. 

Bu gün kredit büroları belə problemlərin qarşısını almaq üçün ciddi işlər görür. Əgər bir şəxs növbəti dəfə kredit götürmək istəyirsə, müraciət etdiyi bankda adı sistemdə qeyd olunur. Adı problemli kreditlər sırasında qeyd olunubsa, sistem bunu dərhal göstərir və ona yenidən vəsait verilmir və gələcəkdə qurumu gözləyən problemlərin qarşısı alınır”.  

Ekspert, hazırda respublikada banklardan aldığı kreditlər hesabına özünə iş quran və məhsul satan şirkətlərin sayının kifayət qədər olduğunu da diqqətə çatdırıb:

“Bir vətəndaş orta səviyyəli ticarət mərkəzi açır və istədiyi məhsulu ora yerləşdirərək qeyri-rəsmi şəkildə kreditlə satmağa başlayır. Özü də verdiyi kreditin gecikdirilməsi ilə bağlı problemlə qarşılaşdıqda, bunu məhkəmə predmetinə çevirə bilmir. Əgər məhsulunun satışını qanuni şəkildə həyata keçirsəydi və ya kreditləşməni müvafiq qurumlarla razılaşdırılmış şəkildə aparsaydı, belə hallarla üzləşməzdi. Üzləşsə də, rahat şəkildə məhkəmədə haqqını tələb edə bilmirdi. Bu da onu göstərir ki, bu gün belə şirkətlərin çoxu kölgə iqtisadiyyatı ilə fəaliyyət göstərməkdən əl çəkmirlər”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO