Bakı Enerji Həftəsindən YADDA QALANLAR – Qərbin Azərbaycana artan dəstəyinin SƏBƏBLƏRİ

Bakı Enerji Həftəsindən YADDA QALANLAR – Qərbin Azərbaycana artan dəstəyinin SƏBƏBLƏRİ

Hazırda oxunan: Bakı Enerji Həftəsindən YADDA QALANLAR – Qərbin Azərbaycana artan dəstəyinin SƏBƏBLƏRİ

139466

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə Azərbaycanın enerji həyatında ilin digər zamanından xeyli fərqlənən həftədir: çünki hadisələrin mərkəzində Bakı Enerji Həftəsi dururdu. 

Bakı Enerji Həftəsi.

Bundan əvvəllər də Bakıda mütəmadi neftə və qaza dair tədbirlər keçirilib. Amma indi təkcə enerjiyə aid nə varsa, hamısı bir çətir altına yığılıb: buraya 28-ci Beynəlxalq Xəzər neft-qaz sərgisi, 11-cu Xəzər Beynəlxalq energetika və bərpa olunan enerji sərgisi və nəhayət 28-ci Bakı Enerji Forumu daxildi. 

Ötən il sərgidə 30 ölkədən 249 şirkət iştirak edirdisə, cari ildə Bakı Enerji Həftəsinə 37 ölkədən 326 şirkət qatılmışdı. Özü də Qərbdən olan şirkətlərin sayı xeyli artmışdı. Bu da səbəbsiz deyildi.

Əvvəla, hazırda dünyanın siyasi, həmçinin iqtisadi nizamının Rusiya-Ukrayna müharibəsi nəticəsində tarazlığından çıxması enerjiyə olan yanaşmanı dəyişib, iri istehlakçı bazarlar alternativ mənbələrdən enerji daşıyıcıları almaq yolları arayırlar. Ötən ilin o vahiməli günlərində Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığına dair Saziş imzalaması, Avropaya təbii qaz ixracını 40% artırması ölkəmizə olan inamı da, ümidləri də kifayət qədər artırıb. Azərbaycanı ciddi bir oyunçu qismində qəbul edən həm şirkətlər, həm də ölkələr çoxalıb. 

Azərbaycana Qərbin dəstəyi

Və belə bir vəziyyətdə ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktuba diqqət yetirməmək olmaz. Bayden öz məktubunda “Bakıda keçirilən tədbirin ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyinin nümayişi adlandırıb. “Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Bu tədbirlərin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır”, deyə ABŞ prezidenti bildirib.

Məktubda Enerji təhlükəsizliyi ilə bağlı məqsədə çatmaq üçün Azərbaycanın rolu və əhəmiyyəti göstərilir. Bu isə ona dəlalət edir ki, Azərbaycan bütövlükdə Qərb üçün heç də sıradan enerjiyə malik bir ölkə deyil. 

Elə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak da iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsini heç vaxt olmadığı qədər önəmli bir hadisə adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə Bakı Enerji Həftəsinin açılışı zamanı ölkəmizin regionda rolu və yeri haqda danışarkən Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə minnətdarlığını ifadə edib. 

“Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”, - deyə İlham Əliyev bəyan edib.

Daha sonra Azərbaycan Prezidenti ötən ilin iyulunda Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlığına dair imzalanan Anlaşma Memorandumuna toxunaraq bildirb ki, rəsmi Bakının Brüssellə enerji dialoqu başlayıb və uğurla davam etdirilir.  

“Mən fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir”, deyə Prezident İlham Əliyev vurğulayıb. 

Azərbaycan prezidenti 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızın iki dəfə artırılması, yəni 20 milyard kubmetrə çatdırılması planlarına toxunaraq bunun olduqca real rəqəm olmasını bir daha təsdiqləyib.

“Abşeron” qazı

İlham Əliyev bunun üçün ölkəmizin qaz resurslarına malik olmasını və onların bazara çıxarılması planlarına da aydınlıq gətirib. “Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron” yatağından çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik”, deyə Prezident Əliyev yeni qaz yatağının istismara verilməsi xəbərini ictimaiyyətlə bölüşüb.

Qeyd edim ki, iyunun 1-də Bakı Enerji Forumunda çıxış edən “TotalEnergies” şirkətinin Avropa regionu üzrə birinci vitse-prezidenti Jan-Lyuk Qizyu “Abşeron” yatağından ilk qaz çıxarılmasına cəmi bir neçə həftə qaldığını bəyan edib.

Xəzər dənizinin 600 metrədək dərinliyində yerləşən bu yataqda qazılan istismar quyusunun dərinliyi bilirsiniz nə qədərdir? 7 min 411 metr. Xəzər hövzəsinin hələ heç yerində bu dərinlikdə quyu qazılmayıb. “Abşeron” yatağının təsdiq edilmiş çıxarıla biləcək qaz resursu 350 milyard kubmetr təşkil edir. Yəni Azərbaycanın cari ildəki istehlakı stabil qaldığı şəraitdə ölkəmizin ehtiyaclarını 25 ilə yaxın tam təmin etmək gücündədir. Amma hökumət onun resurslarından cəmi 50 milyard kubmetrini ölkənin daxili ehtiyaclarının ödənilməsi üçün istifadə edəcək, yerdə qalanı isə ixrac üçün planlaşdırılıb. 

Yeni qaz layihələri 

Prezident İlham Əliyev “Abşeron” yatağından əlavə Azərbaycanın daha bir neçə qaz layihəsinə də diqqət yetirib. Onun sözlərinə görə, “biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq”, deyə dövlət başçısı daha bir qaz hasilatı layihəsinin anonsunu edib. 

Söhbət “Azəri-Çıraq-Günəşli” neft yataqlar blokunun dərin qatlarında yerləşən qaz laylarının işlənməsindən gedir. Qeyd edim ki, indiyə qədər AÇG-dən hasil edilən mavi yanacaq səmt qazıdır, yəni neftlə birgə çıxan aşağı təzyiqli qaz. Sovet hökumətində lazımi texnologiya olmadığından dənizdən çıxan aşağı təzyiqli səmt qazının çox hissəsi ya havaya uçub gedirdi, ya da məşəllərdə yandırılırdı. Ona görə də bp və tərəfdaşlarının Azərbaycana gəlməsi təkcə “əsrin müqaviləsi” layihəsi çərçivəsində neftin çıxarılması ilə məhdudlaşdırılmadı, həm də əmtəəlik qazın artırılmasına imkanlar açdı. 2000-ci ildən indiyə qədər Azərbaycan “AÇG”-dən 53 milyard kubmetrdən çox səmt qazı almağa müvəffəq olub. 

2023-cü ilin yanvarında isə bp və tərəfdaşları AÇG müqaviləs sahəsində yeni qiymətləndirmə quyusu qazmağa başladılar. Məqsəd isə ondan ibarətdir ki, təqribən 4 min metr dərinlikdə yerləşən təbii qaz ehtiyatlarını daha dəqiq öyrənə bilsinlər. Bunun nəticəsində qazın ilkin və sonrakı etaplarda işlənmə layihəsi hazırlanmalıdır. 

Ancaq bp-nin qaz hasilatını artırmaqla bağlı planlarında bu da son deyil. Bakı Enerji Forumunda çıxış edən şirkətin regional prezidenti Qəri Counz bəyan edib ki, cari ildə “Şahdəniz” yatağından 26 mlrd kubmetr qazın hasilatı proqniz edilir. Bunu həyata keçirdikdə isə ötən illə müqayisədə yataqdan qaz hasilatı 800 mln kubmetr artməş olacaq.  

BP Global şirkətinin icraçı direktoru Qordon Birrel isə bildirib ki, Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkar olunmasını gözləyirlər. Bu dəfə söhbət Şahdəniz yatağının mövcud məhsuldar laylarının altında yerləşə biləcək qatlardakı ehtiyatlardan gedir. Bu səbəbdən də bp Şahdəniz yatağında yeni kəşfiyyat quyusunun qazılmasına başlayıb və ilin sonuna qədər qazma işlərini yekunlaşdırmağı düşünür.  

Sərmayələrin dumanlı dövrü

Beləliklə, Bakı Enerji Həftəsində Azərbaycan Qərb ölkələrinə açıq şəkildə bəyan etdi ki, onun 2027-ci il üçün Avropa bazarına 20 mlrd kubmetr qaz göndərmək imkanı mövcuddur. Gələcəkdə bu həcmlərin artırılması da mümkündür, çünki etap-etap yeni qaz resurslarının işlənməsi planlaşdırılır. 

Amma dövlət başçısı İlham Əliyev diplomatikcəsinə ifadə edib ki, Avropaya tuşlanmış yolda məsələ heç də hamar deyil və bunun kələ-kötürlüyünün Azərbaycana elə bir aidiyyatı yoxdur. Çünki, bir tərəfdən Azərbaycan qazına ehtiyac artmaqdadır. Digər tərəfdən isə həmin qazı kifayət həcmdə bazara çıxarmaq üçün maliyyə lazımdır. “Bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Amma hazırda “yaşıl enerjiyə” keçidə görə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Mən isə hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”, deyə İlham Əliyev fikrini tamamlayıb.

Yəni məşhur atalar sözündə olduğu kimi: könlü balıq istəyən gərək... yoxsa, halva halva deməklə, qaz pıqqapıq Xəzərdən çıxıb genişləndirilməsini gözləyən Cənub Qaz Dəhlizi ilə Avropaya axmayacaq axı.  

İmzalanan sənədlər

Qeyd edim ki, Bakı Enerji həftəsi çərçivəsində həmçinin bir neçə sənəd də imzalanıb. 
Azərbaycan tullantılardan enerji istehsalı sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək. Bu, Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında Enerji Keçidi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumunda öz əksini tapıb.

Həmçinin Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının şirkəti arasında bərpa olunan enerji layihələri ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin məlumatına görə, "Azərbaycanda Yaşıl Enerji güclərinin yaradılmasına artıq Çin şirkəti də qoşuldu. Çin şirkəti ilə 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

SOCAR isə Özbəkistanın “Uzbekneftegaz” şirkəti əməkdaşlığa dair Niyyət Protokolu imzalayıb. Bazar iştirakçılarından əldə edilən məlumata görə, Özbəkistan tərəfi SOCAR-a iki qaz yatağının reabilitasiyası və istismar edilməsini də təklif edib. Hazırda təklifin kommersiya baxımından əlverişli olub-olmaması araşdırılır.

SOCAR həmçinin “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəflənir.

Bakı Enerji Həftəsi çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin üçüncü iclası da keçirilib. İclasda Qara dənizin dibi ilə tikilməsi planlaşdırılan Yaşıl Enerji Dəhlizinə Bolqarıstanın qoşulması məsələsi razılaşdırılıb. 

Nəticə

Beləliklə, Azərbaycanın Avropa ilə müştərək enerji layihələri get gedə artır və bunlar da şaxələnir. Biz əvvəlki kimi ancaq neftə bağlı deyilik, qaz ticarətini artırdığımız zaman isə eyni zamanda tədricən həm yaşıl enerji, həm də hidrogenin istehsalı və Avropaya tədarükünü gündəmə gətirəcəyik. Qalır əldə edilən nailiyyətlərin, o cümlədən əldə edilən və ediləcək kapitalın ölkəmizdə rasional xərclənmə əmsalını artırmaq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO