“Qarabağ” Çexiyada 120 dəqiqə oynayacaq? - “Bu, tarixi şansı qaçırmaqla nəticələnə bilər” – ŞƏRH

“Qarabağ” Çexiyada 120 dəqiqə oynayacaq? - “Bu, tarixi şansı qaçırmaqla nəticələnə bilər” – ŞƏRH

Hazırda oxunan: “Qarabağ” Çexiyada 120 dəqiqə oynayacaq? - “Bu, tarixi şansı qaçırmaqla nəticələnə bilər” – ŞƏRH

89203

“Bu cür futbola “ürəkbulandırıcı” statusu vermək lazımdı. “Viktoriya” mənə 2004-cü ilin Yunanıstan yığmasını xatırlatdı. Bəli, həmin vaxt Qədim Ellada təmsilçisi Avropa çempionu oldu, ancaq bütün dünyanı bu əsrarəngiz oyundan iyrəndirdi”.

Bu fikirləri Bizim.Media-ya tanınmış idman jurnalisti, futbol şərhçisi Ceyhun Əliyev  “Qarabağ” (Ağdam) komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki ilk oyunu ilə bağlı şərhində bildirib.

Şərhçinin sözlərinə görə, dünənki oyun heç də futbol sevərlərin könlüncə olmayıb:

“Bax, çexiyalılar da ötən gün futbolun gözəlliyinə tüpürdülər. Bəli, mühafizəkar insanlar deyə bilər ki, əsas nəticədi və kim necə bacarır elə də istəyinə çatır. Ancaq həyatının böyük hissəsini bu idman növündə keçirən heç bir kəs Plzen təmsilçisinin göstərdiyi oyuna futbol deməz.
 

MÖVZU İLƏ BAĞLI:

Çempionlar Liqası: "Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi 


Biz “Ferentsvaroş”la Bakıdakı görüşdə də qapalı komanda görmüşdük. Ancaq Macarıstan təmsilçisi də bu qədər qapalı oynamadı. Zənnimcə, “Viktoriya”nın baş məşqçisi Mixal Bilek Stanislav Çerçesov (“Ferentsvaroş”un çalışdırıcısı) qədər naşılıq etməyəcək.

Xatırlayırsınızsa, rusiyalı mütəxəssis Bakıdakı 1:1-dən sonra Macarıstanda Azərbaycan çempionuna açıq futbol təklif etmişdi və nəticədə onun komandası 1:3 uduzmuşdu”.

Avqustun 23-də Çexiyada keçiriləcək cavab görüşünün gözləntiləri isə bütün azarkeşləri maraqlandırır. Bəs “Qarabağ”ı Çexiyada nələr gözləyir?

“Bilek Qurban Qurbanovun biləyinin gücünü bilir. O, özündənrazı Çerçesov qədər “hərif” deyil. Fikrimcə, Plzendə də bizi olduqca eybəcər 90, böyük ehtimalla 120 dəqiqə gözləyir. Bu cür komandaların qapısına yol tapmaq olduqca müşkül məsələdi.

Onlar topu axtarmır, rəqibin əsas “beyinlər”i sayılan futbolçuların ovuna çıxır. Bunu Qurbanov da gözəl başa düşür.

Başqa sözlə, qol buraxsaq, əvəzini çıxmaq demək olar ki, mümkünsüz olacaq. Bax, bu səbəbdən də Ağdam təmsilçisinin başıalovlu irəli atılacağına inanmıram. Rəqib qapalı oynayacaqsa, çempionumuz da buna uyğun taktika seçməlidir: səbrlə maksimal olmayan qüvvəylə boşluqlar axtarmaq. Müdafiədə az sayda qalmaq, yaxalanmaq tarixi şansı qaçırmaqla nəticələnə bilər”, - deyə C.Əliyev keçiriləcək cavab görüşünü şərh edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO