Azərbaycan çempionu “Neftçi” Konfrans Liqasında debüt edib.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqası ilə vidalaşan Bakı təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirinə pley-offdan başlayıb.
Samir Abasovun yetirmələri Hayfa “Makkabi”si ilə ilk görüşü evdə keçirib. İsrail çempionu ilə qarşılaşma uğursuz başlayıb.
Rəqibin zərbəsindən sonra Voislav Stankoviçə çarpan top erkən qola səbəb olub. Məğlub duruma düşməsinə baxmayaraq, sonadək mübarizə aparan “Neftçi” oyunda dönüş yaratmağa müvəffəq olub.
Fasilədən sonra Yusuf Laval səhnəyə çıxıb. İki qol vuran legioner bakılıları hesabda önə çıxarıb. Onun assistini qola çevirən Emin Mahmudov fərqi artırıb. Amma bakılılar azlıqda qaldıqdan sonra üstünlüyü əldən verib. İki qol vuran israillilər 3:3 hesablı sülhə nail olub.
Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.
Bizim.Media