Fevralın 9-da Ermənistan parlamentində sədr Alen Simonyan və müavini Akop Arşakyan parlament müzakirələrində erməni cəmiyyətinin yüz illərlə formalaşmış təfəkkürünə zidd olan çıxışları ilə yadda qaldılar. Erməni mediasının verdiyi məlumata görə bu gün parlamentin xarici əlaqələr üzrə daimi parlament komissiyasının sədrinin seçilməsi ətrafında aparılan müzakirələr zamanı Alen Simonyan İran və Rusiyanın Ermənistana olan “dost” münasibətinin arxasında erməni maraqlarının dayanmadığını vurğulayıb. Alen Simonyan çıxışında deyib:“İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir”.
Parlament sədrinin sözlərinə görə, İran böyük sevgiyə görə, Ermənistanın tərəfində deyil. “O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək?.. Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim ölkənin də öz maraqları var”, - Simonyan bildirib.
Alen Simonyan bu konteksdə Qarabağ məsələsinə də toxunub. Parlamentin sədri əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur. “Bizim Qarabağdan başqa nə problemimiz var? 30 ildir ki, bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başlayıb”, - deyə MŞ sədri vurğulayıb.
Ona “Türkiyəyə niyə başsağlığı verdiniz”sualını verən müxalif deputata da sərt şəkildə- “doğru etmişəm” cavabını verməsi də diqqətçəkicidir.
Parlamentin müavini Akop Arşakyan isə qonşularla normal münasibətlər qurulmasının vacibliyini bildirib və hər kəsin qəlbində gizlənən nifrətdən əl çəkməyə çağırıb. Erməni mediası: “ vitse-spiker əmindir ki, kiməsə, eləcə də konkret ölkəyə və xalqa nifrət, müalicəsi lazım olan xəstəlikdir. “Bəzi siyasi qüvvələr və fiqurlar sizi nifrətə sövq edir. Niyə belə edirlər? Bilməlisiniz ki, nifrət idarə etmək və kölə etmək üçün ən yaxşı yoldur. Əgər nəyəsə və ya kiməsə nifrət edirsinizsə, deməli manipulyasiya olunursunuz. Sizi nifrətə sövq edən sizi kölə etmək istəyir. Onlar sizin gözlərinizi yumub nifrətinizdən başqa məqsədlər üçün istifadə etmək istəyirlər”, - deyə Arşakyan qonşularla münasibətlərin tez bir zamanda yaxşılaşdırılmasının vacibliyinə işarə edib”
Onun fikrincə, Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən başqa oyunçular sui-istifadə edirlər. “Mən istəyirəm ki, cəmiyyətimiz bilsin ki, müəyyən ölkələrə münasibətindən, bu və ya digər tarixi dövrdə baş verənlərdən asılı olmayaraq, biz hamı ilə danışacağıq. Biz dialoqa girməliyik, çünki bu, bizim maraqlarımızdan irəli gəlir. Biz kiminsə alətinə, sövdələşmə obyektinə çevrilməməliyik”.
Həm parlament sədrinin, həm də müavinin dedikləri sanki bu gün bir forumda özünü ermənidən artıq erməni kimi göstərmək istəyən İranın Ermənistandakı səfiri Abbas Badahşan Zühuriyə cavabdır. Regiona başqa qüvvələrin gəlməsinə qəti etiraz edən İranın səfiri bu günkü çıxışında Fransa Müdafiə nazirliyinə tabe olan jandarmanın gəlişinə normal baxdığını bildirib. Azərbaycanı dolayısı ilə hədələməkdən də qalmayıb. “İsraili bölgəyə çağıran balaca ölkələr İranın şilləsi ilə cəzalanacaq”- deyən səfirin kimi hədəf göstərdiyi məlumdur. Əslində, Abbas Badaxşanın və onun molla rejiminin şilləsi hər iki üzünə - daxildən də, xaricdən də vurulub, qalıb yerə yıxılmağı. Ona da az qalıb.
Moderator.az-ın Analitik Qrupu







































































































