“Üzgüçülük üzrə Paralimpiya çempionu Roman Saleyin Azərbaycanı təmsil etməsi öz qərarıdır. Bu praktika bütün dünyada var”.
Bizim.Media xəbər verir ki, bunu Belarusun idman və turizm naziri Sergey Kovalçuk deyib.
Bakıda işgüzar səfərdə olan və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla birgə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatını izləyən Sergey Kovalçukun iştirakı ilə mətbuat konfransı keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Tokiodan ölkəsinə qayıtmayan belaruslu idmançı medalını hərraca çıxardı - FOTO
O, belaruslu atletlərin Azərbaycan adından çıxış etməsi barədə sualı cavablayıb. Sergey Kovalçuk bunu normal qarşıladığını bildirib:
“Stolüstü tennisi götürək. Hansı idmançılar hazırda stolüstü tennisdə Avropada 1 nömrə sayılır? Bütün ölkələrin heyətində çinlilər var. Nəyə görə? Mən idmançının digər ölkə adından çıxış etməsini tamamilə normal qarşılayıram.
Hesab edirəm ki, belə gəlmələr idmandakı rəqabəti gücləndirir və idmançıların müəyyən səviyyəsinə çatmasına kömək olur. Bu, yaxşı, normal haldır. Təbii ki, çalışıb öz idmançılarını yetişdirməlisən. Bəzən həmin idmançılar öz ölkəsində rəqabətə dözməyərək başqa dövlət adından çıxış etməyə can atır.
Belaruslu atlet Azərbaycandan bir xanımla evlənib qalırsa, biz ancaq həmin idmançıya görə sevinə bilərik.
Yunan-Roma güləşində 2-3 azərbaycanlını heyətimizə götürmüşdük. Onlar layiqli çıxış edirlər, ancaq dünya çempionatı zamanı öz komandalarında heyətə düşə bilmirdilər. Niyə də gəlib bizdə çıxış etməsinlər? Nəinki çıxış etsinlər, hətta azərbaycanlı güləşçiləri məğlub etsinlər (gülür). Təbii ki, bunu zarafatla deyirəm. İdmanı digər məsələlərə qatmayaq. Bunlar yaxşı haldır”.
Qeyd edək ki, Belarus millisi 18-21 noyabr tarixlərində Bakıda keçirilmiş batut gimnastikası üzrə XXXV dünya çempionatında sinxron tullanmada və fərdi komanda çıxışında qızıl medal, eləcə də Oleq Ryabtsevin ifasında individual çıxışda bürünc medal qazanıb.
Bizim.Media