Şəhriyarla Teymuru görəndə gözüm Vüqarı axtarır – Vüqarsız 7 il - FOTO 

Şəhriyarla Teymuru görəndə gözüm Vüqarı axtarır – Vüqarsız 7 il - FOTO 

Hazırda oxunan: Şəhriyarla Teymuru görəndə gözüm Vüqarı axtarır – Vüqarsız 7 il - FOTO 

8069

Bu gün Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun anım günüdür.

Bizim.Media xəbər verir ki, bununla bağlı idman şərhçisi Sənan Şəfizadə “Facebook” sosial şəbəkəsində mərhum şahmatçının fotosunu yayımlayaraq, onun xatirəsini yad edib.

“Tarixi an. Vüqarın rəqibi şoka saldığı şəkildi. 



Serbiyaya yola düşəndə balaca fotoaparatımla tarixi anları lentə alacağımı ağlıma gətirmirdim.

Əslində Novi Sada gəldiyim gün yaxşı olmayan hadisələr baş verdi. Millimiz ardıcıl qələbələrdən sonra ilk dəfə məğlubiyyət acısı yaşadı, oyundan sonra Sərxan Həşimovla otelin liftində qalmağımız əhvalımızı daha da korladı.

Uğursuzluq bununla bitdi və şahmatçılar sonrakı turlarda yalnız qələbə qazandı. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ilk tarixi uğurunun hər dəqiqəsini yaxşı xatırlayıram.

Çempionatın sonuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandasını məğlub etməliydi.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova yönəldi.

Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi”,- deyə, o, qeyd edib.

O, həmin oyunda Vüqarın oyunu 5 saat davam etdirdiyini və yorğunluğuna baxmayaraq, sonda bütün səylərinin nəticəsində Azərbaycana çempionluq qazandırdığını da yazıb.

''Hamı oyunu bitirib və lövhə qarşısında yalnız Vüqar mübarizəni davam etdirir. Saatlar keçir, yorğunluq özünü göstərir. Vüqarın oyununda bərabər vəziyyət yaranır, yalnız beşinci saat Həşimov rəqibi səhv etməyə məcbur edir. Ümid artır. Şəhriyarın üzü gülür, Teymur bəndənizə "narahat olma, yaxşı olacaq'' söyləyir.

''Rauf Məmmədov "Sənan bu gün çempion bizik. Bunu qırmızı hərflərlə yazarsan" deməklə məni daha da ürəkləndirir.  Və bütün arenanın diqqəti Vüqar Həşimova yönəlir. Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın tarixi gedişindən sonra Stelvagen uduzduğunu etiraf edir. Və Azərbaycan ÇEMPİON elan olunur!'' 

Sevincimizdən ağlamaq istəyirik. Hamı bizi təbrik edir.



Vüqar çoxlu sayda əcnəbi jurnalistin qarşısında yeganə azərbaycanlı media nümayəndəsi - bəndənizə yaxınlaşaraq yavaş səslə deyir:

"İlk müsahibə sənindi. Çünki sən həmişə bizimləsən". 

Sonda S. Şəfiyev Azərbaycan xalqnının Vüqarı heç vaxt unutmayacağını, onu hər zaman xatirələrdə yaşadacağını da qeyd edib.

“Vüqar, Şəhriyar, Teymur, Rauf, Qədir, Eltacı həmişə birlikdə görmüşəm. Son 7 ildə Vüqarın bizimlə olmaması çox kədərlidir. Şəhriyarla Teymuru görəndə özümdən asılı olmayaraq gözüm Vüqarı axtarır. Çünki bu üçlük dünyanın istənilən şahmat komandasını mat edə bilərdi. 11 yanvar Vüqarın bizi tərk etdiyi gündür. Azərbaycan Vüqarı və vüqarlı çempionluğu heç vaxt unutmayacaq. Ruhun şad olsun çempion”.

P.S Çəkdiyim tarixi fotonu ilk dəfə paylaşıram.

Qeyd edək ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın "Heydelberq" Klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO