Son zamanlar ailə qalmaqalları ilə gündəmi zəbt edən bəstəkar-müğənni Musa Musayev xalq artisti Flora Kərimovanı ağlatdı.
Sərxan Kərəmoğlunun təqdimatında ANS-in efirində yayımlanan "Bir gün" verilişinin bugünki buraxılışı Musa Musayev və Təranə Qumral cütlüyünün evində olub. Onların qonağı isə xalq artisti Flora Kərimova olub.
Maraqlı söhbətlər və açıqlamalarla zəngin olan "Bir gün"də, Musa bəy özünün yazdığı məşhur "Təbriz" mahnısını gitara ilə ifa edib. İfanı dinləyən xalq artistinin gözləri dolub.
Vətənpərvər çıxışları ilə seçilən Flora xanım özünü ələ alaraq belə deyib: "Necə kövrəlməyəsən axı? Səsdəki yanğı bir yana, mahnı yaralı yerimiz olan Təbrizdəndir. Bu elə bir dərddir ki, buna öyrəşmək olmur".
Verilişin qəmgin notda kökləndiyini görən Sərxan Kərəmoğlu yaranmış vəziyyətə etiraz edib. "Mən belə veriliş istəmirəm, bu mənə lazım deyil!"-deyən aparıcı, verilişi şən əhval-ruhiyyədə davam etdirib.


































































































