Bu gün qürur və fəxarət yerimiz “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində növbəti - VI oyununa çıxır. Ağdam təmsilçiləri bu dəfə doğma meydanda - Tofiq Bəhramov adına stadionda Niderlandın “Ayaks” komandasını sınağa çəkəcək.
Hazırkı vəziyyətdə komandamız 7 xalla turnir cədvəlində 19-cu, “Ayaks”sa 0 xalla 36-cı yerdə qərar tutub. Turnir cədvəlinə baxanda “Qarabağ” açıq-aşkar fovarit görünür. Üstəlik komandamız doğma meydanda, güclü azarkeş dəstəyi ilə oyuna çıxacaq.
Lakin bütün bu faktorlara rəğmən, Qurban Qurbanovun yetirmələrinin asanlıqla qələbə qazanacağını demək çox çətindir. Hətta demək olar ki, “Ayaks”la bugünkü mübarizə “Qarabağ”ın buna qədər keçirdiyi ən çətin oyun olacaq.
Bunun da bir sıra səbəbləri var.
Əvvəla “Ayaks”ın 0 xalı var. Ona görə də komandanın itirəcəyi bir şey yoxdur. Rəqib meydana ancaq qələbə üçün çıxacaq. Bu faktor da futbolçularımız üzərində əlavə psixoloji basqı yaradacaq.
İkincisi, uğursuz mövsüm başlanğıcından sonra “Ayaks”da məşqçi dəyişikliyi olub. Yeni baş məşqçi komanda ilə keçirdiyi ilk 2 oyunda qələbə qazanıb və buf=günkü oyuna da qələbə əzmi ilə çıxacaq.
Belə demək mümkünsə, “Qarabağ”la oyun baş məşqçi üçün komanda rəhbərliyi qarşısında, oyunçularınsa yeni baş məşqçi qarşısında ilk mühüm və çətin sınağı olacaq. Ona görə də həm baş məşqçi, həm də oyunçular bu görüşə çox ciddi hazırlaşıb.
Üçüncü səbəbsə odur ki, “Ayaks” zəngin futbol ənənəsi olan, Çempionlar liqasının qalibi olmuş, Avrokuboklarda hər zaman yüksək nəticələr əldə etmiş bir komandadır. Belə adlı-sanlı komandaya qarşı oynamaq komandamız üçün təbii ki, çətin olacaq.
Qarşılaşmanın çətin keçəcəyini komandamızın baş məşqçisi Qurban Qurbanov da etiraf edib.
Mütəxəssis "Ayaks"ın 5 oyundan sonra xalsız olmasını "ən təhlükəli məqam" adlandırıb.
“Ayaks” komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim də dünənki mətbuat konfransında bildirib ki, “sabah xal qazanmaq niyyətindəyik”.
Göründüyü kimi hər iki komanda meydana qələbə üçün çıxacaq. Bu da görüşün kifayət qədər gərgin keçəcəyindən xəbər verir.
“Qarabağ” qalib gəlsə, nə olacaq?
Təbii ki, Ağdam təmsilçisi bu oyunda qələbə qazanmaqla tarixi bir uğura imza atmış olacaq.
İlk növbədə komandanın növbəti mərhələyə çıxmaq imkanları 90-95 faiz həll olunmuş olacaq. Digər tərəfdən komandada olan mübarizlik və qələbə ruhu daha da yüksələcək və “Qarabağ” növbəti oyunlara daha istəkli və yüksək əhval-ruhiyyədə çıxacaq.
Ən nəhayət qazanılacaq qələbə həm “Qarabağ”ın, həm də Milli komandamızın reytinqini bir qədər də yüksəldəcək, komandanın büdcəsinə daha 5 milyon manat əlavə olunacaq.
Bəs, “Qarabağ” məğlub olsa nə olacaq?
Gözləmədiyimiz məğlubiyyət təbii ki, hər birimizi üzəcək. İlk növbədə də “Qarabağ”ın heyəti arzuolunmaz nəticədən təsirlənəcək. Əvəzində isə komandamız özünün əyər-əskiklərini görəcək, məğlubiyyətdən nəticə çıxardacaq, növbəti oyunlara daha diqqətli və əzmkar çıxacaq.
Nəzərə alaq ki, “Ayaks” Avropanın TOP 10 komandasından biridir. Belə bir komandaya uduzmaqsa, faciə deyil.
Təbii ki, biz bu axşam komandamızdan ancaq qələbə gözləyirik, bunu arzu edirik. Amma qələbə və ya məğlubiyyət olsa belə, biz hər zaman “Qarabağ”ın yanındayıq. Çünki Qarabağ Azərbaycandır.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Surxay Atakişiyev, Bizim.Media


























































































