Lənkəranda səhər partlayış baş verən evdə axşam saatlarında yanğın olub.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, axşam 18:30 radələrində həmin evdə yanğın baş verib. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürən vasitəsilə yanğının qarşısı axşam 20:00 radələrində alınıb. Yanğınsöndürənlər və qaz idarəsi işçiləri hələ də hadisə yerindədirlər.
Səhər saatlarında olan partlayışın evdə qaz sızmasından baş verdiyi bildirilsə də, axşam saatlarından həmin evdə qeydə alınan yanğının qəsdən törədildiyi bildirilir. Əməkdaşımızın dediyinə görə, ev mübahisə mövzusu olduğundan yanğının bilərəkdən edildiyi istisna olunmur.
Partlayış nəticəsində bütün ailə üzvləri yaralanmışdı. Lakin ailə başçısı İsmayıl Nağdəli oğlu Zərbiyevin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Liman şəhəri, Rəsulzadə küçəsi 167 ünvanında bir evdə yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə ailə başçısı 1971-ci il təvəllüdlü İsmayıl Nağdəli oğlu Zərbiyev, onun həyat 1973-cü il təvəllüdlü yoldaşı Elnarə Zərbiyeva, uşaqları Kənan, Nərmin, Aytac müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Evin bir hissəsi partlayışın zərbəsindən dağılıb.

































































































