Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiyanın qonağı olacaq. İndiyə qədər keçirdiyi 3 oyundan sıfır xal qazanan yığma ən zəif komandalara belə məğlub olub.
Bəs, futbol ekspertləri milli komandanın şanslarını necə dəyərləndirir?
"Qol.az" saytının redaktoru, əməkdar jurnalist Aydın Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, seçmə mərhələ Azərbaycan millisi üçün çox uğursuz alınıb.
MÖVZU İLƏ BAĞLI:
Futbolumuz yeni tarix astanasında: Favorit “Qarabağ”dır, yoxsa “Bazel”? - RƏYLƏR
Onun fikrincə, bundan sonra da oyunlarda ciddi bir nəticə olmayacaq.
“Təəssüflər olsun ki, son illər bu istiqamətdə AFFA tərəfindən konkret hədəf müəyyənləşdirilmir. Biz hələ də başa düşmürik ki, komandamız orada nəticə, yoxsa sadəcə iştirak üçün oynayır. Çünki ortada heç bir nəticə yoxdur. Hər il federasiyaya 20 milyon manatdan artıq pul ayrılır və bu məbləğ qarşılığında komandaya xarici məşqçilər gətirilir.
Ancaq nəticə yenə də sıfrın altındadır. Yox əgər iştirak üçün oynayırıqsa, onda məşqçiyə nə ehtiyac var? Furbolçular özləri heyət müəyyənləşdirib oynasınlar, bəlkə o zaman xal da qazanmaq olar”.
Ekspert komandaya cəlb edilən xarici məşqçilərdən də söz açıb.
“İndiyə qədər olan təcrübələr göstərdi ki, Azərbaycan millisi üçün xarici məşqçi modeli yaramır və bu uğursuz bir seçimdir. Ona görə də mütləq mənada yerli məşqçiyə üstünlük verilməlidir. Çünki xarici məşqçi bizim yerli futbolçularımızın mentalitetinə bələd deyil və onun gəlib komanda qurmağı çox çətin olur. Lakin buna baxmayaraq, bizim futbolçularımız Mahir Əmrəli, Vüsal İsgəndərli, Anatoliy Nuriyev xaricdə çox gözəl nəticələr göstərirlər. Bu artıq baş məşqçinin özü ilə bağlı bir problemdir.
Ümumiyyətlə həm milli çempionatının səviyyəsinin aşağı olması, həm komanda sayının azlığı, bölgələrdə futbolun yox səviyyədə olması, həm də uşaq futbolundakı problemlər səbəbindən bu gün Azərbaycan futbolu ciddi kadr böhranı yaşayır”.
Aydın Bağırov həmçinin qeyd edib ki, baş məşqçi idmançılara təkcə taktiki təlim keçməməlidir, o, eyni zamanda onları oyunlara psixoloji cəhətdən də hazırlamalıdır.
“Futbolda motivasiya və baş məşqçinin açıqlamaları çox önəmlidir. Ümumiyyətlə, Canni De Byazi futbolçuları motivasiyadan salacaq bütün açıqlamalardan qaçmalıdır. Baş məşqçi hər zaman komandaya təkcə taktiki yox, psixoloji olaraq da futbolçunu oyuna hazırlamağı bacarmalıdır. Onun “yerimiz 5-ci yerdir” tipli açıqlamaları istənilən halda idmançılarda ruh düşkünlüyü yaradır və bu da nəticələrdə özünü daha da qabarıq şəkildə biruzə verir”.
Vüsalə Balayeva, Bizim.Media