"Futbolçularımı təbrik edirəm. Futbolçular çox əziyyət çəkdi. Çox vacib üç xal əldə etdik".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.
Mütəxəssis baxımlı bir oyunun keçdiyini bildirib: "Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Maraqlı oyun keçdi. Azarkeşlər üçün baxımlı matç oldu.
"Qəbələ" son oyunda da çox yaxşı performans göstərmişdi, bu gün də şahidi olduq. İlk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər".
Mütəxəssis futbolçusu Juninyonun sabiq klubu “Çaveş”dəki çıxışına və indi "Qarabağ"da qolları sıralamasına toxunub:
"Burada daha yaxşıdır. İki il öncə də onunla maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı deyiləm. Həm mən, həm özü də daha yaxşı Juninyo görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyo deyil".
Baş məşqçi digər futbolçusu Patrik Andrade haqqında isə bunları deyib:
"Hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. İdman formasını bərpa edir. Oynadıqca daha yaxşı olacaq. Patrikdə bacarıq, təcrübə var. Qarşıdakı matçlarda çox istərdim ki, daha yaxşı Patrik görüm".
Q.Qurbanov "Rəqiblərlə xal fərqiniz artırdız. Futbolçularda rahatlaşma yarana bilərmi" sualını cavablandırıb:
"Ola bilər. Sırf nəticəyə görə yox, istər-istəməz gərgin, sıx qrafikdir. O, bir az futbolçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafiklə giririk. Ola bilər lki, hansısa futbolçuda bu görünməsin. Futbolçudur da, rahatlığı həmişə axtarır. Bu gün oyunun gedişatında gördüm arxayınlığı.
İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda, daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanda olsaydı, daha rahat qəbul edərdi epizodu. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur".
O, komandaya yeni mərkəz müdafiəçisi cəlb edib-etməyəcəkləri barədə bunu deyib:
"Sırf Medinaya görə yox, ümumən hər mövqedə dəyişiklik etmək istəyirik. Ola bilər ki, belə addım ataq, komandaya mərkəz müdafiəçisi gətirək. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə də qalırıq. Ona görə belə fikrimiz var. O demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsun".
Sonda baş məşqçi "Adama Diakabi və Redon Cicanın ayrılığı gözlənilə bilər" sualına cavab verib: "Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir".
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 05.12.2023
"Heç bir futbolçunun gedişi gözlənilmir" - Qurban Qurbanov
Hazırda oxunan: "Heç bir futbolçunun gedişi gözlənilmir" - Qurban Qurbanov
Hazırda oxunan: "Heç bir futbolçunun gedişi gözlənilmir" - Qurban Qurbanov
167454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.