"Orta dəhlizdən yükdaşımaların əhəmiyyəti daha da artır" – Tahir Mirkişili 

Hazırda oxunan: "Orta dəhlizdən yükdaşımaların əhəmiyyəti daha da artır" – Tahir Mirkişili 

155359

Azərbaycan Prezidenti İlham Əliyev dünən Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir.

Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Mövzunu Bizim.Media üçün şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Orta dəhlizdən yükdaşımaların əhəmiyyəti daha da artır:

“Azərbaycanın da bu dəhlizdə olması isə bu əhəmiyyəti daha da artırır. Ona görə ki, daha təhlükəsiz, daha tez və daha etibarlıdır. Buradan istifadə üçün tələb olunan infrasturktur Azərbaycana aiddir. Avtomobil və dəmir yolları, hava və dəniz limanları, Azərbaycanın Xəzər dəniz donanması və digərləri bu dəhlizdən yükdaşımaların həcmini daha da artıracaq ki, bu da dövlətimizin daha çox iqtisadi fayda əldə etməsi deməkdir. Azərbaycan da öz infrastrukturunu daim yeniləyir və bu istiqamətdə cəlb olunan investisiyaların həcmini daha da artırır ki, bunlar da dəhlizin daha da işlək hala gəlməsinə şərait yaradacaq”. 

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafında da nəqliyyat əlaqələrinin və tranzit yükdaşımalarının rolu böyükdür:

“Prezident İlham Əliyevin dünən toxunduğu məsələlər və səsləndirdiyi fikirlər kifayət qədər aktualdır. Çünki, həm Orta Asiya ölkələri, həm də Türkiyə ilə iqtisadi əlaqələri gücləndirmək istiqamətində mühüm addımlar atılır”. 

Son bir il ərzində Orta Asiya ilə ticarət dövriyyəsi 3 dəfə artdığını deyən Komitə sədri, cari ilin 8 ayı ərzində isə bu artımın 50 faizdən çox olduğunu diqqətə çatdırıb: 

“Bu da həm qonşu, həm Orta Asiya ölkələri ilə tranzit əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır. Azərbaycan bu ölkələrin Qərb istiqamətində çıxış əldə etmələrinə şərait yaratmaq üçün öz infrastrukturunu tam hazır vəziyyətə gətirib. Artıq tərəflər arasında iki tərəfli əməkdaşlığın yeni formatları yaranmağa başlayıb ki, bunlar da birgə müəssisələrin və fondların yaradılması, birgə investisiyaların yatırılması və digərləridir”. 

Müsahibimiz, Orta dəhlizin işlək hala gəlməsi üçün 3 iqtiqamətdə iş aparıldığını qeyd edib:

“Bunlardan biri, Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstandan keçən hissəsində təkmilləşmə işlərinin aparılması ilə bağlıdır. Bu xəttin Gürcüstan hissəsinin yükdaşıma qabiliyyətinin daha da artırılması üçün idarəetmə və texniki məsələlərin tez bir vaxtda həll edilməsi vacibdir ki, rəsmi Bakı bu istiqamətdə də xeyli addımlar atıb. İkinci məsələ, adıçəkilən dəhlizin mühüm hissəsi olan dəniz limanı və infrastrukturunun inkişaf etdirilməsi ilə bağlıdır. Bu gün dövlətimiz Xəzər dənizində böyük donanmaya malikdir və Ələt Azad İqtisadi Zona da fəaliyyətə başlayıb”. 

Üçüncü istiqamətin isə Orta dəhlizin rəqəmsallaşması ilə bağlı olduğunu söyləyən T.Mirkişilinin sözlərinə görə, rəsmi Bakı buna nail olmaqdadır: 

“Yüklərin tez bir vaxtda keçməsi, yəni daşınmalar zamanı inzibati addımlar daha azaldacaq ki, bu da işləri daha da sürətləndirəcək və yüklərin keçidi zamanı kifayət qədər az vaxt tələb olunacaq. Əsasən də tariflərin ratifikasiya olunması və rəqəmsal alətlərdən daha çox istifadə olunması baxımından dövlət başçısının dediyi məsələlər bu gün aktualdır və bu istiqamətdə ciddi işlər görülür. Bu gün Orta Asiya ilə Azərbaycan arasında Xəzərin dibi ilə optik xətlərin çəkilməsi ilə bağlı layihə icra olunur ki, bu da dəhlizdən nəinki yüklərin rahat keçməsinə, hətta gələcəkdə bu marşrutun Şərqlə Qərb arasında rəqəmsal tranzit yoluna çevrilməsinə şərait yaradacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO