Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirov bir müddət öncə mətbuat vasitəsilə ölkə prezidenti, Ali Baş Komandana müraciət edərək işlədiyi dövrdə dövlət tərəfindən ona verilmiş mənzilin keçmiş qudası tərəfindən məhkəmə yolu ilə əlindən alınması cəhdi ilə barışmayaraq (Şükufə Axundova sifarişli məhkəmə qərarı ilə qanunsuz olaraq qızına həmin mənzilə yaşama hüququ əldə etmişdi) imdad diləmişdi. Ziyadxan Bəkirov müraciətində keçmiş qudası Şükufə Axundovanın anasının erməni əsilli olduğunu da dilə gətirmişdir.
Şükufə Axundova da bu açıqlamanı onun şərəf və ləyaqəyini alçaltmaq niyyəti kimi qəbul edərək Ziyadxan Bəkirovu xüsusi ittiham qaydasında məhkəməyə verməklə onun həbs olunmasını tələb edib. Qeyd edək ki, qudalar arasında mənzildə yaşama hüququnun tanınması epizodu üzrə məhkəmə çəkişməsi hələ də davam edir.
Ziyadxan Bəkirov Moderator.az-la əlaqə saxlayaraq oğlunun keçmiş qaynanası barədə səsləndirdiyi və onun xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb olan fikirlərinə görə üzr istədiyini bildirib. Z. Bəkirovun saytımıza təqdim etdiyi üzrxahlıq məktubunu oxucuların diqqətinə çatdırırıq:
“Oğlum Şükufə Axundovanın qızı ilə ailə qurduqdan sonra onun anasının, yəni gəlinimizin nənəsinin Mamaxanım olması təəccübümüzə səbəb olduğundan bir neçə dəfə onun özünə bu barədə sual vermişdik ki, axı Azərbaycanda belə ada demək olar ki, heç yerdə rast gəlinməyib. O da dəfələrlə demişdi ki, mənim anam əslən ermənidir.Mən də övladlarımız boşanandan sonra Şükufə Axundova tərəfindən çoxsaylı məhkəmə çəkişmələrinə məruz qalanda hirslənib demişdim ki, bunun anası ermənidir və ermənilər bizdən əl çəkmədiyi kimi bu da məndən əl çəkmir.
Xahiş edirəm ki, dediyim ifadələr onun şərəf və ləyaqətini alçaldıbsa və onun tərəfindən aşağılanma kimi qəbul edilibsə mən iyunun 17-18-də mətbuatda yayılan fikirlərimə görə ondan ictimaiyyət qarşısında üzr istəyirəm.”


































































































