Şirvan rayonunda Heydər Əliyev sevgisi biznesə çevrilib

Şirvan rayonunda Heydər Əliyev sevgisi biznesə çevrilib

Hazırda oxunan: Şirvan rayonunda Heydər Əliyev sevgisi biznesə çevrilib

49624
Bəzi dövlət adamları üçün müəyyən dəyərlər, xüsusilə dövlətçilik tariximizdə müstəsna xidmətləri olmuş Heydər Əliyevin xatirəsi yaxşı pul gətirən biznesə çevrilib. Hər halda Şirvandan daxil olan məlumatlar bu cür düşünməyə əsas verir. 
Moderator.az İnfom.az saytına istinadən xəbər verir ki, hər il olduğu kim bu il də şəhərin abadlığına xeyli vəsait ayrılıb. Rayon icra hakimiyyəti isə bu vəsaiti Heydər Əliyev Mərkəzinin dəfələrlə təmir olunması adı altında həzmi-rabedən keçirir. Belə ki, rayonda sünü gözəllik yaradanlar pul silmək xətrinə artıq üçüncü dəfədir ki, H. Əliyev mərkəzinin ətrafına üst-üstə metlax döşəyirlər. Sanki bu işbazlar başqa yer tapa bilmir, eyni məkanda lövbər salıb baş girələyir, oranı buranı əhəngləməklə günlərini keçirirlər. Bu da istər-istəməz əhali arasında müəyyən suallara yol açır-axı, eyni yeri nə qədər təmir etmək olar? 
Şirvan rayonunda mahiyyət etibarilə “çevir tatı, vur tatı” fəlsəfəsinə əsaslanan abadlıq prinsipinin özünəməxsus qaydaları var. Adları şəhərin abadlaşdırılmasında çəkilən şirkətlər tenderdə iştirak edib onu udmaq üçün ayrılan vəsaitin 30 faizini bəri başdan bu işi “düzüb-qoşanlara” (yəni icra başçısına yaxın olanlara) verməlidirlər. Digər 30 faiz ustalara, fəhlələrə və materiallara xərclənir. Təmir üçün ayrılan vəsaitin qalan hissəsi isə sahibkarların cibinə axır.
 Məlumata görə Şirvan şəhərində abadlıq işləri aparmaq adıyla tikinti şirkətlərindən “Qarant Texservis MMC”-ə 117000, “Məmməd Firması MMC”-ə 113000, “NR MMC”-ə isə 119000 manat vəsait ayrılıb. Ümumilikdə götürdükdə bu məbləğ 349 000 manat edir. Hardasa yarım milyon dollara yaxın vəsait hesabına isə demək olar ki, gözə görünən heç bir iş görülmür, pullar sadəcə Heydər Əliyev Mərkəzinin lüzumsuz təmirinə xərclənir və dolayısıyla dəfələrlə təmirə dayandırılan mərkəz onu ziyarət etmək istəyən vətəndaşların da üzünə bağlanır. 
İstər-istəməz ortaya bu cür suallar çıxır; Şirvan rayon rəhbərliyinin Heydər Əliyev sevgisi budurmu? Olmaya, ulu öndərin adını daşıyan mərkəzin təmir adıyla xalqın üzünə bağlanması bu sevginin yaratdığı qısqanclıqdan irəli gəlir? Əgər belədirsə qısa zaman ərzində mərkəzin ətrafına üç dəfə metlax döşənməsinə nə ad vermək olar? Ən əsası isə görülən ilk iki iş qaneedici deyildisə, niyə bunun hesabı sorulmur, mərkəzin yenidən təmiri yenə həmin firmalara həvalə edilir?
Ümidvarıq ki, Şirvan rayon rəhbərliyi bu suallara aydınlıq gətirər və biz də onların verdiyi cavabları dəyərli oxucularımızla bölüşərik. Əks təqdirdə yəqin ki, Şirvan əhalisi kimi bizi də narahat edən bu müəmmalara daha yüksək instansiyalardan cavab verənlər tapılacaq. Hər halda bu da bizim ümidlərimiz arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO