Əli Əliyev: “Polisin müdaxiləsi olmayan istənilən səviyyəli seçki YAP üçün intihara bərabərdir”

Əli Əliyev: “Polisin müdaxiləsi olmayan istənilən səviyyəli seçki YAP üçün intihara bərabərdir”

Hazırda oxunan: Əli Əliyev: “Polisin müdaxiləsi olmayan istənilən səviyyəli seçki YAP üçün intihara bərabərdir”

48941

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əliyev özünün “Facebook” səhifəsində  GUAM ölkələrinin (Azərbaycandan başqa)  Avropa Birliyi ilə assosasiya sazişi imzalamaları və Azərbaycan hakimiyyətinin bu  prosesdən kənarda qalmasının səbəblərinə dair analitik yazı yerləşdirib.

Moderator.az Ə.Əliyevin həmin yazısını təqdim edir:

“Bu gün Brüsseldə keçmiş SSRİ məkanının siyasi mənzərəsini tam dəyişən böyük hadisə baş verdi. Bir neçə özünə hörmət edən mətbuat orqanından savayı prosesə solğun münasibət göstərilir. Aydındır ki, baş vermiş bu tarixi hadisənin Azərbaycan vətəndaşına dolğunluğu ilə çatdırılması YAP iqtidarının marağında deyil.

Çünki GUAM üzrə ən yaxın müttəfiqlərimizin, biz kənar, hamısı Avropa Birliyi ilə assosasiya sazişi imzaladılar. Ukrayna əlavə olaraq, Yanukoviçin Vilnüs sabotajından sonra, iqtisadi blok sənədləri də imzaladı. Dünyanın siyasi dizaynına yenilik gətirmiş Rusiya-Ukrayna müharibəsinin alovlanmasına, Krımın işğalına səbəb olmuş bu hadisənin ölkəmizdə əsasən danışılmayan faydaları nədir? Nəyə görə YAP hökuməti Azərbaycanı bu tarixi strateji inkişaf imkanından məhrum edir?

Əvvəl Rusiyanın münasibətini ifadə etməyə çalışaq. İmzalanmış bu günkü sazişlər Putinin qurmaq istədiyi yeni imperiyanın ərazisinin bu 3 dövlətin siyasi coğrafiyası qədər daralmasını rəsmiləşdirdi. Rusiyanın 8 aylıq təşəbbüslərinə baxmayaraq, qan axıdıb, milyonlarla ukraynalıya problemlər yaşatmasına rəğmən QUAM-lı ortaqlarımız metropoliyanın pəncəsındən qurtula bildilər. 
Rusiya pərtdir. Federasiya Şurasından ordunun Ukrayna müharibəsində istifadə hüququ yaradan qərarının geri çağırılması barədə Putinin təşəbbüsü uğursuzluğun göstəricisidir. Ukraynanı AB-nə inteqrasiyadan saxlaya bilməyən Kreml dünyanın unison etirazına tuş gəldi. 
Rusiya iqtisadiyyat və maliyyə sektorunun bilavasitə və dolayı itkiləri bu günə ekspertlər tərəfindən 250 milyard dollar məbləğində göstərilir. Bu gün Brüsseldə 3-cü dalğa sanksiyalar haqda qərar qəbul edilsə, itkilərin miqdarı qat-qat yüksələcək. 3 respublikanın AB-yə tərəf getməkdə qərarlığı Putin imperiyasına etimadı azaldır, Rusiyanın derjavaya çevrilmək perspektivinə kölgə salır.
Bu gün Brüsseldə sənəd imzalamış dövlətlər müstəmləkə tarixlərinə əlvida demək üçün həledici təminat əldə etdilər. Vətənlərinin yeni inkişaf səviyyəsinə- Avropa standartlarına yüksəldilməsi üçün təcil aldılar, ölkələrində dünyanın ən yüksək həyat standartlarına tətbiqi üçün rıçaqlar və müttəfiqlər əldə etdilər. QUAM ölkələri hamısının ərazilərinin Rusiya tərəfindən işğal edilməsini nəzərə alsaq, ərazi bütövlükləri üçün qarantiya əldə etdilər. 
Çünki bu gün imzalanma törəninə qatılmış 27 dövlət və Avropa qurumları hər 3 dövləti ərazi bütövlüyü çərçivəsində Avropa Birliyinə qəbulunu təsdiq etdilər, başqa cür ifadə etsək, hər 3 dövlətin ərazi bütövlüyünü tanıdılar. Yaxın gələcəkdə keçmiş hesab edə biləcəyimiz siyasi şəriklərimizin bütün vətəndaşları AB ölkələrinə vizasız gediş-gəliş imkanı əldə edəcəklər. 
Ukrayna, Gürcüstan, Moldova bunun qarşılığında məhkəmə sistemlərini, siyasi və iqtisadi prosesləri requlə edən qanunverici bazanı AB standartlarına uyğunlaşdırmaq və korrupsiya ilə bizdəki kimi sözdə deyil, realda mübarizə aparmaq öhdəliyi götürüblər.
Bu qədər sadə və faydalı perspektivdən Azərbaycan hakimiyyəti kənarlaşır. Bununla dövlətimizin inkişaf imkanlarını süni surətdə məhdudlaşdırır.

Ölkəmizin digər 3 GUAM ölkəsindən AB üçün daha vacib olduğunu 2 sadə misalla göstərə bilrəm. Rusiyadan enerji asılılığını azaltmağa çalışan AB Azərbaycanı diversifikasiya prosesində yeganə mümkün variant kimi dəyərləndirir. Digər tərəfdən isə dünyada xristian klubu adlandırılan AB-nin dini baxımdan müsəlman Azərbaycanı ilə zənginləşdirilməsi və bununla da beynəlxalq qınaqdan özünü sığortalamaq vəzifəsini yerinə yetirmiş olardı.
Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı ölkə başçısının sözlərində daha çox irlandiyalı deputatın sualına cavab ictimaiyyətin diqqətini cəlb etdi. Mənim fikrimcə, maraqlı sual QUAM-la bağlı verilən sual oldu. Həmin suala Əliyev ötəri cavab verdi, bununla da diqqəti suala kökləmədi. Həmin sual daha çox diskomfort yaradan sual idi. Prezidentin həmin suala cavabı da qeyri-müəyyən oldu. Belə məlum oldu ki, GUAM-ın fəaliyyətini biz istəyirik, Ukrayna isə mane olur. Əslində bu gün sənəd imzalamış dövlətlərin heyətindən kimin QUAM passivliyində maraqlı olduğu aşkar görünür.
Hakimiyyəti AB ilə məsafə saxlamağa vadar edən bir neçə məsələyə toxunmaq istərdim.

İlk növbədə bu AB siyasi standartlarının ölkəmizdə tətbiqi tələbidir. Çünki bizim hakimiyyət rəqabətə alışmayıb. Polisin müdaxiləsi olmayan istənilən səviyyəli seçki YAP üçün intihara bərabərdir. Siyasi hakimiyyətin qorunub saxlanmasında bütün yollara əl atan yapçı siyasi texnoloq və analitiklər, eləcə də siyasi qərar qəbul edənlər demokratik seçkinin bu hakimiyyət üçün son olacağının fərqindədirlər. 
Tormozlayıcı digər səbəb AB ekonomik standartlarıdır. Bu tələblər rüşvəti, korrupsiyanı nəzərdə tutmur, monopoliyaları anlamır, dövlət səviyyəsində qara mühasibatı, maaşlarda zərf sistemini başa düşmür, biznes və mülkiyyətə dövlət təminatının olmamasını qəbul etmir. Hakimiyyətin bərqərar edildiyi bünövrə faktorlardan biri siyasidirsə, digəri iqtisadi inhisardır.
Qarabağ probleminin çözülməsi üçün AB timsalında ciddi tərəfdaş əldə etməyimiz də hakimiyyətdə rahatsızlıq yaradan amildir. Beləki, problemə belə nüfuzlu qurumun cəlb edilməsi YAP-ın daxili siyasətdə faydalılıq əmsalını kəskin şəkildə azaldacaq. Eyni zamanda subyektiv amillər də bizim avrointeqrasiya potensialımızı zəiflədir. YAP-ın 93-cü ildə hakimiyyətə gətirilməsində, 2003 il hadisələrində Rusiya və şəxsən Putinin oynadığı rol, hakimiyyətin Rusiya maraqları güdən yüksək ranqlı məmur korpusu və onların siyasi uzantıları AB-ə üzvlüyümüzün qarşısını alan amillərdir.
Hesab edirəm ki, iqtidarın AB siyasəti kökündə yanlışdır. Dünən Ordunun yaranma günü ilə bağlı tədbirdə daxili auditoriyaya köklənmiş müharibə və silahlanma ritorikasını növbəti dəfə nümayiş etdirməkdənsə, AB-nə saziş imzalanması yolu ilə Ukrayna, Gürcüstan və Moldova kimi problemin həllində geniş və nüfuzlu çevrə əldə etmək daha perspektivli və rasional yoldur. 
Ölkədə demokratiya var, siyasi məhbus yoxdur narahatlıqlarının yerinə, Avropa siyasi standartlarının tətbiqi ölkəmiz üçün daha xeyirli yoldur. Azərbaycanda YAP standartları ilə işləyərək, İnsanımızı kasıb və hüquqsuz vəziyyətdə yaşatmaqdansa, AB-nə üzv olub oradakı rifahı ölkəmizə gətirmək daha imanlı yoldur. 
Sonda isə onu deyə bilərəm ki, siz YAP-çılar bizi Qoşulmayanlar hərəkatına apardınız. Əsasən Afrika, Cənubi Amerika və Karib dənizi hövzəsi dövlətləri daxil olan bu qurumda bircə Avropa coğrafiyalı, təbii ki avtoritar düşüncəli dövlət var - Belarus.

Hörmətli YAP iqtidarı, elimizdə misal var: “Dostunu göstər, deyim sən kimsən”". Bizi mədəni dünya ilə deyil, hanibalizm atavizmindən əlini üzməmiş bəzi Afrika rəhbərləri, Afrika diktatorları, Cənubi Amerika narkobaronları ilə bərabər tutmanız Sizin tarixi yanlışınızdır”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO