Futzal üzrə Azərbaycan çempionatının 16-cı turunda maraqlı hadisələr yaşanıb. Belə ki, bu tur keçirilməli olan “Neftçi” – “Lənkəran” və “Şuşa” – U-19 görüşləri baş tutmayıb. Səbəb “Lənkəran” və “Şuşa” kollektivlərinin meydana çıxmamalarıdır.
“Lənkəran” komandası maliyyə çətinliyinə görə artıq çempionatda iştirak edə bilməyəcəyini federasiyaya rəsmi şəkildə çatdırıb. “Şuşa” komandası da müəyyən təşkilati məsələlərə görə təyin olunan vaxtda meydana çıxa bilməyib.
Bəs görəsən adıçəkilən klubların maliyyə çətinliyi ilə üzləşməsi nə ilə əlaqədardır?
Bununla bağlı Futzal Federasiyasına müraciət etdik. Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən qurumun mətbuat katibi Mahal Məmmədov məsələnin gündəmdə olduğunu deyib. Onun sözlərinə görə hətta federasiya bəzi klublara maliyyə yardımı da göstərir:
“Əslində böyük futbolda olduğu kimi futzal çempionatında federasiyanın hansısa kluba maliyyə yardımı göstərməsi nəzərdə tutulmayıb. Ancaq bununla belə biz bəzi klublara yardım etmişik. Misal üçün elə çempionatın startından “Şuşa” komandasına dəstək göstərmişik. Sadəcə olaraq bu dəfə onların müəyyən problemləri yaranıb ki, həmin problemlərin də həllinə çalışacağıq. Yəni “Şuşa” komandasına dəstəyimiz davam edəcək.
“Lənkəran” komandasına gəldikdə isə onların elə mövsümün əvvəlindən işlərinin çətin olacağı gözlənilirdi. Çünki büdcələri aşağı idi. Yanvar ayından sonra bu artıq qabarıq surətdə özünü biruzə verirdi. Ona görə də sonda belə vəziyyət ortaya çıxdı. “Lənkəran” artıq çempionatda iştirak edə bilməyəcək”.
Qeyd edək ki, “Lənkəran” komandası çempionatdakı oyunların 50 faizində iştirak etdiyinə görə “Neftçi” klubuna qələbə verilib. “Şuşa” – U-19 oyununun taleyinə isə AFFA Nizam-İntizam Komitəsinin iclasında aydınlıq gələcək.
Bizim.Media


































































































