BP ilə əməkdaşlıq Azərbaycana NƏ QAZANDIRDI? – İlham Şabanın ŞƏRHİ 

BP ilə əməkdaşlıq Azərbaycana NƏ QAZANDIRDI? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: BP ilə əməkdaşlıq Azərbaycana NƏ QAZANDIRDI? – İlham Şabanın ŞƏRHİ 

156602

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Yola salddığımız həftə 2020-ci ildə əldə etdiyimiz zəfərlərin yeni Azərbaycan tarixində yazılacaq uğurlu bir səhifəsi ilə yadda qaldı.

Və bu hadisə o gün baş verdi ki, Azərbaycanda böyükdən tutmuş ta kiçiyə qədər hamı həmin günü “Neftçilər günü” kimi xatırlayır. O günün müasir Azərbaycanın nailiyyətlərində misilsiz xidmətləri var, çünki indiyə qədər əldə etdiyimiz zəfərlərimizin əldə edilməsində neft gəlirlərindən yaranmış xəzinəmizin əhəmiyyəti məxsusidir.
“Netçilər günü”. 29 il əvvəl - 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında Azərbaycan xarici şirkətlərlə özünün ilk Hasilatın Pay Bölgüsü tipində ilk neft müqaviləsini imzalamış (“Azəri-Çıraq-Günəşli” neft yataqlar blokunun işlənməsinə dair) və bununla da gəlcəyə inamlı addımlarla irəliləməyə başlamış və çox keçmədən Xəzər regionunun seçilən ölkəsinə çevrilə bilmişdi.

Həmin müqavilədən sonra Azərbaycan xarici şirkətlərlə müştərək həyata keçirilən daha 36 neft-qaz müqaviləsinə imza atmış və ölkənin neft-qaz sektoruna indiyə qədər 90 milyard dollara yaxın sərmayə cəlb etməyə nail olub.

Uğurların başlanğıcında isə sonradan “əsrin müqaviləsi” adlandırılan, Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq reallsşdırılan neft müqaviləsi dururdu. Onun müstəqil Azərbaycanın inkişafındakı əhəmiyyətini nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2021-ci il tarixli fərmanı ilə “əsrin müqaviləsinin” imzalanma günü ölkəmizdə “Neftçilər günü” – neft və qaz sənayesi işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlayıb.

Bu il keçirilən “Neftçilər gününə” isə 29 il əvvəl həmin gün “Gülüstan” sarayında “əsrin müqaviləsi”ndə imzası olan bir şəxs də qatılmışdı:

Britaniyanın “bp” şirkətinin sabiq baş icraçı direktoru Lord titullu (Böyük Britaniya kraliçası tərəfindən verilib) Con Filip Braun.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Con Braun daha sonra Azərbaycan Dövlət Neft Şirkətində olmuş və “Gülüstan” sarayında “Neftçilər Günü” münasibəti ilə təşkil edilmiş rəsmi mərasimdə iştirak edib, özünün bu müqavilənin imzalanmasına gedən çətin yol və müqavilənin reallaşması ilə bağlı xatirələrini bölüşüb.

“bp” ilə əməkdaşlıq Azərbaycan nə verdi? Energetika naziri Pərviz Şahbazovun fikirlərinə istinad etsək, Azərbaycanda neft hasilatının 63%-ni təşkil edən “Azəri-Çıraq-Günəşli” və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunub.

Pərviz Şahbazovsun sözlərinə görə, indiyə qədər “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Yəni təkcə “Şahdəniz” yatağından hasil edilən təbii qazın 59 milyard kubmetri Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf edilib.

Bu da son deyil, belə ki, 2000-ci ildən başlayaraq indiyə qədər “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan təqribən 55 milyard kubmetr səmt qazı da Azərbaycanın daxili baqzarının ehtiyaclarının ödənilməsinə yönəldilib. Pzü də müqavilə şərtlərinə uyğun olaraq bu qaz Azərbaycan tərəfinə Səngəçal terminalından pulsuz ödənilib.

“Əsrin müqaviləsinin” maddi baxımdan Azərbaycana nə verdiyini isə Azərbaycan Respublikası Dövlət Neft Fonduna bu layihə üzrə indiyə qədər gələn gəlirlərdən məlum olur – 168 milyard dollardan artıq!

Azərbaycanın AÇG-dən qazancı isə təkcə bununla məhdudlaşmır:

Layihədəki payına görə Azərbaycanı təmsil edən SOCAR milyardlarla mənfəət qazanıb, bundan başqa SOCAR-ın müəssisələri layihənin icrası zamanı podratçı və subpodratçı qismində hər il yüz milyon dollardan çox gəlir əldə ediblər. Həmçinin Azərbaycan layihə çərçivəsində şirkətlər vergilər şəklində daha 20 milyard dollara yaxın qazanc gətiriblər.

SOCAR-ın ilk “yaşıl enerji” layihəsi. “Neftçilər Günü” keçirilmiş tədbir ərəfəsində “bp” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb. Sazişdə SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə "Sunrise" layihəsinin bir hissəsi olmaq niyyəti əks olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi və icrası üzrə əməkdaşlıq barədə İcra Müqaviləsi imzalanıb.

Bu sənəd Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "yaşıl enerji" zonasının yaradılması və bərpa olunan enerji sektorunun inkişafı, o cümlədən, 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması üzrə öhdəliklərlə əlaqəli strateji həll və bp şirkətinin 2050-ci ilədək sıfır emissiyalı şirkətə çevrilmək strategiyasının reallaşdırılması çərçivəsində imzalanıb.

Daha əvvəl energetika naziri Pərviz Şahbazova istinadən verilən məlumata görə, Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyasının inşasına 2023-cü ilin sonuna qədər başlanılacaq və stansiya 2024-cü ildə istismara veriləcək. Stansiyada illik 500 kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.

Avropadan erməniləri məyus edən bəyanat. Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırmaq öhdəliyini bir daha təsdiqləyib və bununla da Azərbaycana qarşı potensial sanksiyalarla bağlı şayiələri aradan qaldırıb. Bu spekulyasiyalar Azərbaycan sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri həyata keçirdikdən sonra yaranıb.

Sentyabrın 22-də Belçika paytaxtında keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Tim Makfi bəyan edib ki, rəsmi Brüssel və Bakı arasında Azərbaycandan Avropa İttifaqına (Aİ) qaz tədarükünün artırılması ilə bağlı razılaşma var.
Hazırda Azərbaycanla qaz tədarükünü artırmaq və bərpa olunan mənbələr də daxil olmaqla, gələcək üçün enerji tərəfdaşlığı yaratmaq üçün anlaşma memorandumu mövcuddur. Onun təqdim etdiyi rəqəmlərə əsasən, 2021-ci ildə Azərbaycan Aİ-yə 8,1 milyard kubmetr, 2022-ci ildə 11,3 milyard kubmetr qaz tədarük edib.

“Anlaşma memorandumunun məqsədi gələcəkdə tədarükü illik 20 milyard kubmetrə qədər artırmaqdır”, - deyə Makfi qeyd edib.

Daha sonra Makfi brifinqdə iştirak edən ermənipərəst mediaya “Aİ-nin Azərbaycandan idxal etdiyi tədarüklərdə Rusiya qazının olmadığını” da izah edib:

"Bu, həcm məsələsidir. Rusiyadan Azərbaycana ixrac olunan qazın həcmi bizim Azərbaycandan idxal etdiyimizdən qat-qat azdır, ona görə də bu tədarüklərdə Rusiya qazı yoxdur. Biz yalnız Xəzər qaz resurslarını idxal edirik".

Avropa və Azərbaycanın neft-qaz ticarəti. Elə bu həftə Avropa Statistika İdarəsi (Avrostat) Aİ ölkələri – İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyanın 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% (282 013 teracoul) qədər artırdığını açıqlayıb.
Hesabat dövründə Aİ ölkələri Azərbaycandan 3,85 milyard avro dəyərində (azalma 44,9%) qaz idxal edib. Dəyər ifadəsində azalma Avropa bazarlarında qazın qiymətinin ötən illə müqayisədə azalmasından qaynaqlanır. Avropa İttifaqı ölkələri 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% - 12,746 milyon tona qədər artırıb.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 7,525 milyard avro (azalma 14,6%) təşkil edib.

Yanvar-iyul aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin beşliyinə İtaliya (4,002 milyard avro dəyərində) 6,867 milyon ton (artım 14,1%), İspaniya (760,256 milyon avro dəyərində) 1,241 milyon ton (artım 2 dəfə), Çexiya 666,78 milyon avro dəyərində 1,097 milyon ton (artım 18%), Xorvatiya 364,797 milyon avro dəyərində 638,61 min ton (azalma 28%) və İrlandiya 375,259 milyon avro dəyərində 617,316 min ton (artım 3,5 dəfə) daxil olub.

Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 128,576 milyon avro dəyərində (artım 1,7 dəfə və ya 66,9%) 19 milyon 770,297 min ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib. Azərbaycanın qaz bazarında vəziyyət.

Bu il sentyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 545 min abonenti olub. Abonentlərin 2 milyon 513 mini əhali qrupuna aiddir. Cari ilin yanvar-avqust aylarında “Azəriqaz” istehlakçılara 4,9 milyard kubmetr həcmində təbii qaz satışını həyata keçirib. Satılan qazın 2,6 milyard kubmetri əhali abonentləri tərəfindən istehlak edilib.

“Azəriqaz”ın açıqlamasına görə, bu ilin 8 ayının yekunlarına görə, əhali qrupu üzrə təbii qazla təmin olunan 1 milyon 620 min abonent, yəni abonentlərin 64,5 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib. Hesabat dövründə 794 min 143 abonent, yəni abonentlərin 31,6 %-i 20 qəpik, 98 min abonent isə (abonentlərin 3,9 %-i) 25 qəpik tarifi ilə qazdan istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO