Xəbər verdiyimiz kimi, maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında 2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə biləcəyinin anonsunu verib.
O bildirib ki, neftin qiymətinə dəyişiklik üçün əsaslar var:
“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”.
Hazırda 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan götürülüb. Azərbaycan neftinin dünya bazarında qiyməti isə son 5 ayda 85-95 dollar arasında dəyişir.
MÖVZU İLƏ BAĞLI:
"Azəri-Çıraq-Günəşli"də hasilatın HƏCMİ AÇIQLANDI
Dövlət büdcəsində neftin qiyməti nə qədər ola bilər?
Mövzu ilə bağlı, Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, “qara qızıl”ın büdcə qiyməti 60-65 dollardan götürülə bilər:
“Son zamanlar bir neçə məsələ var ki, diqqət mərkəzindədir. Qarabağda aparılan bərpa işləri sürtləndirilir. Orada ciddi layihələr həyata keçirilir. Prezident İlham Əliyev mütəmadi olaraq həmin bölgəyə gedərək, açılışlar edir, təməlqoyma mərasimlərində iştirak edir. Məhz Qarabağda aparılan bərpa işlərinin sürətlənməsi əlavə vəsaitlərin ayrılmasına ehtiyac yaradıb.
Digər tərəfdən, dünyada gedən proseslər təhlükəsizlik məsələsini də önə çıxarıb. Bu mənada, müdafiə ilə əlaqədar müəyyən işlərin görülməsi də vacibdir. Yaranmış vəziyyətdə neftin büdcə qiymətinin 60-65 dollar səviyyəsində götürülə biləcəyi gözlənilir. Yəqin ki, mayın 15-dən sonra parlamentdə büdcəyə yenidən baxılacaq və yuxarıda qeyd etdiyim sahələrə əlavə vəsaitlər köçürüləcək”.
İqtisadçı ekspert Natiq Cəfərli büdcədə neftin bir barrelinin 70-75 dollardan götürüləcəyini deyib:
“Bu gözlənilən idi. Bu addım son 15 ildə “ənənəyə” çevrilib. Hökumət hər ilin dekabrında büdcə qəbulu zamanı ona konservativ yanaşır. Lakin 6 ay keçəndən sonra dünya bazarında baş verən prosesə uyğun olaraq büdcəyə əlavə və dəyişikliklər edir. Azərbaycan neftinin ilin ilk beş ayında ortalama qiyməti 85-95 dollar arasındadır. Bu isə büdcədə nəzərdə tutulandan xeyli çoxdur.
Ona görə də yenidən hesablama aparılacaqsa, neftin qiyməti 70-75, hətta 80 dollardan götürülə bilər. Daha realı 70-75 dollardır. Artırılan bu xərclər də əsasən işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinə yönləndiriləcək”.
Rüfət Sultan, Bizim.Media