“Bunun əksini sübut edəcək general və ya nazirlər varsa...”x9d

“Bunun əksini sübut edəcək general və ya nazirlər varsa...”x9d

Hazırda oxunan: “Bunun əksini sübut edəcək general və ya nazirlər varsa...”x9d

82002
Dəyərli dostlar, hörmətli həmkarlar!!
Bilirəm ki, indi yazacağım qeydlər bizim güc strukturlarının rəhbər şəxslərinin heç də xoşuna gəlməyəcək. Hətta məni günahlandıranlar da, az qala xəyanətdə, dövlətin mühüm tədbirinə kölgə salmaqda suçlamağa cəhd edənlər də tapılacaq. Olsun, amma mənə qarşı bu hərəkəti etməzdən əvvəl hörmətli general və nazirlər əvvəl öz qərarlarına diqqət yetirsinlər, sonra isə mənim irad və təkliflərimə mədəni şəkildə münasibət açıqlasınlar.

Tarixə düşəcək "Bakı-2015" I Avropa Oyunlarını ilə bağlı nə yaxşı varsa, bütün Azərbaycanı ürəkdən sevən şəxslərlə yanaşı - fərq etməz, istər ölkə daxilində olsun, istərsə də xaricdə, mən də sevinir və iftixar hissi keçirirəm. Amma görəndə ki, mənim ölkəmin bəzi rəhbər şəxsləri "qaş düzəltdiyi yerdə vurub gözü də çıxarırlar", vallah utanır və xəcalət hissi keçirirəm.
Hələ Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edərkən, NATO və ya digər qurumların keçirtdikləri rəsmi qəbullar və ya görüşlər zamanı ən gülməli və mən deyərdim çıxılmaz vəziyyətdə olan bizim "şanlı və ünlü generallarımız", onlarla gələn zabit heyəti olurdu. Və hər dəfə biz xahiş edərdik ki, ay yoldaş cənablar, nə olar, siz bir ətrafınıza baxın, sayı-hesabı bilinməyən xarici ölkələrə səfərləriniz zamanı görüşlərə qatılan nümayəndə heyətlərinin mərasim və ya gündəlik geyimlərinə diqqət edin, siz də doğru və düzgün qərarlar qəbul edin. Ancaq, biz deyib, elə biz də eşidərdik...Üstündən illərlə vaxt keçib, amma çox şey hələ də köhnə zamanlarda olduğu kimi qalıb...
İndi yay ayıdır və bu fəslə uyğun olaraq bütün güc strukturlarının geyim formasi var və onun daşınması qaydaları mövcuddur. İstər stasionar şəraitdə xidmət keçənlər olsun, istərsə də təmas xəttində, cəbhə bölgəsində xidmət keçən şəxsi heyət yay fəslində zamana uyğun olaraq yuxarı rəislərin qərarına uyğun olaraq o geyimləri geyinir və ölkəmizi təmsil edirlər. Baxın Bakının küçələrinə. Minlərlə xarici və yerli turistlərin ölkəmizdə olduğu bir zamanda bizim bəzi özündənrazı general və nazirlərimiz çox anormal bir qərar qəbul ediblər. Hamı normal yay geyimlərində, bizim Daxili İşlər, Daxili Qoşunlar, Xüsusi Dövlət Mühafizə Xidmətinin, o cümlədən Müdafiə Nazirliyinin, bir sözlə Avropa Oyunlarına cəlb edilmiş tam əksər hərbi hissə və birləşmələrinin şəxsi heyəti sanki qış aylarıdır, ən xoşagəlməz durumda bizi "təmsil edirlər". Uzunqol köynək, dörd tərəfdən düymələnmiş pencək, papaq və qalstuk??!!
Deyirəm, görəsən hörmətli generallar özlərini havanın hərarəti 40 dərəcəyə çatanda çox demirəm, yarım saat bu geyim formasında gunəşin altında qala bilsələr, mən adımı "kosmonavt qoyaram". Axı, bu əsl işgəncə və dünyanı, ən azından Avropadan gələn minlərlə xarici qonağa özümüzü pis şəkildə təqdim etməkdən başqa bir şey deyil. Mən onu da başa düşürəm ki, qapalı məkanlarda, mərasimlər zamanı belə geyim formasının olması normal qəbul olunur və ən azından orada havanın temperaturunu tənzimləyən kondisioner və ventilyasiya sistemləri mövcuddur. Amma, Bakı kimi ən isti iqlimə malik bir şəhərdə öz güc strukturlarının əməkdaşlarını belə bir əzab və əziyyətlə üz-üzə qoymaq, ən azından öz Ali Baş Komandanına, onun nüfuzuna, ölkənin güc strukturlarının adına böyük hörmətsizlik və aşağılayıcı addımdır. Bunun əksini sübut edəcək general və ya nazirlər varsa, buyursunlar, arqumentlərini ortaya qoysunlar. 40 dərəcəyə çatan Bakımızın əzabverici istilərində bu cür geyimlərdə olan insanların şəhərdə yaşadıqları əzab-əziyyətləri bir yana, bu insanlar ətrafı bürüyən toz-torpağın təsirindən bədənlərində bir xoşagəlməz tər qoxusu, az qala su içində olan görkəmləri ilə, bir əllərində dəsmal, salfetka, bir sözlə nə gəldi, loru dillə desək, "canları ilə əlləşirlər". Bizim kabinet generalları və nazir şəxslər də, ən müasir Avropa nazirlərinin həsəd apara biləcək kabinetlərində, həmçinin ən son model bahalı xarici avtomaşınlarda, kondisoner altında şəhərin bir başından o biri tərəfinə vicdanları sakit şəkildə şütüyürlər...
İnanın ki, bu fiziki mərhumiyyətlərlə üz-üzə qoyulan insanlar hələ ən azından on gündən çox bu "eksperimentlərə" dözməlidirlər. Buradan hörmətli generallaraımıza və nazirlərə müraciət edirəm ki, insafınız olsun. Bu qədər sayğısızlıq və yersiz hərəkətiniz ən azından Azərbaycan dövlətinin, onun bel sutunu sayılan güc strukturlarının imicinə böyük zərbədir. Əgər siz utanırsınızsa, yay geyimlərində zabit və ya gizir, əsgər və ya çavuş əməkdaşlarınız Bakının küçə və prospektlərində xidməti vəzifələrini yerinə yetirsinlıər, xahiş edirəm ki, gözünüzü açıb dünyaya, elə bizə qonaq gələn Avropaya, onların nümayəndələrinin geyim formalarına və qaydalarına diqqət edəsiniz. Baxın-görün onların güc strukturlarının şəxsi heyəti hansı geyim formasında öz ölkələrini təmsil edirlər, bizimkilər hansı vəziyyətdədirlər?! Xoşagəlməz mənzərə sadəcə Azərbaycan adına təəssüf və təəccüb doğurur.
İnanmaq istərdim ki, yuxarıda qeyd etdiklərimi bizim müvafiq dövlət və hökumət adamları doğru və duzgün anlayacaq və narahatçılığımın da boş yerə olmadığı qənaətimi bölüşəcəklər. Ən əsası isə, yerdə qalan Avropa oyunları zamanı bizim generallar və nazirlər heç də xoş olmayan bu mənzərəni aradan qaldıracaq və şəxsi heyəti normal şəkildə yay geyimləri ilə öz xidməti vəzifələrini icra etməyə təlimatlandıracaqlar.
Tanrıdan dövlətimizə və xalqımıza bundan sonrakı günlərində də yaxşı əhval-ruhiyyə, idmançılarımıza isə bol-bol uğurlar arzusuyla...
Tanrı Azərbaycanımızı qorusun!!

Üzeyir Cəfərov, polkovnik -leytenant, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO