Miodraq Bojoviç:

Miodraq Bojoviç: "Oynadığımız oyun ürəyimcə deyil"

Hazırda oxunan: Miodraq Bojoviç: "Oynadığımız oyun ürəyimcə deyil"

177483

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan (1:1, ilk oyun - 3:2) sonra mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis ümumi hesabda rəqibi üstələyərək yarımfinala adlamaqlarını şərh edib:

“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz oldu. Eyni zamanda "Sumqayıt" da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Bəlkə də, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci hissə də azarkeşlər üçün maraqlı, bizim üçün isə bir az əsəbi keçdi. Çünki başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi dəstək göstərdilər".

O, futbolçusu Lukas Melanoya oyun şansı verməməsi haqqında danışıb:

"Melano çoxdandır ki, zədəlidir. Fiziki durumunu bərpa edir".

Baş məşqçi hücumda kifayət qədər effektiv olmayan Brayan Moreno və Yeqor Boqomolskinin yerinə əvəzedici heyətdə hər görüşdə qol vuran Ağadadaş Salyanskiyə şans verməməsinin səbəbini belə izah edib:

"Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik".

M.Bojoviç mərhələ adlamaqlarına baxmayaraq, komandasının oyunundan tam razı qalmadığını bildirib:

"Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələ adlamaqdır. Heç vaxt oynadığımız oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Biz layiqli şəkildə qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, oyunda qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi".

Mütəxəssis yarımfinalda "Qarabağ"a qarşı keçirəcəkləri oyunlara da toxunub:

"Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna iki ay vaxt var".

O, sonda "Oyunda qeyri-müəyyənliyin olduğunu dediniz. Bu, hakimliklə bağlıdır" sualını cavablandırıb:

"Oyuna diqqətlə baxmısınızsa, məncə, bu artıq aydındır. Bu barədə mən danışmamalıyam".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO