Hər il olduğu kimi bu il də yanvarın 15-dən etibarən ölkədə qeyri-rəsmi 20 yanvar həftəsi keçirilir. Bütün dövlət və özəl təşkilatlarda anım mərasimləri keçirilir, ehsanlar verilir, şəhidlərimizin ruhuna dualar oxunur, tanınmış insanlar, ictimai-siyasi xadimlər tərəfindən xalqımıza və şəhid ailələrinə başsağlığı verilir.
Moderator.az da şəhidlərimizin xatirəsini və
xalqımızın şanlı mübarizə tarixini əziz tutaraq bu mərasimlərə öz töhfəsini
verməyə çalışır, bu tədbirləri işıqlandırır, başsağlıqlarını oxucular vasitəsilə
millətimizə, cəmi məmləkətimizə çatdırmaq istəyir.
Ötən gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov
Moderator.az saytı ilə əlaqə saxlayaraq xalqımıza və şəhid ailələrinə
başsağlığı verdi və onların kədərinə şərik olduğunu ifadə etdi.
Bu günsə əməkdar elm xadimi, tibb elmləri
doktoru, AMEA-nın müxbir üzvü,parlamentin keçmiş sədri, prezident səlahiyyətlərinin
keçmiş icraçısı Yaqub Məmmədov Moderator.az saytı vasitəsilə xalqımıza və şəhid
ailələrinə qanlı 20 yanvar münasibətilə başsağlığı verdi və şəhidlərimizin
ruhuna dualarını dilə gətirdi: “Mən həmin gündən etibarən 20 yanvarı təkcə faciəmizin
deyil, həm də gələcək nəsillərə örnək ola biləcək şanlı tariximizin qanımızla yazıldığı
gün kimi ifadə olunmasının tərəfdarı olmuşam. 20 yanvar Azərbaycanı dünyada
tanıtdı və beynəlxalq aləm gördü ki, azərbaycanılar rus tankının qarşısına əliyalın
çıxaraq öz mübarizliklərini qorxmadan büruzə verirlər. Bu baxımdan hesab edirəm
ki, 20 yanvar beynəlxalq miqyasda millətimizin hörmətini xeyli artırdı və bu
müstəqilliyi canı və qanı ilə qazanmağa hazır olduğunu ortaya qoydu.Ona görə də
bu günü hüznlə qeyd etsək də canlarını bu millət yolunda fəda etmiş şəhidlərimizə
minnətdarlıq hisləri ilə yad eməliyik.”
























































































