Avropa Şurası Parlament Assambleyası (AŞPA) Vaclav Havel adına İnsan Haqları mükafatını azərbaycanlı insan haqları müdafiəçisi və QHT rəhbəri Anar Məmmədliyə verib.
Anar Məmmədlinin hazırda həbsdə olduğuna görə, Strasbourg şəhərində
keçirilən xüsusi mərasimdə 60 000 avro mükafatı onun atası Asəf Məmmədov qəbul
edib.
Mükafatı ona AŞPA prezidenti
Anne Brasseur təqdim edib.
Anne Brasseur deyib:
"Cənab Məmmədli uzun müddətdir ki, partnyorumuzdur və Assambleya ilə,
həmçinin Avropa Şurasının digər qurumları ilə ... ölkəsindəki vəziyyət barədə
öz dəyərli biliklərini bölüşüb".
"Simvol"
Araşdırmaçı jurnalist Şahvələd
Çobanoğlu Anar Məmmədlinin mükafatlandırılmasını şərh edərkən deyib ki, hüquq
müdafiəçisi həbsdə olan "digər vicdan məhbuslarının simvollarından
biridir".
"Anara o mükafatı
verərkən həm də sanki onlara verilibdir. Bütünlüklə Azərbaycanda gedən
demokratik mübarizəyə verilən qiymətdir", jurnalist BBC Azərbaycancaya deyib.
"Mən Anarı həm ictimai fəaliyyətinə görə tanıyıram, həm də şəxsən onun çox
dəyərli, ziyalı, mövqeli bir insan olduğunu, Azərbaycanın gələcəyi üçün hər cür
fədakarlığa hazır olan bir adam kimi tanıyıram".
"Mənəvi
güc"
Sekçilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru,
jurnalist Samir Kazımlı BBC Azərbaycancaya deyib ki, Anar Məmmədliyə verilən
mükafat onun özü ilə yanaşı həbsdə olan digər hüquq müdafiəçilərinə
"mənəvi güc verəcək"
"Bu çox sevindirici və
müsbət haldır. Mükafat mənəvi baxımından dəstəkdir və bir daha onu göstərir ki,
Anar ictimai şəxs kimi təmiz insandır, ziyalı insandır. Heç vaxt cinayət törədə
bilməz. Ona qarşı cinayət işləri qondarmadır. Məncə bu mükafatı ona verənlərin
də yanaşması bunu sübut edir".
"Qanunsuz
həbsinə verilən cavab"
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, hüquq müdafiəçisi Oqtay
Gülalıyev mükafatı təqdim edən qurumu da, onu alan Anar Məmmədlini də
alqışladığını bildirib.
"Anar apardığı mübarizənin nəticəsi olaraq belə bir mükafata layiq
görülüb. Anar Məmmədli qanunsuz olaraq həbs həyata yaşayır. Ona verilən mükafat
həm onun mübarizəsinə verilən mükafatdı, həm də qanunsuz həbsinə verilən
cavabdır", o deyib.
Gülalıyevin sözlərinə görə, bu mükafat Azərbaycanda demokratiya və insan
haqları sahəsində mübarizə aparıb həbs həyatı yaşamalı olan digər hüquq
müdafiəçilərinə verilən mükafatdır.
May ayında Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 5 il 6 ay həbs
cəzası kəsib. O və digər SMTD əməkdaşları "qanunsuz sahibkarlıq",
"seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham
olunub.
bbc.co.uk


































































































