Milli Məclisin sonuncu toplantısında bəzi millət vəkillərinin radarlarla bağlı öz narazılıqlarını dilə gətirməsi əslində sadə vətəndaşlar üçün daha aktual olan bu problemi yenidən gündəmə daşıyıb. Radarlar nəticəsində böyük cərimələrlə üz-üzə qaldıqlarını bildirən millət vəkilləri bu cərimələrlə bağlı bir çoxlarına fantastik görünəcək rəqəmlər səsləndirib.
Məlumat üçün qeyd edək ki, radarlarla bağılə sıradan insanların ən
çox şikayətləndiyi məsələlərdən biri yollarda radarların həddindən çox tətbiqi,
habelə əksər hallarda bu radarların avtomobili yüksək sürətlə idarə etməyin
mümkün olduğu magistral yollarda quraşdırılması ilə bağlıdır. Vətəndaşların bir
çoxu hesab edir ki, ölkə yollarının əksəriyyətində avtomobillərin idarə edilməsi
ilə bağlı minimal sürət müəyyənləşdirilib ki, bu da qayda pozuntularını zəruri
edir.
Moderator.az və “Hürriyyət” qəzetinə açıqlama verən Baş Dövlət Yol
Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə hesab edir ki, radarlara
düşməməyin yeganə yolu müəyyən edilən sürət həddini aşmamaq, yol hərəkəti
qaydalarına əməl etməkdən keçir:
“Əgər
hər hansı bir yolda sürət müəyyənləşibsə, heç kəs avtomobilini müəyyənləşən həddən
artıq sürətlə idarə etməməlidir. Bu qanunun tələbindən yalnız operativ nəqliyyat
vasitələri idarə edən şəxslərin çıxmağa ixtiyarı var. Amma bunun xaricində hər
bir şəxs hansı sürət həddi müəyyənləşibsə, bu sürət həddinə riayət eləməlidir. Bu
sürət həddinə riayət eləməyəndə, həmin sürət həddini aşanda sözsüz ki,
avtomatik rejimdə işləyən sürətölçən, texniki vasitənin köməyi ilə həmin
avtomobil fiksə edilir. Bundna sonra həmin
nəqliyyat vasitəsini idarə edən şəxs məsuliyyətə cəlb edilir. Buna görə də hər
bir şəxs kimliyindən asılı olmayaraq nəqliyyat vasitəsini idarə edəndə, mən
operativ nəqliyyat vasitələrini istisna edirəm, yol hərəkəti qaydalarına riayət
eləməlidir”.
K.Əliyevin bildirdiyinə görə, qayda pozuntuları çox
zaman elektron cihazların köməyi ilə aşkarlanıb qeydiyyata alındığı üçün bu
prosesdə nə DYP əməkdaşları, nə də sürücü iştirak etmir: “ Vətəndaşlar bilməlidir
ki, bu qayda pozuntularının çoxu xüsusi texniki vasitələrin köməyi ilə
aşkarlanır. Odur ki, orada nə inspektorun iştirakı olur, nə də sürücünün. Sadəcə
olara həmin texniki vasitələr bu qayda pozuntusunu qeydə alır və bununla bağlı
dərhal real vaxt rejimində elektron protokol tərtib edilir. Və həmin elektron
protokol sürücünün ünvanına göndərilir. Sözsüz ki, bütün bunların hamısı yalnız
ağır yol nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir”.
K.Əliyevin sözlərinə görə, radarların tətbiqi sayəsində
sürət həddinin aşılması səbəbi ilə baş verən ağır qəzaların sayı əhəmiyyətli dərəcədə
azalıb ki, bu da onlarla insan həyatının xilas edilməsi deməkdir:
“Bizdə ən çox qəzalar sürət həddinin aşılması səbəbi
ilə baş verən qəzalar idi. Bu cihazların yerləşdirilməsi və tətbiqi nəticəsində
bizdə sürət həddinin aşılması ilə bağlı ağır qəzalar 44%-dən 28-29%-ə enib. Bu,
az deyil. Bu, hər ay bəlkə də onlarla insanın həyatının xilas olunması deməkdir.
Sürət həddinə əməl eləmək o qədrmi çətindir? Nə qədər yollarımız var. Hansı ki,
bu yollarda avtomobili saatda 110-120 kilometr sürətlə idarə etməyə icazə
verilib. Həmin yollarda avtomobili müəyyən edilən sürət həddində idarə etmək
olar”.
K.Əliyevin bildirdiyinə görə, yolda sürət həddinin
müəyyənləşdirilməsi zamanı avtomobili təhlükəsiz şəraitdə idarə edilməsinin
mümkünlüyü amili nəzərə alınır ki, məhz bunun sayəsində sürət həddi müəyyənləşir:
“Hansı yolda avtomobili yüksək sürətlə təhlükəsiz şəraitdə
idarə etməyə imkan varsa, həmin yollarda sürət yüksəkdir. Hansı yollarda ki, bu
yüksək sürət hərəkət üçün təhlükə törədə bilərsə, o yollarda yol şəraitinə
uyğun sürət müəyyənləşir. Yəni yollarda sürət həddi bu və bu kimi mühüm amllər
nəzərə alınmaqla müəyyənləşdirilir”.
Seymur Əliyev




























































































