Müsəlmanlar Allahı qana susayan kimi təqdim edirlər

Müsəlmanlar Allahı qana susayan kimi təqdim edirlər

Hazırda oxunan: Müsəlmanlar Allahı qana susayan kimi təqdim edirlər

57358

 

Qurban bayramı barədə şair-publisist Heydər Oğuzun çox dəyərli fikirlərini oxudum. Onun qurban ənənənlərini quldarlıq dövründən qalmış ritualın bir hissəsi kimi təqdim etməsi xüsusilə diqqətçəkici idi. Bəli, doğrudan da UCA YARADAN İbrahim peyğəmbəri imtahan etməklə əslində qurbankəsmə ibadətinin qırmızı cizgilərini müəyyənləşdirmiş, bununla da  insanın yox, cütdırnaqlı heyvanların kəsilməsinin fərz olduğunu mesaj vermişdir. ALLAHIN iradəsi ilə qoçun peyda olması məsələsi də məhz bu mesajla bağlıydı. Təsadüfi deyil ki, bundan sonra başqa yanaşmalar bidət kimi anlaşılmışdır.

Mən bu dəyərli fikirlərə bir qədər də əlavələr etmək istəyirəm. Bu mərasimin daha dərin və incə detalları var. Hansı ki, dilə gətiriləcəyi təqdirdə ciddi ziddiyyətlər yarada bilər. Amma bütün bunlara baxmayaraq həqiqəti demək hər şeydən daha vacibdir.

İlk öncə onu qeyd etmək istərdim ki, aləmlərin RƏBBİ ehtiyacsızdır. Yer, onun təkindəki və üzərindəki bütün sərvətlər, canlı və cansız hesab olunan aləmlər və bütün kainat, o cümlədən biz ALLAHA məxsus olduğumuz halda onun kimsəyə ehtiyacı yoxdur. Ona görə də bizim hər hansı əməlimizə ehtiyacı olmayan ALLAH-ın bütün istəkləri yalnız və yalnız yer üzündə əmin-amanlığın bərqərar olmasına yönəlik ola bilər. Qurban bayramı da əslində sülhə, rifaha və əmin-amanlığa xidmət etmək kimi xeyriyyəçi bir məqsəddən doğmuşdu. Nə yazıq ki, bu bayram hazırda təlqin etdiyi həmin dəyərlərdən uzaqlaşmış və getdikcə uzaqlaşmaqdadır. Yəni, bu bayramın mahiyyəti ondan ibarət deyil ki, hökmən baş kəsib qan tökəsən. Əksinə, UCA YARADAN insan əvəzinə bir qoçun kəsilməsini əmr buyurmaqla özünün bu cür fədakarlıqlara ehtiyacının olmadığını ortaya qoymuş, ediləcək fədakarlığın insanlığın rifahına yönəldilməsini arzulamışdır.

Minillər bundan öncə İbrahim peyğəmbərin kəsdiyi qurbanı əsas götürüb bu müqəddəs bayramı yalnız heyvan başı kəsməklə məhdudlaşdıranların isə unutduğu bir məqam var. Unudulur ki, o zaman Hz İbrahimin ümmətinin əsas məşğuliyyəti heyvandarlıq idi. Bir heyvandar öz halal malınını insanlığın rifahı naminə fəda etmək istəsə, sizcə, ən çox bəyəndiyi heyvanı qurban kəsməklə Rəbbinə olan sevgi və sədaqətini göstərməkdən başqa nə edə bilərdi?

Təbii ki, bütün dini ibadətlər kimi Qurban bayramının da ilahi-fəlsəfi əsasları var. Həmin fəlsəfi əsasları qısaca olaraq belə özətləmək olar- Həqiqət ali anlayışdır, mütləqdir. Həqiqətdən başqa həqiqət yoxdur. Ona çatmaq üçün insan yalnız ruhən ucalmalı, ucalmaq üçün isə cismani həyata ehtirasını boğmalı, nəfsi üzərində hakim olmalı, mənəvi cəhətdən saflaşmalı, onu əhatə edən maddi varlıqlardan imtina etməyi bacarmalıdır. Maddi varlıqlardan imtina etməyi bacarmadıqca, bədənin tələbləri içərisində ruhunu itirə, nəfsinin quluna çevrilib azadlığını əldən verə bilərsən. Bir sözlə, maddədən ayrılıb məna dünyasına çatmağın yolu nələrisə qurban verməkdən keçir. Bir arif üçün bu yol dünyadan tamamən təcrid olunub inzivaya çəkilmək, vətəni darda olan bir əsgər üçün şəhadətdirsə, sadə vətəndaş üçün  özünəməxsus hansısa maddi neməti qurban verməkdir-vaxtını, pulunu, dəyərli əşyasını və.s kimi. Məsələn, əkinçi becərdiyi məhsulun ən yaxşı hissəsindən, iş adamı istehsal etdiyi mallardan kasıb-kusuba ehsan edərsə bu da qurbandır. Heyvandar olan İbrahim ümmətinin acları doyurmaq üçün Allah yolunda kəsdiyi cütdırnaqlı heyvan kimi.

Qurbanın yalnız qanlı tədbir kimi təsəvvür olunması YARADANA və onun göndərdiyi dinə qarşı iftira deyilmi? İnsanlar sankı bu anlayışları ilə öz Rəbbini qana susamış kimi təqdim etmirlərmi? Bu fikirlər, sizcə, eramızdan çox-çox əvvəl Tanrıların qan istədiyini təbliğ edərək və buna görə də insanlardan qurbanlar verən rituallarla eyni mahiyyət daşımırmı? Məndən soruşsanız, bu ənənə tövhiddən çox əvvəl mövcud olan şeytanpərəstliyin və ÇOXALLAHLIğın qalıntısından başqa bir şey deyil. Tövhiddə (TƏKALLAHLIQ) belə bir düşüncə ola bilməz.
Unudulmamalıdır ki, hər bir əməl öz zamanına və ona duyulan ehtiyaca görə dəyərlidir. Nə vaxtsa bir mömin cığırın üzərində gördüyü kötüyü gecə oradan keçəcək möminlərin yıxıla biləcəyini düşünərək kənara çəkir və bu əməlinə görə cənnət müjdəsi alır. Bu gün isə bütün insanlar yoldan nə qədər kötük çəksələr belə cənnət müjdəsi qazana bilməzlər. Çünki bu əməl zamanında orijinalığı ilə təqdir olunurdu. Bu gün bu əməlin surətini çıxarmaq heç bir həqiqi məna kəsb etmir. Elə qurbanlıq da onun kimi.

Digər tərəfdən isə bir zamanlar Kəbədə üç yüz altmış büt var idi. Bu gün büt kimi qəbul edilməsə də hər bir zəvvarın ona çatıb öpmək arzusunda olduğu qara daş dayanır. Hansı ki, Hüseyn İbni Əli qətlə yetirilən vaxta təsadüf edən Kəbədə baş vermiş yanğın nəticəsində həmin daş (Əl Həcərül Əsfa) bir neçə hissəyə parçalanmışdı. Daha sonra həmin parçalanmış daş əridilmiş qurğuşun ilə bir-birinə yapışdırılıb, möhkəmləndirilmişdir. Heç kəs məndən inciməsin, ”məndən sonra ümmətimin necə çaşacağını düşünərkən çox məyus oluram” -deyən Hz. Məhəmməd, “vaxt olacaq ki, İslamdan yalnız bir ad qalacaq”-deyən Hz. Əlidən gələn bu sözlər heç də təsadüfən dilə gətirilməyib. Dünən bütpərəstlklə mübarizə üçün nazil olan İslam bu gün qara daşı öpən bütpərəstllərin dini kimi görünmürmü?

Bütün bu rituallara nəzər saldıqca insan düşünür-Görəsən, insanlar bütlərdən ayrıla bilmişlərmi? Nə yazıq ki, yox! Allah isə bütün bütlərdən uzaqdadır. Əslində zaman və məkan məfhumu olmadan hadisələri ardıcıllıqla düzənləmək üçün yer əhlinə hiss etdirib yaşadan və əbədi olan iradə substansiya deyil. Varlıq kimi dərk olunan hər şey mütləq zəkanın iradəsindən təzahür edir və təbii qanunauyğunluqlar yaradır. Bir neçə təriqət və yetmiş üç firqələrə bölünmüş İslam peyğəmbərin təbliğ etdiyi İslam olmaqdan çıxmışdır. Çünki məntiqdən uzaqlaşmışdır.

Yeri gəlmişkən, məntiq anlayışı da bu gün əskər dindarın xoşuna gəlməyən bidətə çevrilib. Onlar Allaha qarşı iftira edərək,”İslam dini məntiq dini deyil”- deyirlər. Aləmləri yaradan və bütün yaratdıqlarını xüsusi dəqiq nizama tabe edən Alim Allah yerə məntiqsiz din göndərərmi? Məgər, yer üzündə məntiqsiz nəsə varmı ki, ilahidən gələn din də məntiqsiz ola? Belə olduğu halda Allahı ən çox inkar edənlər elə dindarların özləri deyillərmi?

Məsələyə bu cür maksimalist mövqedən yanaşan fundamentalistlər Uca YARADICINI özlərinin təxəyyüllərinin nəticəsi kimi təqdim edən cahillərdirlər. Onların imanları kor, nitqləri riya doludur, özləri isə şahid olmadan şəhid olmağa çalışan, nağıllardan feyziyab olan yazıqlardır. ALLAH isə bütün bu sifətlərdən uzaqdır. Əlbəttə ki, Alim ALLAHI dərk etmək üçün ağıllı deyil, müdrik olmaq gərəkdir.

Dini bu günümüzə olduğu kimi çatdırılan peyğəmbərə öz zamanında belə layiq olduğu ehtiram bəslənmədi. Nəticədə o, Mədinəyə hicrət etməli oldu. Ona qarşı çıxanları da qorxudan peyğəmbərin bütün bütpərəstlikləri inkar edən məntiqiydi. Nə yazıq ki, bu gün bizim əməllərimiz də o dövrün cəhalətindən heç nəyi ilə fərqlənmir.

 Aləmlərin Rəbbi peyğəmbərə “Üzünüzü sizə qadağan edilmiş məscidə tutun” (“Üzünüzü Məsçidül Hərama tütün”!) -deyə, hökm etmişdir. Bizlərdən heç kimsə deyə bilməz ki, Kəbə evi onun üçün qadağan edilmişdir. Belə olduğu halda istiqamətini qiblə kimi bilib ALLAH-dan qeyrisinə kəsilən qurban hansı fəzilətə malikdir? Əlbətdə ki, insanlar özlərini aldatmaqda daha çox mahirdirlər. 

P.S. Hesab edirəm ki, bu qədər kifayətdir. Məlumat üçün bildirim ki, bu və buna bənzər digər məsələlərə yeni qələmə aldığım “ Din və HƏQİQƏT” adlı kitabda daha geniş aydınlıq gətirəcəyəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO