Azərbaycan enerji körpüsünə ÇEVRİLİR – İlham Şabanın ŞƏRHİ 

Azərbaycan enerji körpüsünə ÇEVRİLİR – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Azərbaycan enerji körpüsünə ÇEVRİLİR – İlham Şabanın ŞƏRHİ 

150512

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə istər Azərbaycanın enerji həyatında, istərsə də xarici bazarlarda yadda qalan hadisələrlə müşayət edildi. Əsasən də Azərbaycan neftinin qiymətinin cari ilin yanvar ayından sonra yenidən 90 dolları aşan qiymətə satılması ilə. 

Qlobal bazarlar. 

Dünya bazarlarında cari həftə enerji daşıyıcılarının qiymətlərinin artımı ilə diqqəti çəkdi. Qaz qiymətləri həftə boyu Avropada 400 dollardan baha qiymətə ticarət edildi və maksimal olaraq 452 dollara qədər yüksəldi. Cümə günü isə hərraclarda həftəni 407 dollarla bağladı. Qaz qiymətlərinin artımı payızda maye qazın daha çox Asiya bazarlarına daşınması proqnozlarından qaynaqlanırdı.

Neftə gəldikdə isə... 

London əmtəə birjasında həftə ərzində Brent markalı neftin ən baha partiyasının 88,12 dollara qədər yüksəlməsi oldu. Ümumiyyətlə, avqustun əvvəlindən neft 85 dollardan baha satılır. Neft qiymətlərini üzü yuxarı aparan isə Səudiyyə və Rusiyanın dünya bazarına çıxardıqları həcmlərin sentyabrda da azaldacağına dair bəyanatları idi. 

Azərbaycan neftinin orta qiyməti CIF müqavilələri üzrə ötən həftəyə nisbətən 1,69 dollar (1,9 faiz) artaraq 90,53 dollar/barel təşkil edib. Bu dövrdə maksimum qiymət 91,4 dollar/barel, minimum isə 89,45 dollar/barel təşkil edib.

Ümumilikdə, neft qiymətlərinin artımı Azərbaycanın azalan həcmlərini dəyər ifadəsində kompensasiyaya edir. Bundan əlavə, Maliyyə nazirliyinin hesablamalarına görə, neftimizin hər barelinin proqnoz edilən qiymətdən (60 dollar) 10 dollar çox olması, Azərbaycan büdcəsinə 1,3-1,4 milyard manat əlavə gəlir gətirir. Ona görə də ilin yekunu olaraq neftin orta ixrac qiyməti 90 dollar ətrafında bərqərar olarsa, onda bu, dövlət büdcəmizə əlavə 3,9-4,2 milyard manat gəlirin gəlməsinə səbəb olar. Nəticədə, Neft Fondundan büdcəyə köçürmələr azalar, Neft Fondunda vəsaitin çoxalması isə Azərbaycanın ümumi valyuta ehtiyatlarının artımına gətirib çıxarar ki, bu da həm milli valyutanın kursunun, həm də makroiqtisadi göstəricilərin stabil qalmasına bir töhfə olar. 

AÇG-nin yeni platforması. 

Cari həftə Azərbaycanın enerji bazarı üçün pozitiv xəbərlə başladı. “BP-Azerbaijan” şirkəti avqustun 7-də “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulunu dənizə yola saldığını elan etdi.

Üç gündən sonra isə platformanın üst modulu dənizdə dayaq bloku üzərində uğurla quraşdırılaraq AÇG layihəsi çərçivəsində sayca yeddinci platforması oldu. 

Qeyd edək ki, ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19,6 min ton, hündürlüyü 36 metrdir.

Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanması mərhələsi çərçivəsində işlər həyata keçiriləcək. 

Bu platformanın istismara verilməsi ilə gündəlik 100 min barel neftin hasil edilməsi proqnoz edilir. Ona görə də ACE platformasının AÇG-də hasilatın azalma tempinin aşağı salınmasında böyük əhəmiyyəti olmalıdır.
BP şirkətinin açıqlamasına görə isə, 2023-cü ilin birinci yarısında AÇG blokundan 68 milyon barelə yaxın neft hasil edilib. Birinci yarımillikdə müqavilə sahəsində orta günlük neft hasilatı 375 min barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azalma deməkdir. 
AÇG blokunun işlənməyə başlandığı dövrdən indiyə qədər ümumilikdə 4,3 milyard barel neft hasil edilib.

Neft hasilatı. 

Azərbaycan energetika nazirliyi bu həftə ilin 7 ayı ərzində ölkənin neft-qaz sektoru üzrə statistikasını açıqladı. 

Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azdır.

Ölkədə neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,7%), 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci ilin yanvar-iyul aylarındakı səviyyədə qalıb), 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton (azalma 2,2%) təşkil edib.

Neft ixracı. 

İlin 7 ayının yekununa görə, Azərbaycandan 14,9 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib. İxrac həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azalıb. 

İxraca yönəlmiş neftin 13,2 milyon tonu AÇG cə “Şahdəniz” konsorsiumlarının payına, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək AÇG-dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 618,4 milyon tonu ixraca nəql edilib.

Qaz hasilatı. 

Energetika nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 28,1 milyard kubmetr təşkil edib. 

Hasil edilmiş qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan (səmt qaz), 15,4 milyard kubmetri “Şahdəniz” yatağından, 0,1 milyard kubmetri “Abşeron” qaz-kondensat yatağından, 5,1 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

“Şahdəniz” yatağı istismara verilən müddətdən (2006-cı ilin dekabrı) 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetri ixraca yönəldilib, yerdə qalanı isə Azərbaycanın daxili bazarında satılıb.

Qaz ixracı. 

Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında qaz ixracını 7% - 13,8 milyard kubmetrə qədər artırıb. 

Avropaya 6,6 milyard kubmetr (artım 1,5%, bütün ixracın 47,8%-i), Türkiyəyə 5,8 milyard kubmetr (artım 20,8%, bütün ixracın 42%-i), Gürcüstana isə 1,4 milyard kubmetr qaz (azalma 12,5%, bütün ixracın 10,2%) Azərbaycan qazı ixrac edilib. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz (artım 3,1%) nəql olunub.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

“Abşeron” layihəsi. 

Fransanın “TotalEnergies” şirkəti iyulda “Abşeron” qaz-kondensat yatağından 100 milyon kubmetr qaz hasil edib. Bundan əlavə, yataqdan 40,4 min ton kondensat da hasil edilib.

Xəbər verdiyimiz kimi, “TotalEnergies” və SOCAR 2023-cü il iyulun 10-da “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldığını elan etmişdi. 

Plana görə, ortalama gündəlik olaraq 4,3 milyon kubmetr qaz və 1400 ton kondensatın hasilatı proqnoz edilir. Amma 21 gün ərzində hasil edilmiş karbohidrogenlərin həcmini təhlil edərkən görürür ki, artıq iyulda “Abşeron” yatağlndan gündəlik olaraq 4,76 milyon kubmetr təbii qaz və   1924 ton kondensat çıxarılıb. Bu isə o deməkdir ki, “Abşeron” yatağında sitismarda olan quyunun xammal verimliyi proqnioz edildiyindən xeyli yüksəkdir. 

Hasil edilən qaz Azərbaycanın daxili bazarına, kondensat isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixraca yönəldilir.

Enerji körpüsü. 

Bu həftə Moskvada Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ötürülməsinə dair vacib bir görüş keçirildi. 

Rusiya Federasiyası Energetika nazirliyinin açıqlamasına əsasən, Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Elnur Soltanov, Pavel Snikkars və Homayun Xaeri, eləcə də üç ölkənin enerji operatorları Moskvada keçirilən görüşdə RF, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2023-cü ilin sonuna qədər başa çatdırılması ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsi məsələsi 2005-ci ildən müzakirə olunur. 

2018-ci il aprelin 26-da Bakıda üç ölkənin energetika nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə enerji sistemlərinin birləşdirilməsinin məqsədəuyğunluğu məsələsi üzrə üçtərəfli işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib, Rusiya tərəfinin hazırladığı texniki tapşırıq razılaşdırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO