Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, yarışın birinci günündə 14-15 yaşlı yeniyetmələrin kumite yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz Rəşid Süleymanov Devid Frederiksonu (Danimarka) 3:0, Fran Hostu (Gürcüstan) 4:1 hesabla məğlub edib, Zuniga Mateo (Almaniya) ilə görüşdə hesab 0:0 olub.
Karateçimiz yarımfinalda Kiril Miçkonu (Rusiya) 2:0 hesabı ilə üstələyərək finala yüksəlib. Həlledici mərhələdə karateçimiz Artem Şaruba (Belarusiya) ilə mübarizə aparacaq.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Qeyd edək ki, 14-15 yaşlı yeniyetmələrdə 6 idmançı, 16-17 yaşlı gənclərdə 8, 21 yaşadək gənclər arasında isə 10 karateçimiz mübarizə aparır. Onlardan 19-u kumite, 5-i isə kata yarışlarında iştirak edir.
Qitə çempionatının görüşlərini 5 hakimimiz idarə edir. Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparır.
Bizim.Media