2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 241,1 mln. manat vəsait yönəldilib.
Moderator.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, investisiyanın 629,4 mln. manatı yanvar, 611,7 mln. manatı fevral ayının payına düşüb. Bu da ötən ay xarici sərmayə qoyuluşunun aylıq müqayisədə 2,8% azalması deməkdir. Həmçinin, fevral ayında xarici sərmayənin cəmi kapital qoyuluşunun xüsusi çəkisində də azalma müşahidə olunub. Xarici sərmayənin cəmi investisiyalarda xüsusi çəkisi 7,4 faiz bəndi azalaraq 64,1%-ə enib.
Hesabata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 045,8 mln. manatı (84,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 834,9 mln. manat vəsait yönəldilib.




























































































