\

\"Molde\"nin baş məşqçisi: “\"Qarabağ\" komanda kimi \"Qalatasaray\"dan yaxşı çıxış edir\"

Hazırda oxunan: \"Molde\"nin baş məşqçisi: “\"Qarabağ\" komanda kimi \"Qalatasaray\"dan yaxşı çıxış edir\"

156408

“Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. “Qarabağ” yaxşı təzyiq göstərməyi bacarır. Xüsusilə də, ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Molde”nin baş məşqçisi Erlinq Moe deyib.

Mütəxəssis ev oyununda daha yaxşı çıxış edəcəklərinə inanır:

“Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Amma inkişaf etməliyik”. 

O, əvəzetmələrə gec əl atmasının səbəbini belə izah edib:

“Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra rəqib yaxşı çıxış etdi”. 

“Molde”nin çalışdırıcısı məğlubiyyətdən sonra özünü yaxşı hiss etmədiyini vurğulayıb:

“Məğlub olmağı sevmirəm. Ona görə də özümü yaxşı hiss etmirəm. Bu gün yaxşı oynamadıq. Bir addım geridəydik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq”. 

Erlinq Moe “Qarabağ”ın qrup ikinciliyi uğrunda daha şanslı olması barədə sualı belə cavablandırıb:

“Məncə, nəsə demək üçün hələ erkəndir. Cəmi bir oyun keçirmişik. Bir neçə turdan sonra konkret nələrsə demək olar. "Bayer" favoritdir, razıyam, Almaniyada da yuxarı pillədədir. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq”. 

O, Çempionlar Liqasının pley-offunda qarşılaşdıqları "Qalatasaray"la "Qarabağ"ın müqayisəsi barədə bunları söyləyib:

“Qarabağ” bugünkü oyunda bizə oynamaq üçün çox az ərazi verdi. "Qalatasaray" yaxşı komandadır, güclü oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir demək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" komanda kimi daha yaxşı çıxış edir”. 

Sonda Erlinq Moenin fikirləri azərbaycanlı jurnalistlərin alqışına səbəb olub:

“Son olaraq, əlavə etmək istərdim ki, Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladı. Çətin dönəmdə olduğunuzu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey Azərbaycan üçün yaxşı olacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO