“Mənim bu günümdə gələsən, Baba!” “Bizlərə miras buraxdığın dövlətdə məmurların çoxu ağalıq iddasına düşüb.”
Bu şairanə sözlər Salyan rayonu Qarabağ veteranlarının redaksiyamıza ünvanladığı məktubdandır. Heydər Əliyevin ruhuna açıq məktub xarakteri daşıyan bu məktubda daha sonra deyilir:
“Son illər məmur özbaşınalıqlarının artması, əksəriyyətinin özünü qanundan üstün tutması adi hala çevrilib. Nəticədə belələrinin kor atı minib köndələn çapmasının acısını sadə insanlar çəkir. Maraqlıdır, görəsən, il ərzində ölkə rəhbərliyinə, Mehriban xanım Əliyevaya və digər qurumlara vətəndaşlardan daxil olan şikayət məktublarının sayı nə qədərdir? Get-gedə artan narazlıqların səbəbkarları niyə müəyyənləşdirlib cəzalandırılmırlar? Kimdir müqəssir? Niyə kimsəsi, pulu, adamı olmayan insanlar incidilməlidir?
Artıq bıçaq sümüyə dirənib. İş o yerə çatıb ki, dünənəcən başqasının problemlərinə yardımçı olanlar, onların hüquqlarını müdafiə edənlər bu gün öz hüquqlarını qorumaqda acizdirlər. Səbəbi bəzi harın məmurların qarnı doysa belə gözünün doymamasıdır.
Bu ilin may aynda İnfom.az Xəbər Portalının qurucusu, Qarabağ qazisi Elçin Əzizov Salyan rayonunun veteran və qazilərinin problemlərini qismən yaxşılaşdırmaq məqsədilə rayon İcra Hakimiyəti başçısından aptek tikmək üçün 30 kv. m torpaq istəyib. İcra başçısı da bu xahişi nəzərə alaraq aptek tikintisi üçün torpaq ayrılması barədə göstəriş verib və müvafiq sərəncam imzalayıb.
Qazilərin bildirdiyinə görə, obyektin bünovrəsinə başladıqları gün çoxlarından xeyir-dua gözlədikləri halda ümidləri doğrulmayıb, əksinə, təzyiqlərlə üzləşiblər: “Səbəbi isə sən demə, aptek tikintisinin arxasında yerləşən Əmlak Komitəsinin xidməti binasının 4 saylı Şirvan Rayonlararası Qeydiyyat-İmtahan Bölməsi rəisi Vuqar Məmmədyarovun qohumu Samir adlı şəxsin adına özəlləşdirilməsiymiş. İlk öncə elçilərini göndərən Vuqar müəllim onların vasitəsiylə tikinti gedən ərazini əlimizdən almağa cəhd göstərdi”.
Bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra qarşı tərəf imkanlarını və nüfuzunu işə salaraq inzibati üsullarla obyektin tikintisini dayandırmağa çalışır. Verilən məlumata əsasən bu cəhdlər bu gün də davam etməkdədir.
Bəs, görəsən, Salyanda bu qədər ciddi iradə sahibi olan Vüqar Məmmədyarov kimdir? Gəlin, bu sualın cavabını qazilərin dilindən eşidək:
“Vüqar Məmmədyarov rəhmətlik Akif Məmmədyarovun oğludur. O, bundan əvvəl Göyçay rayon polis şöbəsinin rəisi vəzifəsində çalışıb və qalmaqalla öz vəzifəsindən uzaqlaşdırılıb, vaxtılə atasının çalışdığı yerə transfer olunub.
Məmmədyarovlar ailəsinin ulduzunun parlamasının səbəbi daxili işlər naziri cənab Ramil Usubovun keşmiş Əlibayramlı, indiki Şirvan şəhər polis idarəsinin rəisi olduğu dövrlərdə rayonun Qeydiyyat-İmtahan Bölməsinin rəisi işləyən Akif müəllimlə dostluq münasibəti qurmasıyla bağlıdır. Həmin dostluğun nəticəsidir ki, Vuqar Məmmədyarov bu gün sözü gedən postu tutaraq ona göstərilən etimaddan süi-istifadə edir. Orda necə bazar açıb?- bu, başqa mövzudur”.
Şikayətçilər onu da bildirirlər ki, Vuqar Məmmədyarov tikintinin dayandırılması üçün Salyan rayon polis şöbəsindən dəstək istəsə də polisdən “belə məsələlər bizlərə aid deyil” cavabın alıb:
“O da çarəni FHN ”“nində yüksək vəzifədə çalışan əmisi oğlu Orxan Məmmədyarovu işə cəlb etməkdə görüb. Hətta iş o yerə çatıb ki, adları bizə məlum olan 5-6 nəfər FHN əməkdaşıyla tikinti gedən ərazidə post qoymaq fikrlərinə düşüb, fəhlə və ustaları ordan qovmağa çalışıblar.Təəccüblüsü budur ki, Kamaləddin müəllimin işçiləri öz peşə borcları əvəzinə kiminsə buyruğunu yerinə yetirirlər”.
Hadisədən xəbər tutan Qarabağ qazilərinin prosesə müdaxilə edə biləcəyini anlayan və nəticədə rayonda ictimai asayişin pozulacağından ehtiyatlanan nümayəndələr bu fikirlərindən geri çəkilib, FHN-in Muğan regional bölməsinin rəisi Mehman Axundovu bu işə cəlb ediblər. Hadisə yerinə qısa müddətə təşrif buyuran Mehman müəllim obyektin hansısa sənədinin olmamasını bəhanə gətirərək öz razılığı olmadan heç bir tikintiyə imkan verilməyəcəyini diqqətə çatdırıb. Obyekt sahibləri nə illah ediblərsə icra hakimiyyətindən razılıq aldıqlarını FHN-in yerli rəhbərinə başa sala bilməyiblər.
Məktubdan sitat: “Nəyə əsasən siz bizim işmizə müdaxilə edirsiniz?- deyəndə biçarə FHN əməkdaşı yuxardan göstəriş verildiyini bildirdi. Yeganə bəhanələri isə obyektin guya elektirik xəttinə yaxın olmasıdır. Halbuki, sağ-sol oxşar obyektlərlə doludur. Təlimatda elektirik xəttinin mühafizə zolağı 10 metr göstərilsə də şəhərdə nəinki mühafizə xətti, hətta eni 10 metr olan yol belə yoxdur. Bizim obyektimiz yenə elektrik xəttindən 3-4 metr kənarda yerləşir. Rayonda yüzlərlə obyekt var ki, bu gün yüksək gərginlikli xəttin tam altındadır. Üstəlik, hal-hazırda həmin xətlərin əksəriyyətində kabelləşmə işləri gedir”.
Tikintini dayandırmağa gələn FHN-nin əməkdaşları qazilərin mülkiyyətinə də olduqca sayğısız davranıblar. Məlumata görə, FHN-in əməkdaşları tikintini dayandırmağa gələndə ustalar suvama işiylə məşğul imişlər və məmurlardan heç olmasa əllərindəki suvağı vurub bitirməyi xahiş ediblər. Sıravi məmurlar da bununla razılaşıblar. FHN-in Muğan regional bölməsinin rəisi Mehman Axundov isə öz işçilərindən niyə işi dayandırmadıqlarını soruşub. Aldığı cavabdan xeyli qəzəblənərək sərt göstəriş verib-suvağın quruyub xarab olmasına əhəmiyyət verməyin, əksinə, Qarabağ qazilərinin malı xarab olsa yaxşıdır. Digərləri də bundan dərs götürərlər,- təlimatını verib...
Mehman Axundovun bu sayğısız davranışları qaziləri mənən bərk narahat edib. Məktub müəlliflərinin aşağıdakı fikirləri də həmin narahatlığı bariz şəkildə ifadə edir:
“Çox təəssüf ki, Mehman müəllim hörmətli generalımız Vaqif Axundovun nüfuzundan, hörmətli nazir Kəmaləddin Heydərovun qüdrətindən ilhamlanaraq “vorzakon” sayağı göstərişlər verir. Mehman müəllim nəyi də bilməsə heç olmasa Kəmaləddin müəllimin 30 dekabr 2007 ci ildə 140 saylı əmirini gərək oxuyaydı. Orda FHN əməkdaşının etik davranış qaydalarına aid çox şeylər var. Bir də adamın imkanı, pulu olanda nə olar? İmkansızları əzib keçməlidir? Məgər belə haqsızlıqlara dözməyib özünü yandran Qarabağ əlili Zaur Həsənovun faciəsi sizlər üçün yetərli deyilmi? Yoxsa qanun təkcə bizim kimi kasıb və imkansızlara aiddir? Yox, əgər hamıya aiddirsə, onda siz öz fəaliyətinizi özünüzdən başlayın! Birinci ondan başlayın ki, Arbata qəsəbəsi ərazisndə Bakı-Astara magistral yolundakı ana kollektorun üzərində 30-a yaxın ticarət obeykti var. Hansı ki, Kür daşqını zamanı bu kollektorun sıradan çıxması nəticəsində şəhərdə 500-ə yaxın ev qrunt sularından əziyyət çəkdi, uçdu, dağıldı.
Bəli, siz ən yaxşısı özünüzə məxsus obyeklərdən başlayın ki, bizim kimi imkansızlara dərs olsun. Məsəl üçün rayondakı plastik emalı zavodunda kimyəvi məhsulların atmosferə yayıldığı ərazinin 10 metrliyində yerləşən çörək zavodunuzdan başlaya bilərsiniz. Axı, orda çörək bişirmək olmaz. Hansı ki, rayonda və ətraf ərazilərdə digər istehsalçıları süni yollarla sıradan çıxarmaq məqsədilə bazarda bu çörəkləri maya dəyərindən aşağı-20 qəpiyə satırsınız. Zərəri isə eyni məhsulu dövlətin müfaviq qurumlarına 70 qəpiyə sırımaqla kompensasiya edirsiniz. Lap əla edirsiniz.
“İmkanın var, kef elə” fəlsəfəsiylə digər qohumunuzun Kürqaraqaşlı inzibati ərazi vahidliyində hərbi təmayüllü 5 hektralıq aerodromu özəlləşdirməsini niyə görmürsünüz? Axı orda qoyunçuluq ferması salıb əkin-biçin adamlarının yolunu, suyunu kəsibsiniz, heyvanlarınız yay-qış müxtəlif özəl sahələrə ciddi ziyan vurur. Bu gün camaat qüdrətinizdən qorxub səsini çixara bilmir. Bütün bunlar bir yana, hərbi strateji obyektdə ferma salmaq olmaz axı. Bunu anlamayacaq qədər cahil deyilsiniz hər halda. Gerçəkdən iş görmək istəyirsinizsə, buyurun, ilk öncə həmin yerdə nizam-intizam yaradın.
Şəhərin mərkəzindəki mehmanxananın ətrafındaki ərazilərdə nə etdiyinizi dilə gətirmirik. Dostlara xatir susuruq. Amma insafınız olsun, bir özünüz də nə etdiyinizi düşünün! “Qızılgül” restoranı ilə birgə onun-bunun əlindən aldığınız şəhər bələdiyyəsinə məxsus torpaqlar da sizin ixtiyarınızdadır. Sağlığınıza qısmət! Amma imkan verin, biz də yaşayaq, dolanaq! Axı, sizdən fərqli olaraq biz- Qarabağ veteranları bu torpaq uğrunda çox şeylərdən keçmişik, tələb olunan an yenə də keçməyə hazırıq. Heç olmasa bunu düşünün!”
Məktub müəllifləri sonda Vüqar Məmmədyarov barədə bizə daha ətraflı məlumat verəcəklərini də bildiriblər. “Etik olmasa da bizi buna vadar edən Vüqar Məmmədyarovun fəaliyyəti, onun malı, mülkü barədə də mətbuata geniş məlumat verəcəyik”.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
































































































