Manat MÖHKƏMLƏNİR – Dollar UCUZLAŞACAQ?

Manat MÖHKƏMLƏNİR – Dollar UCUZLAŞACAQ?

Hazırda oxunan: Manat MÖHKƏMLƏNİR – Dollar UCUZLAŞACAQ?

142945

Bir neçə gün öncə Mərkəzi Bankın faiz dəhlizinə dair keçirdiyi iclasında, cari ilin 5 ayı ərzində mütəşəkkil banklararası valyuta bazarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox olduğu bildirilib. 

İclasda həçminin, manatın nominal effektiv məzənnəsinin 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmləndiyi barədə məlumat verilib. Qeyd olunub ki, son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.

“İnflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər” – deyə iclasda vurğulanıb.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərov, manatın effektiv nominal məzənnəsinin Mərkəzi Bank tərəfindən həyata keçirilən inzibati tədbirlərin nəticəsində yarandığını diqqətə çatdırıb:

“Bu tədbirlər sayəsində manatın dəyəri müəyyənləşir. Belə ki, 2016-cı ildən bu günə qədər bu dəyər 1.70 AZN həddində saxlanılıb və bu da nominal effektiv məzənnəni müəyyən edir. Bir sözlə, manat möhkəmləməyə doğru meyllənib. Əslində 1.70 AZN-lik hədd manatın dəyərinin dollara nəzərən artdığını göstərir ki, bu da onun effektiv məzənnəsini müəyyən edir. 

Ötən il ərzində effektiv məzənnə 8,4 faiz həddində möhkəmləndiyi halda, bu ilin yanvar - may ayları ərzində 5,1 faiz səviyyəsində möhkəmlənib. Mərkəzi Bankın rəhbərliyi tərəfindən də açıq etiraf olunur ki, ölkədə inflyasiya bahalaşmaya azaldıcı təsir göstərən faktorlardan biri də məhz manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsidir. Bu faktın özü ölkədə bahalaşmaya və inflyasiyaya məhdudlaşdırıcı təsir və təzyiqin olduğunu göstərir”.  

Cari ilin bundan sonrakı dövrünə gəlincə, P.Heydərov qeyd edib ki, neftin hazırkı qiymətlərinin ilin sonuna doğru getdikcə möhkəmlənməsi gözlənilir:

“Azərbaycan dövlət büdcəsinin yenidən müzakirəyə çıxarılması və neft qiymətlərinin 60 dollar müəyyənləşdirilməsinin səbəbi odur ki, neftin dünya bazarındakı qiymətlərinin 70 dollardan aşağı düşəcəyi gözlənilmir. 
Bu da o deməkdir ki, milli valyutamızın məzənnəsinin bundan sonra da ABŞ dollarına münasibətdə möhkəmlənməsi davam edəcək. Əgər Mərkəzi Bank tərəfindən inzibati yolla tənzimlənməsə və “üzən məzənnə” rejiminə keçilsə, manatımız dollara münasibətdə indiki həddindən daha da yüksək olacaq. Bu baxımdan da ilin sonuna qədər valyutamızla bağlı heç bir ciddi dəyişiklik gözlənilmir, əksinə manatın nominal effektiv məzənnəsinin artacağı indidən aşkar görünür”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO