Federasiya Prezidenti: Oktyabrın 29-da bodibildinq üzrə yubiley çempionatı keçiriləcək

Federasiya Prezidenti: Oktyabrın 29-da bodibildinq üzrə yubiley çempionatı keçiriləcək

Hazırda oxunan: Federasiya Prezidenti: Oktyabrın 29-da bodibildinq üzrə yubiley çempionatı keçiriləcək

160852

Son illərdə Azərbaycanda bodibildinq və fitnessə maraq xeyli artıb. Xüsusilə paytaxtda fitness idman zallarının sayı günü-gündən artır.

Ancaq bu idman zallarının heç də hamısı beynəlxalq standartlara cavab vermir.Üstəlik, məşqçilər çox vaxt bədən quruluşunu yaxşılaşdırmaq istəyən və yaxud sadəcə sağlamlıq üçün zallara axın edən gənclərə düzgün istiqamət vermirlər. Əslində isə bodibildinqdə məşqçi amili və qidalanma çox önəm daşıyır.

Bizim.Media ilə həmsöhbət olan Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev Azərbaycanda bu sahədə ən güclü mütəxəssis hesab olunur.Elə bodibildinqin ölkəmizdə yaradıcısı da məhz o sayılır.

Beynəlxalq federasiyada mühüm vəzifə tutan azərbaycanlı

Rauf Bünyadəliyev indiyə qədər 20-dən çox mükafata layiq görülüb. O həmçinin Beynəlxalq Bodibildinq Federasiyasının İcraiyyə Komitəsinin üzvü və baş katibin müavinidir. Bu həmin qurumda nüfuzuna görə 5-ci vəzifə sayılır.

Bünyadəliyev bildirir ki, Azərbaycanda Bodibildinq Federasiyasının yaranması 1993-cü ilə təsadüf edib:


“O vaxt 3 federasiya Bodibildinq, Armreslinq və Paverliftinq bir qurum altında birləşmişdi. Məh hesab etdim ki, bodibildinq müstəqil qurum kimi fəaliyyət göstərməlidir. Ona görə də 1993-cü ildə Azərbaycan Bodibildinq Federasiyasını yaratdıq. Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdikdən sonra elə həmin il Beynəlxalq Bodibildinq Federasiyasına üzv olduq. 1994-ci ildə ilk dəfə həm federasiya prezidenti, həm də idmançı kimi beynəlxalq yarışda iştirak etdim.

1998-ci ildə isə Azərbaycanda ilk kommersiya turnirini təşkil etdik. Mükafat fondu 10 min dollar idi. Yeri gəlmişkən, ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev həmin dövrlərdə bizə böyük dəstək verib və indi də onun qayğısını görürük. Biz cənab Prezidentə fəxri medal da təqdim etmişdik.

Əvvəl Avropa, sonra dünya çempionatını

Bakıda keçirtdik. Həmin dövrlərdə beynəlxalq yarışları qəbul etmək çox çətin idi. Çünki rəqabət çox idi. Ölkələr sıraya düzülmüşdü. Bununla belə biz beynəlxalq federasiyanı inandıra bildik. 2001-ci ildə ilk dəfə Avropa çempionatını Bakıya saldıq. Həmin yarışda təmsilçimiz Tahir Faxruddinov qitə çempionu oldu. Komanda hesabında isə 4-cü olduq. 2007-ci ildə növbəti Avropa çempionatı, 2010-cu ildə isə dünya çempionatı Bakıda keçirildi.


Burada çox gərgin rəqabət olmasına baxmayaraq, Azərbaycan 66 ölkə arasında komanda hesabında yalnız Misir və Koreyadan geri qalaraq 3-cü yerə layiq görüldü. 2015-ci ildə Avropa Oyunları ərəfəsində keçirilən nümunəvi turnirdə isə 5 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq.

Azərbaycan idmançısı Avropanın ən güclüsüdür

Mən xüsusilə son Avropa çempionatını qeyd etmək istəyirəm. Bu yarışda 15 idmançımızın hamısı medal qazandı. 2 mütləq çempionumuz oldu. Onlardan biri Yusif Nurullayev Avropanın ən güclü idmançısı seçildi.

Yubiley çempionatı

Oktyabrın 29-da bodibildinq üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. “Elektro Hall”da təşkil olunacaq yarış xüsusi əhəmiyyət daşıyır. Çünki turnir federasiyanın yaradılmasının 30 illiyinə həsr olunacaq. Burada 70-dan çox idmançının iştirakı gözlənilir. Yeri gəlmişkən, Azərbaycan çempionatında yalnız federasiya tərəfindən üzvlüyə qəbul olunmuş zalların idmançıları iştirak edəcək. Yarışda mens fizik, bikini fitness, klassik fizik, bikini fitness, klassik fizik, bodibildinq, klassik bodibuldinq və digər növlər üzrə qaliblər müəyyən olunacaq”.


Steroid və biokimyəvi maddələr qəbul etmək olmaz

Rauf müəllim həmçinin son vaxtlar bəzi "məşqçi"lərin idmançıları düzgün yönləndirmədiyini israrla bildirir. Xüsusilə steroidlər və biokimyəvi maddələr, hormonal vasitələrin insan orqanizmi üçün zərərli olduğunu diqqətə çatdıran federasiya rəsmisi gəncləri onların qəbulundan uzaq olmağa çağırır: “Mən xüsusilə valideynlərə səslənirəm. Uşaqlarınızı hara gəldi zala yazdırmayın. Onları peşəkarlara etibar edin. Çünki yalnız peşəkar düzgün məşq keçə, yönləndirə bilər. İndiki halda hamı elə bilir ki, steroidlər, biokimyəvi maddələrlə bədən şişirtmək olar. Ancaq bu ziyandır və qəbuledilməzdir.


Bodibildinq klublarına lisenziya verilməlidir

Rauf Bünyadəliyev xüsusilə bodibuldinq zallarına və klublarına xüsusi lisenziyanın verilməsinin tərəfdarıdır: “Mən dəfələrlə demişəm ki, bu idman növü üzrə yalnız spesifik mütəxəssislər işləməlidir. Ancaq indi kim gəldi zal açır, işləyir. Belə olmaz. Gənclər və İdman Nazirliyi bu işə nəzarət etsə, yaxşı olar. Onlara xüsusi lisenziya verilməlidir. Hətta vəziyyət o həddə çatıb ki, indi artıq yeni alternativ federasiya yaradıblar. Ancaq yeganə və rəsmi federasiya bizik və ötən ilin may ayında nazirlik bizi qeydiyyata alıb”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO