Regionlarımızda, eləcə də paytaxtda yerləşən bir sıra olimpiya komplekslərinin əksəriyyətinin heç də qənaətbəxş vəziyyətdə olmadığı məlumdur. Onlardan bir çoxunun açılış mərasimləri baş tutduqdan sonra ümumiyyətlə istifadəsiz qaldığı ilə bağlı iddialar da mətbuatda tez-tez qabardılıb.
Bundan əlavə, 2022-ci ilin fevralında Yardımlı Olimpiya Kompleksinin əxlaqsızlıq yuvası kimi istifadə olunduğu üzə çıxmış və idman ocağının direktoru Natiq Talıbov işdən azad edilmişdi.
Onu da qeyd etməliyik ki, bu hadisədən sonra gənclər və idman naziri Fərid Qayıbov Olimpiya Komplekslərinin rəhbərləri ilə görüş keçirərək, komplekslərin idarəetməsində yeni yanaşmaya ehtiyac olduğunu diqqətə çatdırıb.
Dünən isə məşhur şahmatçımız Zeynəb Məmmədyarova Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub.
Yeni təyinat fonunda əksəriyyət idman komplekslərinin rəhbər vəzifələrinə idmançıların gətirilməsini müsbət addım kimi qiymətləndirib və bu tendensiyanın davam etməsinin regionlarda idmanın inkişafına töhfə verə biləcəyini bildiriblər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman eksperti, “qol.az” saytının baş redaktoru Aydın Bağırov 2000-ci illərdən başlayaraq, Azərbaycanda olimpiya idman kompekslərinin tikilməyə başlanıldığına diqqət çəkib:
“Hal-hazırda bölgələrdə və paytaxtda onlarla olimpiya kompleksi var. Amma həmin komplekslər bir çox halda təyinatı üzrə istifadə olunmayıb. 90% hallarda orada yeni idmançılar yetişməyib və bu, problem olaraq qalmaqdadır. Dəfələrlə bu məsələ media, ekspertlər tərəfindən gündəmə gətirilsə də, problemin bir çox səbəbləri var. Əsas problemlərdən biri də, idarəetmənin düzgün qurulmaması ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən lazımi nəzarətin olmaması problemləri daha da qabardan faktorlardandır:
“Həmin komplekslərə mütləq şəkildə ciddi nəzarət olmalıdır ki, onlar idmançıların yetişdirilməsi üçün istifadə olunsun. Komplekslər idmançıların ora cəlb olunması istiqamətində işləməlidir. Görürük ki, bölgələrdə idmana maraq əvvəlki səviyyədə deyil. Dövlət tərəfindən gözəl komplekslər tikilib və onlar idmanla məşğul olan şəxslərin ixtiyarına verilməlidir”.
Aydın Bağırov komplekslərdə rəhbər vəzifələrə idmançıların gətirilməsinin müsbət addım olduğunu da sözlərinə əlavə edib:
“Lakin bu gün bir dəyişiklik varsa, nələrinsə yoluna düşəcəyi ilə bağlı proqnoz vermək çətindir. Buna rəğmən, istənilən halda tanınmış bir idmançının direktor olması müsbət haldır. Ümumiyyətlə, həmin komplekslərdə idmançılar rəhbərlikdə olub-olmasından asılı olmayaraq idarəetmədə iştirak etməlidirlər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İdman
15:27 / 08.06.2022
Olimpiya komplekslərinə idmançıların təyin olunması bərbad vəziyyəti dəyişəcəkmi? - MÜNASİBƏT
Hazırda oxunan: Olimpiya komplekslərinə idmançıların təyin olunması bərbad vəziyyəti dəyişəcəkmi? - MÜNASİBƏT
Hazırda oxunan: Olimpiya komplekslərinə idmançıların təyin olunması bərbad vəziyyəti dəyişəcəkmi? - MÜNASİBƏT
78285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.